İyunun 22-də Bakı Su İdmanı Sarayının Avropa Oyunları Parkında Bakı Slavyan Universitetinin (BSU) 2024-cü il buraxılış ili 1000-dək tələbə və magistrantları üçün məzun günü keçirilib.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə xəbər verilib. Bildirilib ki, tədbirdə bir sıra rəsmilər, universitetin professor-müəllim heyəti, tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.
 
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Məzun günü tədbirini açıq elan edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı, BSU-nun məzunu Jalə Həsənli bu xoş, əlamətdar gündə BSU ailəsi qarşısında çıxış etməyin onun üçün həyəcanlı və qürurverici olduğunu bildirib. J.Həsənli Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Sərəncamı ilə profili və statusu genişləndirilməklə Bakı Slavyan Universitetinin yaranma tarixi, keçdiyi inkişaf yolu, son illərdə qazandığı ciddi uğurlar, beynəlxalq əlaqələrinin genişləndirilməsi barədə ətraflı məlumat verərək universitetin bir sıra ölkələrlə tədris və mədəni əlaqələrinin qurulmasının ölkəmizin qazandığı böyük nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
 
Tədbir iştirakçılarını salamlayan BSU-nun rektoru Anar Nağıyev məzunları təbrik edib, onlara gələcək həyatlarında böyük nailiyyətlər arzulayıb, eyni zamanda məzunların müasir əmək bazarında layiqli yer tutacaqlarına, qazandıqları bilik və bacarıqları reallaşdırmaq üçün geniş imkanlar əldə edəcəklərinə əminliyini ifadə edib. Rektor A. Nağıyev bildirib ki, ölkəmizdə ali təhsilin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən başlanılmış inkişaf kursunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tamamilə yeni bir keyfiyyət mərhələsinə yüksəltmişdir. Bu gün Azərbaycan gənclərinin həm ölkəmizdə, həm də dünyanın ən aparıcı ali təhsil müəssisələrində təhsil almaları üçün geniş imkanlar mövcuddur. Rektor A. Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Qarabağ Universiteti qlobal nümunəli universitet kimi formalaşdırılması hədəflənir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində mühüm islahatlar həyata keçirilir, ali təhsil sisteminə əlçatanlığın təmin olunması istiqamətində ciddi addımlar atılır, təhsildə inklüzivlik əsas prioritetlər sırasında tətbiq edilir.
 
Çıxışında son 4 ilin ölkəmizin tarixində misli görünməmiş hadisələrlə yadda qalmasından danışan rektor A. Nağıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın düşmən üzərində Zəfər qazanmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini və dövlət suverenliyimizin respublikamızın bütün ərazisində bərqərar olduğunu diqqətə çatdırıb.
 
Rektor qeyd edib ki, xalqımız Vətən müharibəsi zamanı Prezidentimizin ətrafında Vətən, Qarabağ və Şərqi Zəngəzurun azadlığı uğrunda növbəti dəfə sıx birləşərək Qələbənin sevincini,bundan sonra isə lokal xarakterli antiterror tədbirlərinin qürurunu yaşadı.Bütün şəhidlərimiz kimi, BSU-nun Vətən müharibəsində şəhid olmuş məzunları Nicat Şükürlünün, Kənan Rüstəmlinin, Elnur Allahverdizadənin, antiterror əməliyyatlarının şəhidi Cavid Mirzəyevin qəhrəmanlıq tarixçələri dərin hörmət və ehtiramla yaddaşımıza yazıldı.
 
Rektor A. Nağıyev vurğulayıb ki, ölkəmizin inkişafı və Zəfər tarixi, Qarabağ və Zəngəzurun dünyanın ən inkişaf etmiş zonalarından birinə çevrilməsinə hədəflənmiş dövlət siyasəti, burada yaradılan yaşıl zonalar, Azərbaycanın qlobal səviyyədə üzərinə götürdüyü missiyaları universitetimizin də müvafiq qaydada yeni dövrün tələblərinə transformasiyanı tələb edir. Yeni dövrün mütəxəssislərinin hazırlanması hər birimizin üzərinə səriştə əsaslı, yüksək kvalifikasiyalı kadrların hazırlanması üçün təhsil proqramlarının məzmun inkişafını əsas hədəflərdən biri kimi qarşımıza qoyur. Eyni zamanda universitetin beynəlxalq əlaqələrinin gücləndirilməsi, mobillik proqramlarında iştirak payımızın artırılması, beynəlxalq reytinqlərdə iştirak əsas hədəflərimizdəndir.Rektor diqqətə çatdırıb ki, artıq bu istiqamətdə addımlar atılmış, Erasmus layihəsi, eləcə də ikitərəfli layihələr əsasında ötən tədris ilində tələbə və müəllimlərimizin tərəfdaş universitetlərdə mübadilələri baş tutmuş, universitetimizin beynəlxalq reytinq sıralamalarında iştirakı üçün zəruri işlər gerçəkləşmiş, konfranslarımızın beynəlxalq tələblərə uyğun keçirilməsi təmin edilmişdir. Bu baxımdan ənənəvi olaraq Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirdiyimiz " Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə"( bu ildən " Yeni dövrün Azərbaycanı ") beynəlxalq konfransını, həmçinin inklüziv təhsilin təşkilinə dair ölkəmizin ali təhsil məkanında ən böyük və dayanıqlı müzakirə platformasını yarada bilmiş " İnklüziv təhsildən inklüziv cəmiyyətə " beynəlxalq elmi-praktik konfransını xüsusi qeyd etmək lazımdır. Bundan başqa, bu il iyunun 13-də BSU-da " Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları " konfransının keçirilməsi Balkan regionunun daha dərindən öyrənilməsinin təhsil proqramlarımız üçün əsas hədəflərdən biri kimi müəyyən edilməsinin göstəricisidir.
 
Rektor A. Nağıyev çıxışına davam edərək bildirib ki, dövlət başçımız İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il " Yaşıl dünya naminə həmrəylik ili " elan edilib. Cari ilin noyabr ayında iqlim dəyişikliyi üzrə dünyanın ən böyük tədbiri -COP 29 konfransı Bakıda keçiriləcəkdir. Rektor deyib ki, bu istiqamətdə BSU-da da müxtəlif tədbirlər həyata keçirilir və hər birimizin ölkəmizin bu sürətli inkişafında yer alacaq yüksəkixtisaslı kadrların hazırlanması işində üzərimizə böyük məsuliyyət düşür.
 
Çıxışında BSU-nun fəaliyyət istiqamətləri və əsas missiyası barədə geniş məlumat verən rektor A. Nağıyev qeyd edib ki, universitetin əsas missiyası milli şüura malik, fundamental biliklərə yiyələnmiş rəqabətqabiliyyətli, şəriştəli,məsuliyyətli, öz peşəsini dərindən bilən, dünya standartları səviyyəsində səmərəli fəaliyyət göstərməyə,ixtisası üzrə peşə hazırlığı səviyyəsini daim artırmağa qadir olan, yaradıcı və innovativ, yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdan ibarətdir. BSU-nun son illərdəki fəaliyyəti barədə rəqəmlər və müqayisəli təhlili əsasında danışan rektor qeyd edib ki, universitetdə 6 fakültə, 20 kafedra fəaliyyət göstərir. Son 3 ildə universitetin tələbə qəbulunun dinamikası sürətlə artır. Belə ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə 2020-ci ilin 900 nəfər civarında qəbulundan 2021-2022-ci ildə 1000, 2022-2023-cü ildə 1150 nəfər, 2023-2024-cü ildə 1350 nəfərdən çox tələbə qəbulu olmuşdur. Qarşıdan gələn 2024-2025-ci tədris ilindən bu rəqəmin daha da artması planlaşdırılır. Universitetimizin tarixində ilk dəfə olaraq ali təhsilin hər üç səviyyəsi üzrə ümumi təhsilalanların sayı 5000 nəfəri ötmüşdür. Bu il ərzində gənc əməkdaşlarımızın dissertasiya müdafiələrində artım qeydə alınmış, elmlər doktorlarımızın və fəlsəfə doktorlarımızın sayı artmış, son üç il ərzində isə universitetimizdə yeni yaradılmış ixtisasların sayı bakalavriat və magistratura üzrə 9-u keçmişdir. Magistratura səviyyəsində başladığımız təhsil sahəsi üzrə idarəetmə ixtisaslarının BSU-nun yeni idarə etmə üzrə magistr proqramları istiqamətinin əsasını qoyacağını hədəfləyirik. BSU bu gün 20-yə yaxın ixtisas üzrə ixtisaslaşmış 1000 nəfərə qədər məzununu ölkəmizin əmək bazarında çalışmağa göndərir. Onların iş həyatındakı, karyeralarındakı uğurları universitetimizin inkişafı və gələcək konturlarının müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.
 
Rektor A. Nağıyev BSU-nun inkişafı üçün davamlı dəstəyə görə Elm və Təhsil Nazirliyinin rəhbərliyinə,həmçinin inklüziv təhsilin təşkili istiqamətində ardıcıl əməkdaşlığa görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə, DOST İnklüziv İnkişaf Mərkəzinin kollektivinə, COP 29 bağlı universitetin keçirdiyi tədbirlərdə fəal iştirakına və " Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları " konfransının təşkilində verdikləri dəstəyə görə Xarici İşlər Nazirliyinin, Energetika Nazirliyinin məsul şəxslərinə, habelə Mədəniyyət Nazirliyinə, eləcə də universitetin layihələrinin icrasına verdikləri dəstəyə görə Milli Məclisin Elm və təhsil komitəsinin rəhbərliyinə, təhsil müəssisələrinin, Regional İnkişaf İctimai Birliyi, “Birgə və Sağlam” və “House of Dreams” İctimai Birliyinin rəhbərlərinə dərin təşəkkürünü bildirib.
 
Rektor A. Nağıyev məzunlara BSU-nu bir dəyər kimi daim yüksək tutmağı,yiyələndikləri peşədən asılı olmayaraq, dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumağı,doğma Azərbaycanımızın daha da inkişaf etməsi və güclənməsi üçün əzmlə,ləyaqətlə, fədakarlıqla çalışmağı tövsiyə edib və onlara bu vacib, şərəfli,müqəddəs yolda uğurlar arzulayıb.
 
Mədəniyyət nazirinin müavini Səadət Yusifova məzunları təbrik edərək, onlara Vətənimizə layiqincə xidmət etməyi, milli-mənəvi dəyərlərə sadiq qalmağı və həmişə xalqımızın adını uca tutmağı arzulayıb. Nazir müavini S. Yusifova şərəfli tariximizin yazıldığı bu dövrdə dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında vətənpərvər ruhda böyümüş gənc nəslin yetişdirildiyini xüsusi qeyd edib.
 
Milli Məclisin deputatı Soltan Məmmədov təmsil etdiyi Milli Məclis və Heydər Əliyev Fondu adından BSU-nun professor-müəllim heyətini, eləcə də məzunlarını qazandıqları uğurlara görə təbrik edib, ən xoş arzu və diləklərini çatdırıb. Millət vəkili S. Məmmədov Azərbaycanşünaslığı beynəlxalq səviyyədə təbliğ edən, müxtəlif ölkələrin, xalqların dilinin, mədəniyyətinin, tarixinin tədris olunduğu BSU-nun respublikamızda inkişaf edən təhsil sahəsinə böyük töhfələr verdiyini vurğulayıb. S. Məmmədov ölkəmizin dövlət müstəqilliyinin yenidən bərpa edilməsindən sonra Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində təhsil sahəsinin davamlı inkişaf etdiyini, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinin inkişafına böyük önəm verdiyini qeyd edib.
BSU-nun 2024-cü il magistr məzunu Nuray Babayeva çıxışında BSU-nun məzunu olmaqdan qürur duyduğunu ifadə edib,eyni zamanda universitetin rəhbərliyinə və müəllimlərə tələbələrə göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür edib.
 
Sonra BSU-nun 2024-cü il üzrə ən yüksək akademik göstəricilərinə görə fərqlənən məzun tələbə və magistrantlarına BSU-nun tərəfdaş qurumları Avropa Azərbaycan Məktəbinin, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın, Regional İnkişaf İctimai Birliyinin, Birgə və Sağlam və House of Dreams İctimai Birliyinin nümayəndələri tərəfindən təşəkkürnamələr təqdim edilib.
Rəsmi hissə Məzunların ənənəvi papaqatma fləşmobu ilə başa çatdıqdan sonra tədbir maraqlı və rəngarəng konsert proqramı ilə davam edib.