Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində ilk tədris ili başlayıb.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov ali təhsil müəssisəsinin ilk tələbələrini salamlayaraq yeni tədris ilini açıq elan edib. 
 
Ş.Bayramov tələbələrə yeni dərs ilində uğurlar arzulayaraq bildirib ki, burada təhsil alan gənclər Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanıblar. O qeyd edib ki, tələbələr universitetin və bütövlükdə regionun inkişafında fəal rol oynayacaqlar.
 
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələrinə əsasən 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib. Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla "Hüquqşünaslıq" ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin "Elektrik və elektronika mühəndisliyi" ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 təşkil edib. 
 
Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində "Hüquqşünaslıq", "Xarici dil müəllimliyi" (ingilis dili), "Maliyyə" və "Mühasibat" ixtisasları üzrə SABAH qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin SABAH qruplarında ikinci tədris ilində təhsil alacaq.
 
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.
 
Günel ABBAS