Sentyabrın 12-də Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 

Konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonları üzrə təhsil sektorlarının əməkdaşları, həmçinin həmin rayonlarda çalışan məktəb direktorları və müəllimlər iştirak ediblər.

 

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Quba rayonunda yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 

 

Sonra şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli təhsil işçilərini yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, işğaldan azad olunmuş ərazilərdə təhsil müəssisələrinin tikintisindən, gənc müəllimlərin bu müəssisələrdə həvəslə çalışmaq istəyindən danışıb. Mətin Kərimli təhsil sahəsində əsas strateji hədəflər, məktəbəqədər təhsilin, peşə təmayüllü siniflərin, innovativ layihələrin əhatə dairəsinin genişləndirilməsi, təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, müasir tələblərə cavab verən təhsilverənlərin formalaşdırılması üçün sertifikatlaşdırma prosesinin əhəmiyyətindən danışıb. 

 

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov təhsil sahəsindəki uğurların daha da artacağına əminliyini ifadə edib və yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.

 

Sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev hesabatla çıxış edib. 

 

Konfransda 2022–2023-cü tədris ilində səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində göstərdikləri fəal və nümunəvi xidmətlərinə görə bir qrup təhsil işçisi təltif edilib.