Bakıda və ölkənin müxtəlif regionlarında "STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası" üzrə təlimlər davam edir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, təlimlərdə iştirak edən müəllimlərə STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) sahələrinə aid dərs metodları öyrədilir, onlara yenilikçi yanaşmalar, texnologiyaların tədris prosesinə inteqrasiyası və tədris keyfiyyətini artırmaq üçün müvafiq resurslardan necə istifadə etmək barədə məlumat verilir. Təlimlərdə həmçinin müəllimlərə proqramlaşdırma, robototexnika, 3D çap, virtual reallıq (VR) kimi sahələrin tədrisə tətbiq olunması metodikası da izah olunur.
 

Təlimlər çərçivəsində müəllimlərə dərslərin interaktiv və praktik şəkildə keçilməsi, şagirdlərin dərslərdə daha aktiv iştirak etməsi üçün yeni tədris modelləri təqdim edilir. Bu, həm də tədris prosesində şagirdlərin tənqidi düşüncə, problem həll etmə və yaradıcılıq bacarıqlarını inkişaf etdirməyə yönəlib. Təlimlərdə müasir texnologiyalardan istifadə etməklə təhsilin daha cəlbedici və effektiv olması hədəflənir.
 

Qeyd edək ki, 2019-2020-ci tədris ilindən fəaliyyət göstərən "STEAM Azerbaijan" layihəsi hazırda əhatə dairəsini genişləndirməyə davam edir. STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEAM layihəsinin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.