Bir neçə gün əvvəl, 20 Sentyabr - Dövlət Suverenliyi Gününü qeyd etdik. Bu tarixə bizi qovuşduran, torpaqlarımızın bütövlüyünə başlanğıc verən gün 27 sentyabr tarixidir. Artıq 4 ildir ki, bu tarix ölkəmizdə Anım günü kimi qeyd olunur. 
 
Bizi qələbəyə aparanlar.... 
 
Müzəffər Ali Baş Komandan, qətiyyətli Ordumuz qələbəmizi təmin etdi. Bu tarixi yazanlardan, bizə yaşadanlardan nə qədər yazsaq, danışsaq bitməz. Tarixə iz salan, möhtəşəm qələbəmizdə payı olanlar içərisində ümumtəhsil müəssisələrinin müəllimləri də var idi.
 
Bu dəfə “Azərbaycan müəllimi” həmin müəllimlərdən ikisini şagirdlərinin, tələbələrinin dili ilə təqdim edir. Axı onlar gələcəyin əsgərini, hüquqşünasını, müəllimini, maliyyəçisini, memarını, eləcə də digər peşə sahiblərini yetişdirir, Vətənə, cəmiyyətə təqdim edir. 
 
Əsərinin üzərində imzası olmayan müəllim
 
İlk olaraq Cəbrayıldan olan Aytac öz fikirlərini bizimlə bölüşür. Əvvəlcə qeyd edim ki, XI sinif şagirdindən bu cür fikirlər eşitdikcə həqiqətən də gələcəyimizin vətənpərvər ruhda tərbiyə edilən gənclərə əmanət olduğuna bir daha əmin oluram. 
 
Aytac Baxşalıyeva Cəbrayıl rayon Tatar kənd tam orta məktəbində təhsil alır. Bu il keçirilən Respublika Fənn Olimpiadasında üçüncü, ilk dəfə keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadasında isə “Birincilər birincisi” nominasiyası ilə fərqlənərək birinci yerin qalib olub. “İlk dəfədən hər şey uğurlu alınmır. Məncə uğur əldə etmək üçün çox çalışmaq, əzm göstərmək lazımdır. Düşünürəm ki, çalışmaq qədər müəllim dəstəyi və yönləndirməsi də vacibdir. Əvvələ qayıtsaq deyərdim ki, nəticələrim qısa zamanın göstəricisi deyil.
 
Tarix fənninə olan marağım Vüsal Ramizovla bağlıdır. Yadımdadır, sinfimizə gələndə ilk sualı “Azərbaycanın milli qəhrəmanlarından kimləri tanıyırsınız?” olmuşdu. Elə əzəl günlərdən bizə Vətən sevgisini aşılayan müəllimi “Tarix yazan tarix müəllimimiz” adlandırırıq. Ona olan sevgimiz o qədər böyükdür ki, Vətən müharibəsi zamanı motivasiya məktubları yazır, tezliklə dərslərə qayıtmasını səbirsizliklə gözlədiyimizi bildirirdik. Artıq tarix dərsləri daha da maraqlı gəlməyə başlamışdı. Qarabağ zəfəri dərslərimizin ən vacib mövzusuna çevrilmişdi.
 
Müəllim deyirdi: “Əvvəllər uşaqlardan qan yaddaşımızı soruşanda məni bir kədər bürüyürdü, amma bu gün Qarabağın, rayonlarımızın azad olunma tarixlərini soruşanda bu fənni tədris etmək məni olduqca qürurlandırır”.
Özümə örnək götürdüyüm insanlar içərisində Vüsal müəllimin öz yeri var. Çünki əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir. Məni hər zaman dəstəkləyən və uğurlarımın memarı olan insana bir daha ürəkdən təşəkkür edirəm, yaxşı ki, sizi tanımışam. Birlikdə daha böyük uğurlara imza atacağımıza əminəm!
 
“Gün gələcək qarşınızda borcunu yerinə yetirmiş olaraq dayanacağam”
 
Vüsal müəllimlə bağlı ürək dolusu danışacaq növbəti şagirdi də var. Onun da düşüncələrini maraqla dinləyirik. 
 
 
Cavid tarix fənni üzrə Respublika Fənn Olimpiadasının gümüş medalçısıdır.  “Uğurumun səbəbkarı Vüsal müəllimdir. Niyə o? Çünki ilk gündən Vətən, ona sevgini öyrədir. Müəllimin müharibədən əvvəl dediyi, bu gün isə gerçək olan cümləsi xatirimdədir. Əziz şagirdlər, bu gün mən sizin qarşınızda tarix müəllimi kimi dayanmışam, ancaq gün gələcək biz torpaqlarımıza qayıdacağıq. Bax o gün sizin qarşınızda borcunu yerinə yetirmiş olaraq dayanacağam”.
 
Arzusu yerinə yetmişdi, dediyi zaman gəlmişdi. Könüllü müharibəyə yollandı. Bir müddət ondan xəbər ala bilmədik. Günlər keçirdi. Cəbhəyə həvəslə gedənlərə baxır, xoş xəbər alacağımız günü gözləyirdik. Bu müddətdə müəllimimizə məktublar yazmağı unutmurduq.
 
Bilirsiniz, bəzən soruşurlar: “Tarix müəllimin kimdir?” o suala cavabım özünü gözlətmir. “Mənim müəllimim yeni tarix yazanlardan Vüsal Ramizovdur”. 
Azad ölkənin azad vətəndaşları böyük fikirləri ilə bizi bir daha da qürurlandırırlar. Nə gözəldir Vətən sevgisi ilə böyüyən, Azərbaycan adını hər zaman birincilər sırasında edən gəncliyə sahib olmaq.
 
“Vətən adlı sevgi, qələbə adlı inam bizi Zəfərə ruhlandırdı”
 
Müəllimi Şahin Rəhimovdan, onun qəhrəmanlığından danışacaq növbəti müsahibim beyləqanlı Türkanədir. Türkanə Ağcabədi Pedaqoji Kollecinin 3-cü kurs tələbəsidir. “44 gün davam edən və böyük qələbəmizlə başa çatan Vətən müharibəsindən 4 il keçir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə böyük şücaət və yüksək döyüş hazırlığı göstərən Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirən qəhrəmanlar arasında kollecimizin müəllim və tələbələri də var. 
 
Onlardan biri də Şahin müəllimdir. O, çıxışlarında, tədbirlərdə Vətən müharibəsindən, Zəfərimizdən qürurla danışır. Vətəni canından əziz tutanların heç zaman unudulmayacağını, qəlblərdə yaşayacığını bildirir. 
 
Fərdi olaraq bizimlə söhbətlər aparan Şahin müəllim hər birimizin cəmiyyətə layiqli övlad kimi tərbiyə olunmasında diqqətini, qayğısını əsirgəmir. Ondan “Vətən adlı sevgi, qələbə adlı inam bizi Zəfərə ruhlandırdı” sözlərini eşitmək, onunla eyni auditoriyanı bölüşmək, belə bir müəllimin tələbəsi olmaq fərqli bir duyğudur”.
 
Biz isə səmimi söhbət üçün müsahiblərimizə təşəkkürümüzü bildirib, onlardan ayrılırıq.
 
Rəmziyyə HƏSƏNOVA, 
Qarabağ və Şərqi Zəngəzur üzrə regional təmsilçi