19 sentyabrda ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunacaq startaplar üzrə dünya çempionatının (Startup World Cup) regional mərhələsi keçirilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, açılış tədbirində dövlət rəsmiləri, müxtəlif şirkətlərin direktorları, 100-dək investor və 50-dən çox startap komandasının iştirakı ilə keçirilir.
 
Bu il Azərbaycan ilk dəfə olaraq startaplar üzrə ən nüfuzlu dünya çempionatı hesab edilən “Startup World Cup”ın regional tədbirinə ev sahibliyi edir.
 
Qeyd edək ki, “Startup World Cup” ən yaxşı startapları, vençur kapitalistləri, sahibkarları və texnologiya sahəsində dünya üzrə tanınmış ekspertləri bir araya gətirən qlobal konfrans və yarışmadır. Bu müsabiqə 60-dan çox ölkədə keçirilir.
 
Yarışma çərçivəsində yerli startaplar sahibkarlıq ideyalarını beynəlxalq müstəvidə nümayiş etdirmək imkanı da əldə edəcəklər. Belə ki, layihələrin dəyərləndirilməsi müxtəlif sektorları təmsil edən səkkiz nəfərlik jüri heyəti tərəfindən aparılacaq.

Yekunda qalib gəlmiş bir startap müsabiqənin final mərhələsində ölkəmizi ABŞ-də təmsil edəcək.