“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil  almaq imkanı qazanan gənclərimizdən biri də Günay Qocalıdır. O, Böyük Britaniyanın “TOP-10” universitetləri siyahısında yer alan Bristol Universitetinin “Neyroelm və təhsil” ixtisasında ikinci magistratura təhsili alır. Günay Qocalı Azərbaycan Dillər Universitetinin “İngilis dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsilini 2019-cu ildə bitirib. Təhsil aldığı müddətdə bir çox beynəlxalq layihələrdə könüllü kimi fəaliyyət göstərib. Bu fəaliyyətlər onun ingilis dili bacarıqlarının inkişafında müsbət rol oynayıb. 2020-2022-ci illərdə isə ADA Universitetində təhsilin idarə olunması fakültəsində magistr təhsili alıb. Elə həmin illərdə artıq müəllim kimi də fəaliyyət göstərməyə başlayıb.

 

Günay Qocalı təhsil həyatı ilə bağlı “Azərbaycan müəllimi”nə müsahibə verib.

 

- Hazırda xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alırsan. Bu proqram barədə nə demək istərdin?

- Təbii ki, müsabiqə prosesi tam şəffaf və ədalətli keçirilir. Münsiflər heyəti namizədin xaricdə oxumaq istədiyi ixtisası nə dərəcədə sevdiyini, ölkəyə geri qayıtdıqda nə kimi yeniliklər etmək istədiyini qiymətləndirir. Və bu qiymətləndirmə obyektiv olur. Bu baxımdan şanslı olduğumu deyə bilərəm, çünki ixtisasa olan marağım müəllimlik təcrübəmdən irəli gəlirdi və geri qayıtdıqda artıq həmin ixtisasla nə etmək istədiyimi bilirdim. Özümə inamlı cavablar verdim, beləliklə, təqaüd proqramının qaliblərindən biri oldum.

 

Dövlət Proqramı gənclərin hərtərəfli inkişafına xidmət edən, ölkəmiz üçün uğurlu kadrların yetişməsi baxımından möhtəşəm dəstəkdir. İnsan kapitalına qoyulan bu investisiya müasir bacarıqlara yiyələnən biz gənclərin vasitəsilə ölkəmizin inkişafına böyük fayda gətirəcək. 

 

- Xaricdə magistratura təhsili almağınız hansı zərurətdən irəli gəldi? Bunun üçün əsas motivasiyanız nə oldu?

- Hələ 5-ci sinifdə oxuyanda məndə ingilis dilinə və İngiltərənin təhsil sisteminə maraq yaranmağa başlamışdı. İngiltərənin nüfuzlu ali təhsil müəssisələrinin birində təhsil almağın xəyalını qururdum. “Neyroelm və təhsil” ixtisasını seçməyim isə  təsadüfi deyildi, bunun arxasında özünəməxsus bir hekayəm var. Müəllim kimi fəaliyyət göstərdiyim müddətdə şagirdlərimin müxtəlif öyrənmə çətinliklərini müşahidə edirdim. Bu çətinliklərin nədən irəli gəldiyini başa düşə bilmirdim. Məhz bundan sonra özüm üçün bir müəllim olaraq kiçik araşdırmalar etməyə başladım. Əslində, bunu xüsusi qabiliyyəti olan bir şagirdimə dərs deyən zaman araşdırmağa qərar verdim. O, yaşıdları ilə müqayisədə daha intellektual idi və cəmi 10 yaşında ingilislər kimi təmiz ingilis dilində danışır, lakin hərfləri çətinliklə yaza bilirdi. Oxuyarkən nitqində müəyyən fasilələr yaranırdı. Bu barədə kiçik bir araşdırma apardım və müəyyən etdim ki, bunlar disleksiya və disqrafiyanın əlamətləridir, başqa sözlə, onun beyni fərqli işləyir. Beləliklə, bu, mənim neyroelmə olan marağımı gücləndirdi, nəticədə təhsildə nevrologiyaya və onun sinifdə tətbiq edilməsini öyrənməyimə gətirib çıxardı.

 

- Hazırda təhsil aldığınız ixtisas nə  dərəcədə cəlbedici bir sahədir? Özünüzü bu sahədə necə görürsünüz?

- “Neyroelm və təhsil” ixtisası təəssüf ki, ölkəmizdə olmasa da, Amerika, Böyük Britaniya, eləcə də digər inkişaf etmiş ölkələrin universitetlərində mövcud olan və təhsil üçün çox vacib bir ixtisasdır. Böyük zövqlə bu ixtisasda keçirilən fənləri oxuyuram və bu sahədə mütəmadi araşdırmalar edirəm. Çünki insan beyninin öyrənmə prosesi və davranışlarımızla əlaqəsinin elmi əsaslarını bilmək, sinif otaqlarında dərs keçən zaman bu bilikləri tətbiq etmək, şübhəsiz ki təlim-tədrisin keyfiyyətinin yüksəlməsinə səbəb olur.


 - Ölkəmizin Britaniyada tanıdılması üçün hansı addımları atmaq istəyirsiniz və ya atırsınız?

- Təbii ki, Böyük Britaniyada azərbaycanlı tələbə olaraq xarici tələbələr mühitində ölkəmi yaxşı təmsil edirəm. Hətta sizə deyə bilərəm,  dərs prosesində müzakirələr zamanı müəllimlərim mənim yanaşmam və təcrübəmlə xüsusilə maraqlanırlar.  Beynəlxalq təhsil mühiti fərqli ölkələrdən olan tələbələri birləşdirir. Nəticədə maraqlı və faydalı müzakirə mühiti formalaşır. Hətta ölkəmizi tanıtmaq üçün xarici qrup yoldaşlarıma milli mətbəximizə aid yeməklərdən hazırlayıram. Bundan başqa, həmin yeməklərin tarixindən, adət və ənənələrimizdən  bəhs edirəm. Görürəm ki, bu, onlar üçün olduqca maraqlıdır. Bir azərbaycanlı olaraq ölkəm haqqında doğruları çatdırmaq, Vətənimin gözəllikləri, uğurları barədə danışmaq mənim üçün böyük qürur hissidir.

 

- Britaniya ali təhsil sistemində, eləcə də təhsil aldığınız ali məktəbdə sizin üçün maraqlı olan hansı tədris ənənələrini, innovasiyaları qeyd edə bilərsiniz?

-Hazırda təhsil aldığım Bristol Universitetində ən bəyəndiyim cəhətlərdən biri tələbələrə xidmətlərin çox yüksək səviyyədə olmasıdır. Belə ki, burada təkcə öyrənmə bacarıqlarının inkişafı deyil, eləcə də psixoloji cəhətdən daim dəstək göstərən universitetdaxili xidmətlər təklif olunur. Bundan başqa, hər bir tələbə üçün öncədən təyin olunmuş tyutor ildə ən azı 3 dəfə tələbələrlə fərdi məsləhətləşmə sessiyaları keçirir. Bu sessiya zamanı onlar tələbənin universitet təcrübəsi, qiymətləri, sosial həyatının necə olması ilə maraqlanırlar.

 

- Müəllimləriniz tələbələri elmi tədqiqatlara motivasiya edirmi? Tədqiqat istiqamətiniz nədir, araşdırmanızı necə aparırsınız?

- Bristolda professorlarla tələbələr arasında həqiqətən də, dost münasibəti mövcuddur. Hətta professorlar onlara öz adları ilə müraciət etməyimizi istəyirlər. Həmçinin tədqiqatları həmişə öz maraq dairəmizə uyğun aparmağa həvəsləndirirlər və bizi bu istiqamətdə motivasiya edirlər. Tədqiqat mövzum isə “Azərbaycanda DEHB (Diqqət çatışmazlığı-hiperaktivlik pozuntusu) üzrə Müəllimlərin Biliyi”dir. Tədqiqat Azərbaycan müəllimlərinin DEHB haqqında biliklərini qiymətləndirmək və cins, yaş, pedaqoji təcrübə, region kimi demoqrafik xüsusiyyətlərin onların xəstəlik haqqında məlumatlılığına necə təsir göstərə biləcəyini araşdırmaq, DEHB haqqında biliklərin özəl və dövlət məktəbləri arasında fərqi olub-olmadığını öyrənməkdən ibarətdir. 

 

Neyroelm Azərbaycanda yeni yaranan bir sahədir. Hazırda tədqiqatım Bristol Universitetinin Etika komitəsinin razılığının alınması prosesindədir. Azərbaycanda əvvəl araşdırılmayan bir mövzudur. Bu baxımdan məndə bu sahənin araşdırılmasına daha çox marağın yaranmasına səbəb olub.

 

- Gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz? Azərbaycana qayıtdıqdan sonra ölkəyə necə fayda verməyi düşünürsünüz?

- Azərbaycana qayıtdıqdan sonra öyrəndiyim bilikləri təhsil sahəsində tətbiq etmək istəyirəm. Birinci planım Azərbaycan Neyroelm Cəmiyyətinə qoşulmaqdır. Bu cəmiyyət azərbaycanlı doktorant tələbələr tərəfindən onlayn olaraq yaradılıb. Onlar neyroelmin biologiya istiqamətində təqdiqat aparırlar. Mən isə neyroelm və təhsil arasında əlaqə ilə bağlı Azərbaycan dilində kontent yaratmaq istəyirəm, çünki bu sahədə ölkəmizdə kifayət qədər məzmun yoxdur. Gələcəkdə bu sahədə doktorantura təhsili almağı da düşünürəm, təqdiqatımı Azərbaycan məktəblərində aparmağı planlayıram. Düşünürəm ki, ölkəmizdə təhsilin sürətlə inkişafı üçün əsas amillərdən biri bu sahədə aparılan elmi tədqiqatlardır.

 

- Bristol Universitetində bir gününüzü necə təsvir edərdiniz?

- Universitetdə günə, əsasən mühazirə və seminarlarla başlayırıq. Dərs bitdikdən sonra isə qrup yoldaşlarımla  araşdırdığımız mövzular, eləcə də götürdüyümüz fənlər üzrə müzakirələr aparırıq. Buna görə də günümüzün əsas hissəsini kitabxanada keçiririk. Artıq dissertasiya yazmaq dövrünə daxil olduğum üçün elmi rəhbərimlə daha tez-tez görüşür, yaxud elektron poçt vasitəsilə suallarımı yönləndirirəm. Bundan başqa, sosial həyatı da unutmaq olmaz. Universitet daxilində bir çox sosial klublar var, mən Salsa (Latın Amerikası rəqsi) Cəmiyyətinin üzvüyəm. Həftədə bir dəfə keçirilən dərslərə qoşulur, fərqli ölkələr və mədəniyyətlərdən gələn insanlarla bir yerdə oluram.


- Xaricdə təhsil almaq istəyən və ya özünü inkişaf etdirmək istəyən həmyaşıdlarınıza nə tövsiyə edərəsiniz?

- Xaricdə təhsil almağı arzulayan gənclərimizə əsas məsləhətim odur ki, qarşılarına çıxan heç bir maneədən qorxmasınlar. Cəsarətlə və səbirlə irəliləsinlər. Hədəf üçün qarşılarına konkret məqsəd qoysunlar. Bunun üçün intizamlı şəkildə çalışsınlar. Bir müddətdən sonra özlərində baş verən inkişafın fərqinə varacaqlar.

 

Vaqif FƏTULLAYEV