Kürdəmir şəhər 9 illik orta məktəbdə "Zərdab yolu" kommersiya kursunun fəaliyyət göstərməsi valideynlərin narazılığına səbəb olub.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, məktəbdə təhsil alan şagirdlərin valideynləri “Qaynarinfo.Az”a müraciət edərək, iki təhsil sisteminin bir arada olmasından narahat olduqlarını bildiriblər. Onların sözlərinə görə, məktəb tam təmirli olsa da, istilik sistemi və sanitar qovşağı ilə təmin edilsə də, "Zərdab yolu" kursunun məktəbdə yerləşdirilməsi müəllim və şagird kontingentini narahat edir.
 
Valideynlər iddia edirlər ki, kurs kiminsə himayəsi altında məktəbdə qeyri-qanuni olaraq yerləşdirilib. Onlar bu məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovla görüşmək istəsələr də, məktəbin direktoru Nüsrət Kərimovun təzyiqi ilə üzləşdiklərini iddia ediblər.
 
"Azərbaycan müəllimi" məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovla əlaqə saxlayıb. O, məktəbdə şagird sayının azalması səbəbindən bir sıra dəyişikliklərin edildiyini bildirib. 
 
“Məktəb tam orta məktəb statusundan ümumi orta məktəbə keçirilib və bu səbəbdən məktəbin bir hissəsi boş qalıb. Bu otaqlar birgə fəaliyyət müqaviləsi əsasında istifadəyə verilib” – deyə regional idarə müdiri bildirib.
 
Elçin Kərimov qeyd edib ki, müqaviləyə əsasən, kursun fəaliyyəti tədris prosesinə mane olmamaq şərti ilə günün ikinci yarısında həyata keçirilir.
 
Aynur ARAZ,
Mərkəzi Aran regionu üzrə təmsilçi