Füzuli şəhərində böyük özbək alimi və görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

 

Azərbaycan Milli Elmlər Akademiyasından “Azərbaycan müəllimi”nə bildirilib ki, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, AMEA-nın  Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktoru Həcər Mahmudova və müəllim kollektivi iştirak ediblər.

 

Tədbirdə çıxış edən AMEA-nın prezidenti İ.Həbibbəyli tarixi soykökə, dilə, mədəniyyətə malik Azərbaycan-Özbəkistan əlaqələrinin son illərdə dövlət başçılarının sıx dostluq və qardaşlıq münasibətləri sayəsində özünün ən yüksək dövrünü yaşadığını bildirib. Diqqətə çatdırıb ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində sürətlə inkişaf etməkdədir.

 

AMEA rəhbəri ötən il Füzuli şəhərində Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılmasının Azərbaycan-Özbəkistan dostluğunun, qardaşlığının və əlaqələrinin növbəti mühüm təzahürü olduğunu söyləyib.

 

Akademik İ.Həbibbəyli “Böyük Qayıdış” hərəkatı çərçivəsində təşkil olunan ilk böyük beynəlxalq elmi konfransın keçirilməsini tarixi hadisə kimi dəyərləndirib: “Hesab edirəm ki, görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş konfrans Qarabağımızın həm quruculuq, həm də elmi, mədəni baxımından inkişafı istiqamətində ölkəmizdə aparılan siyasətin həyata keçirilməsi üçün mühüm addım, tarixi hadisədır”.

 

İ.Həbibbəyli deyib ki, görkəmli özbək mütəfəkkiri və hökmdarı Mirzə Uluqbəy dövrünün görkəmli riyaziyyatçı, astronomu olmaqla elmin, təhsilin inkişafına mühüm töhfələr verib, mədrəsələr, kitabxanalar açmaqla xalqının maariflənməsində önəmli rol oynayıb, tərtib etdiyi ulduz kataloqu ilə adını həm də tarixə böyük alim kimi yazdırıb.

 

Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov iki ölkə arasında sıx münasibətdən və əlaqələrin inkişafından danışıb. O, Mirzə Uluqbəyin 630 illik yubileyinin gözəl və füsunkar şəhərə çevrilən Füzulidə böyük alim və astronomun adını daşıyan müasir məktəbdə keçirilməsinə görə Azərbaycan Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasına və məktəb rəhbərliyinə təşəkkürünü bildirib.

 

Konfransda, həmçinin digər çıxış edənlər dünya elmi və ümumbəşəri sivilizasiyanın inkişafına böyük töhfələr vermiş Mirzə Uluqbəyin həyat və fəaliyyətindən danışıb, iki ölkə arasında sıx qardaşlıq münasibətlərinin bir sıra tarixi bağlara, dövlətlərimizin siyasi iradəsinə dayandığını söyləyiblər.

 

Sonda qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.