Dəniz Məmmədzadə 2007-ci il iyunun 11-də Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. İbtidai sinifdən bütün fənlərə maraq göstərdiyini qeyd edən Dəniz sonradan təbiət elmlərini digər elm sahələri ilə müqayisədə daha çox sevdiyini, ən çox zövq aldığı fənnin isə riyaziyyat olduğunu deyir. Musiqi, intellektual oyunlar, elmi tədqiqat işləri və şahmat ilə maraqlanır. O, aşağı siniflərdən xarici universitetlərin birində oxumağı arzu edib. 9-cu sinifdə “Biotibbi mühəndislik” ixtisasına yiyələnməyi qərarlaşdırdıqdan sonra bu ixtisas üzrə xarici təhsil müəssisələrindəki imkanları araşdırıb.

 

D.Məmmədzadə deyir: “UC San Diego, Vaşinqton Universiteti (University of Washington), Corciya Texnologiya İnstitutu (Georgia Institute of Technology) və s. olmaqla dünyanın 17 müxtəlif nüfuzlu ali təhsil ocaqları müraciətimi müsbət cavablandırıb və hər birindən qəbul almışam. Kolumbiya Universitetini seçməyimin səbəbi isə orada əsrlərdir davam edən keyfiyyətli təhsil ənənəsi və innovasiyaya verilən önəmdir. Həmçinin, elmi tədqiqatlarda iştirakı təmin edən “Egleston Scholars” proqramına seçilmişəm. Bu da Kolumbiya Universitetini seçməyimdə rol oynayan əsas faktorlardandır. 10-cu sinifdə SAT və IELTS imtahanlarına hazırlaşdıqdan sonra 11-ci sinifdə sənədlərin yığılması və motivasiya məktublarının yazılması prosesi başladı. Universitetlərdən qəbul aldığımı biləndə keçirdiyim hissləri sözlərlə təsvir etməkdə çətinlik çəkirəm. Sevinc hissi ilə yanaşı gələcəkdə əldə edilə biləcək imkanların həyəcanını yaşamışdım”.

 

Dənizin hər iki valideyni həkimdir və valideynlərindən öyrəndiklərinin,  onların verdiyi məsləhətlərin peşə seçimində böyük rolu olduğunu söyləyir: Mən “Biotibbi mühəndislik” ixtisası üzrə təhsil almaqla yanaşı praktik təcrübədən əlavə elmi-tədqiqat sahəsində də fəal olmağı hədəfləyirəm. Azərbaycanda biotibbi sənayenin inkişafına töhfə verən şəxslərdən biri olmaq ən böyük xəyallarımdandır”.

 

“Kolumbiya Universiteti Dənizi ən nüfuzlu “Egleston Scholars” təqaüd proqramına layiq görüb”

 

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin direktoru Elmir Məmmədəliyev: “Dəniz Məmmədzadə Şəki şəhər kimya-biolgiya təmayüllü liseydə 2019-cu ildən təhsil alır və oxuduğu müddət ərzində məsuliyyəli, nizam-intizamlı, çalışqan,yaradıcı, humanist və nümunəvi bir şagird kimi lisey kollektivinin rəğbətini qazanıb. İstedadlı məktəblimiz bu illər ərzində bir çox nailyyətlər əldə edib. Belə ki, 2021-ci ildə Gənc Musiqiçilərin Beynəlxalq Müsabiqəsinin diplomantı, 2022-ci ildə Böyük Qafqaz İncəsənət və Rəqs Kubokunda 1-ci, “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə Azərbaycan çempionatında 2-ci yerin sahibi, məktəblilər arasında “Breyn Rinq” üzrə VII Azərbaycan çempionatının iştirakçısı olub, Respublika Fənn Olimpiadalarının riyaziyyat fənni üzrə 3-cü yeri tutaraq bürünc, Amerika Riyaziyyat Olimpiadasında (American Mathematics Olympiad), Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq STEM Olimpiadasında (International STEM Olympiad) riyaziyyat fənni üzrə qızıl medallara layiq görülüb. 2023-cü ildə “Sabahın alimləri” XII Respublika Müsabiqəsinin finalçısı, “Fibonaççi” intellektual oyunu üzrə IV Məktəblilərarası çempionatda 1-ci yerin sahibi olub”.

 

Elmir müəllim onu da əlavə edir ki, Dəniz liseydə şagirdlərin təlim-tərbiyə işlərində pedaqoji kollektivin yardımıçısı olaraq çıxış, olimpiadalar qalibi kimi riyaziyyat fənnindən finala yüksəlmiş şagirdlər üçün nümunəvi dərslər təşkil edir, habelə liseydaxili intellektual yarışların təşkilində və keçirilməsində aktiv şəkildə fəaliyyət göstərir.

 

“Bütün bu müsbət xüsusiyyətlərin nəticəsi olaraq Dəniz Məmmədzadə bu il təhsildə əldə etdiyi ugurla ölkəmizdə ilkə imza atıb. O, Amerika Birləşmiş Ştatlarının Kolumbiya,Vaşinqton, Miçiqan, Pensilvaniya, Kaliforniya universitetləri, Corciya Texnologiya İnstitutu, İngiltərənin London Kral Kolleci (Kings Kollec London) kimi dunyanın nüfuzlu təhsil ocaqlarından olan 17  “Biotibbi mühəndislik” ixtisası üzrə qəbul olaraq rekord nəticələr qazanıb. ABŞ-ın Kolumbiya Universiteti isə Dənizi özünün ən nüfuzlu “Egleston Scholars” təqaüd proqramına layiq görüb. Bu, Kolumbiya Universitetinə qəbul olunan tələbələrin yalnız 1%-nə verilən xüsusi alimlik-araşdırma təqaüdüdür”, - Elmir Məmmədəliyev bildirir.

 

Lisey rəhbəri Dəniz Məmmədzadənin Kolumbiya Universitetinin özəl təqaüdü hesabına təhsil dövrünün ilk illərindən etibarən önəmli elmi araşdırmaların tərkibində yer alacağını qeyd edir: “Dəniz kimi nümunəvi gəncin yetişməsində müstəsna rolu olan valideynlərinə, onun inkişafı üçün böyük zəhmət çəkmiş müəllimlərinə təşəkkür edir, Dənizlə bərabər bütün şagirdlərə bol-bol uğurlar diləyirik. Lisey kollektivi adından yaradılan gözəl mühitə və verdikləri dəstəyə görə Elm və Təhsil Nazirliyinə, Təhsil İnstitutuna, Məktəbəqdər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə dərin minnətdarlığımızı bildiririk”.

 

Lamiyə ƏLİMƏRDANOVA