Rza Məmmədov Sumqayıt Dövlət Universitetinin rektorunun müşaviri və iqtisadiyyat kafedrasının dosenti təyin olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Sumqayıt Dövlət Universiteti məlumat paylaşıb.
 
Bildirilib ki, R.Məmmədov 2007-2010-cu illərdə Türkiyə Respublikasının Anadolu Universitetinin “İqtisadiyyat” ixtisasında bakalavr təhsilini bitirib. 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” magistratura proqramına qəbul olub, 2014-cü ildə dissertasiya müdafiə edərək təhsilini tamamlamışdır. 2014-2018-ci illərdə Eskişehir Osmangazi Universitetində fəlsəfə doktoru dərəcəsi alıb. 
 
2011-2013-cü illərdə Dövlət İmtahan Mərkəzinin mühasibi, 2014-2018-ci illərdə Eskişehir Azərbaycanlılar Dərnəyinin “Nəzarət-təftiş komissiyasının sədri” vəzifələrində çalışıb. 2020-2023-cü illərdə Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiyalar Bölməsinin müdiri və “Bələdiyyə və turizm” kafedrasının dosenti olmuşdur. 2023-cü ilin iyul ayından “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru təyin olunub.
 
2020-ci ildə Diaspora Komitəsi tərəfindən “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması” sahəsində təltif edilib. 2022-ci ildə National H-index Ranking beynəlxalq təşkilatı tərəfindən Azərbaycanın ilk 1000 alim siyahısına daxil edilib.