Üçrəngli bayrağı öz qanlarıyla, Vətən torpağına çəkdi şəhidlər…
 
44 günlük Zəfərimizin başladığı gün, bu gündür.
 
Arzularının, məqsədlərininin üzərindən xətt çəkib, təkcə Vətəni işğaldan azad etməyi hədəflədi şəhidlər.
 
II Qarabağ müharibəsində könüllü iştirak edərək, şəhid olan igidlərdən biri də Elgün Quliyev idi. O, müəllim ailəsində dünyaya göz açmışdı.
 
Elgün müəllim, müharibə başlayanda könüllü şəkildə cəbhəyə yollandı. Müəllim deyirəm ona görə ki, o, hələ müharibədən əvvəl müəllimlərin işə qəbulu imtahanına qatılaraq, yüksək balla Lerik rayon Sors kəndinə Tarix müəllimi kimi təyinat almışdı.
 
Tarix müəllimi işləyə bilməsə də, o, tarix yazdı!
 
"Azərbaycan müəllimi" AzEdu.az Təhsil Portalına istinadən Elgün müəllimin əziz xatirəsini yad etmək üçün ondan bizə yadigar qalan bacısı Aysel Quliyeva ilə söhbətini təqdim edir.
 
- Aysel xanım, başınız sağ olsun, Allah sizə səbr versin. Biz, şəhid bacısı kimi sizi daha yaxından tanımaq istəyirik.
 
- Mən, Quliyeva Aysel Vasif qızı 2012-ci ildə Sumqayıq Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyat) ixtisasını bitirmişəm. Elə həmin il müəllimlərin işə qəbulu imtahanından keçərək, Şamaxı rayon Hacıqədirli kənd tam orta məktəbində daimi əsaslarla işə qəbul olunmuşam. Bir il orada işlədikdən sonra 2013-cü ildə yaşadığım əraziyə daha yaxın olan vakant üzrə yenidən imtahanda iştirak edərək, uğur qazandım. 2017-ci ildə rayondaxili yerdəyişmə əsasında Şamaxı rayon Göylər kənd 2 nömrəli tam orta məktəbinə gəlmişəm. 2023-cü ildə isə Sertifikasiyada iştirak edərək 52 bal topladım.
 
Elə həmin il təkrar ali təhsil üçün Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinə müraciət edərək, qəbul olundum.
 
- 10 ildən sonra yenidən ali təhsil almaq qərarına necə gəldiniz?
 
- Müəyyən bir yaş keçəndən sonra psixoloq olmağı istəməyə başladım. Düşünürdüm ki, psixoloq olsam məktəbdə uşaqlarla daha yaxşı işləyə bilərəm.
 
2020-ci ildə müharibədə qardaşım şəhid olduqdan sonra çox psixoloqlara üz tutdum. Amma heç kimdən o dəstəyi tam ala bilmədim. Düşündüm ki, özüm bu sahədə təhsil alsam, bu vəziyyətdən çıxmaq daha rahat olar.
 
Həm də özüm kimi digərlərinin də müharibədən sonra psixoloji dəstəyə ehtiyaclarının olduğunu gördüm. Düşündüm ki, normal təhsil alsam, həm özümə, həm də ətrafdakılara kömək edə bilərəm.
 
- Hazırda təhsil alırsınız. Bəs öyrəndiklərinizi şagirdlər üzərində tətbiq edə bilirsiniz?
 
- Bəzi müəllimlər uşaqları cəzalandırmaq üçün müəyyən vasitələrdən istifadə edirlər, ancaq mən heç vaxt uşaqlara qarşı cəza tədbirləri tətbiq etməmişəm. Çünki onlar insandırlar, müəyyən yaşda səhv edə bilərlər. Onsuz da böyüyəndə səhvlərindən dərs çıxaracaqlar.
 
Sinif rəhbəri olduğum üçün valideynlər uşaqlarıyla çətinlik yaşayanda mənə bildirirlər ki, uşaqlarla danış, onlara düzü-səhvi izah et.
 
Başqa siniflərdən şagirdlər olub ki, çətinlik çəkəndə: “bunu Aysel müəllim ilə danışıb, həll yolu tapaq” deyib, mənim yanıma gəliblər.
 
Ümid edirəm ki, universiteti bitirdikdən sonra təhsilimlə, həyat təcrübəmi birləşdirib, insanlara daha çox fayda verə biləcəm.
 
- Aysel xanım, bildiyimiz qədəri ilə ananız da müəllimdir…
 
- Bəli, anam 40 ildir ki, ibtidai sinif müəllimidir. Eləcə də bacılarımdan biri ibtidai sinif müəllimi, digəri kitabxanaçı, şəhid qardaşım Elgün isə Tarix müəllimi idi. O, 2020-ci ildə Lerik rayon Sors kəndinə işə qəbul olunsa da, könüllü olaraq döyüşə yollandı və Şuşada şəhidlik zirvəsinə ucaldı.
 
- Elgün müəllimin könülü şəkildə cəbhəyə yollanmasından necə xəbər tutdunuz? Özü bu barədə sizinlə danışmışdı?
 
- Qardaşım MİQ imtahanında 60 baldan 52 bal toplayaraq işə qəbul olunmuşdu. Elgün özü seçimlərə Gədəbəy məktəbini qeyd etmişdi. Amma mən Ermənistana yaxın ərazi olduğundan orada işləməsini istəmirdim. Hətta özünə də demişdim ki, “bəs deyirlər müharibə olacaq. Sən seçimdə Gədəbəyi sil, başqa yeri yazaq”. Onda mənə dedi ki, “olsun da, Tarix müəllimi ola bilməsəm də, tarix yazaram”. Düzü, onda mən də çox fikir vermədim bu sözə.
 
 
Sonra seçimləri birgə etdik və Lerik rayonuna qəbul olundu.
 
Amma müharibəyə gedəcəyini bilirdim. Çünki o, Aprel və Tovuz döyüşlərinə də yazılmışdı. Əsgərlikdə də Füzuli rayonunda ön cəbhədə xidmətdə olmuşdu.
 
Sentyabrın 27-si kəndimizə şəhidlər gəlirdi...
 
27-si onunla danışdım. O, Bakıda özəl şirkətlərdən birində işləyirdi. Dedim ki, tez gəl, sonra Lerikə gedəcəksən. Həmin gün evə gəldi.
 
Sən demə, 27-si o, gedib, könüllü müharibəyə yazılıbmış… 28-i bizə zəng etdilər ki, o, 29-u artıq getməlidir.
 
Anam müharibə başlayan gündən çox dua edirdi ki, Qarabağ işğaldan azad olunsun.
 
 
 
Elgün mənə dedi ki, səhər gedəcəm, amma anam bilməsin. Biz yalnız o şəhid olandan sonra xəbər tutduq ki, könüllü şəkildə gedibmiş…
 
Özüm hazırlaşdım ki, müharibədə yaralılara qulluq etmək üçün döyüş bölgəsinə gedim, amma Elgünün getməyini istəmirdim. Çünki o, 3 bacının tək qardaşı idi… Eləcə atam da, tək oğul idi.
 
Hər dəfə sinifdə dərs deyəndə şəhid karvanlarının keçdiyini görürdük. Şagirdlərimlə birgə karvanı göz yaşları ilə yola salırdıq.
 
Gəncə, Bərdə terrorları zamanı demək olar ki, ağlamaqdan dərs keçə bilmirdik… Oradakı uşaqların talelərini düşünürdük…
 
Həmin vaxt Elgün bizə zəng vurdu ki, ehtiyatlı olun, bu kimi terrorlardan özünüzü qoruyun. O, müharibənin içində ola-ola bizi düşünürdü.
 
- Çox təsirlidir… Elgün müəllim məktəbi, şagirdlərini görmüşdü?
 
- O, işə qəbul olundu. Sənədlərini valideynlərim məktəbə təqdim etdi. Onun üçün jurnalda səhifələr də ayrıldı. Hətta sonradan iş yoldaşlarından biri onun səhifəsini də göndərmişdi…
 
Elgün gedib, jurnalda öz səhifəsini doldura bilmədi… İlk maaşını ala bilmədi…
 
Universiteti çoxdan bitirmişdi, müəllimliyə o qədər də marağı yox idi.  Amma son vaxtlar deyirdi ki, “Elə istəyirəm ki, müəllim olum, dərs keçim”. Bəlkə də Elgün ilk dərsini düşmənə keçdi…Tale onu Şuşa sıldırımlarından da uca mərtəbəyə, Şəhidlik Zirvəsinə apardı…
 
 
- Dediniz ki, bir dəfə də olsun müəllim kimi dərs keçə bilmədi… İlk və son maaşı nədə istifadə olundu?
 
- Elgün şəhid olandan sonra bildik ki, Bakıda ehtiyacı olan bir neçə insana kömək edirmiş. Onun maaşını da xeyriyyə məqsədi ilə imkansız və xəstə birinə verdik…
 
 
- Onunla ən son nə zaman əlaqə saxladınız?
 
- Ən son 5 noyabrda danışdıq. Birinci atamla danışdılar. Atam soruşdu ki, hansı ərazidəsiniz? Elgün dedi ki, bunu açıqlaya bilməz.
 
Qəribə idi ki, atam da, anam da o vaxt Elgünə geri çəkil, getmə demədilər. Bəlkə də bu onların vətənpərvərliyi idi. Amma mən onunla danışanda dedim ki, çox da irəli getməməsini söylədim. O, dedi ki, “Yox, niyə getməyim? İrəli aparanda soruşurlar, qorxuram deyəni aparmırlar”.
 
"Elgün de ki, qorxuram",- dedim.
 
Amma o, mənə “Yox, qorxmuram”,- dedi və səs kəsildi…
 
Ondan sonrakı günlər əməliyyatın ən qızğın vaxtları olub. 9 noyabr müharibənin bitməsinə bir neçə saat qalmış Elgün şəhidlik zirvəsinə ucaldı…
 
Elgün Quranı əzbər bilirdi. Müəyyən müddət kənd məktəbində, daha sonra İsmayıllıda, sonra isə Şəkidə oxumuşdu. O, Şəki İslam Kollecində Quran hafizi idi…
 
Onun çox sevdiyi bir şeir var idi. “Özümə bir Vətən düzəldim gərək”. Bu şeiri bacımın uşaqlarına da əzbərlətmişdi. Hər dəfə uşaqlardan o şeiri soruşurdu.
 
- Aysel xanım, Elgün müəllimin sevdiyi var idi?
 
- Var idi. Amma bizim ailədə böyüklər və kiçiklər bir qədər məsafəlidirlər. Hər şeyi bir-birimizlə bölüşmürdük.  Tanımasam da, bilirdim ki, Elgünün sevdiyi bir xanım var.
 
- Sonradan o xanımdan xəbəriniz oldu?
 
- Bəli, Elgünün qəbrini ziyarətə gəlmişdi. Bir müddət sonra həmin xanım da ailə qurdu.
 
- Elgün müəllimin gələcəklə bağlı hədəfləri nələr idi?
 
- O, deyirdi ki, gələcəkdə yaxşı, vicdanlı adam olmaq lazımdır. Ümumiyyətlə anam bizə uşaqlıdan öyrədib ki, hər şeyi vicdanla edin.
 
Müəllim olmağı çox istəyirdi… Deyirdi ki, “Elə çox istəyirəm ki, uşaqlara dərs keçim”. Həm tarixi, həm də marağı olanlara Quranı öyrətmək istəyirdi.
 
Tarixi çox sevirdi… Qeydləri var idi Elgünün… Xocalıdakı günahsızların qisasını almağı hədəfləmişdi.
 
Deyirdi elə yerdə müəllim olmaq istəyirəm ki, sakitlik, şəhərdən kənar olsun.
 
Anamgil onun sənədlərini təqdim edəndə, o, soruşurdu ki, “Ana, Lerik necə yerdir?” Anam demişdi ki, “Ay, Elgün, elə bil cənnətdir. Tam sən istədiyin yerdir”.
 
- Maraqlıdır… O, müəllim olmağı çox istəyirdi, amma geridönüşü olmama ehtimalını  nəzərə almadan Vətən uğrunda canından keçdi. Bu qərarı bir andamı verdi?
 
- Ona deyirdim ki, jurnal yazmağı mən öyrədəcəm sənə, amma müharibə zamanı o, özünü məktəbdən uzaqlaşdırıb, Vətənə həsr etmişdi. Bilirdi ki, bu son gedişi ola bilər…
 
Elgünün qeydləri var idi. Gəncədə baş verənləri, uşaqların cansız bədənlərini görüb, deyirdi ki, “Ağladım, pis oldum, amma düşmənə qisas hissim bir qədər də artdı”.
 
Qeydlərinin sonunda bir cümlə yazıb:“Tarix müəllimi ola bilməsəm də, yəni işləyə bilməsəm də, bəlkə də tarix yazdım”. Bununla da qeydləri bitir. Bu dəftəri arxa cəbhədə qoyub, özü ön cəbhəyə getmişdi…
 
 
- Sizin kimi şəhid bacısı, şəhid ailə üzvlərinə nə tövsiyələriniz var?
 
- Mənə Elgünün acısı güc gələndə, başımı qaldırıram ki, Elgün can kimi şirin bir neməti Vətənə fəda edəcək qədər cəsarətlidirsə, mən də onun bacısı kimi ona layiq olmalıyam. Nə qədər çətinliklər olursa-olsun bunu düşünərək ayaqda qalmalıyıq.
 
 
Elgün canını veribsə, mən gücsüzəm demək kimi bir bəhanəm ola bilməz. Başımı dik tutub, onun adını yaşatmalıyam. Ən böyük xoşbəxtliyim odur ki, Elgünlə eyni qanı daşıyıram.
 
Elgünün sözləri mənə həmişə güc verir. O, deyirdi ki, “Aysel, haqlısansa, heç vaxt öz haqqını tələb etməkdən çəkinmə”.
 
Bütün şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun, ailələrinə səbr və dözüm versin.
 
Hər kəs onsuz da bir gün bu dünyadan köçəcək, həyat əbədi deyil. Amma tarixdə qalmaq hər adama nəsib olmur. Nə xoş ki, biz tarixdə adı qalan şəhidlərin yaxınları, qohumlarıyıq.