Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzinə direktor seçilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə sözügedən vəzifəyə Ramil Hacıyev təyin olunub.
 
Məlumat üçün bildirək ki, Ramil Nəriman oğlu Hacıyev 30 aprel 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. Türkiyənin 19 Mayıs Universitetində "İngilis dili müəllimliyi" ixtisası üzrə bakalavr, "Xarici dilin tədrisi metodologiyası" ixtisaslaşması üzrə isə magistratura təhsilini tamamlayıb. Hazırda doktorantura təhsili alır.
 
R.Hacıyev karyerası boyunca müxtəlif universitetlərin ingilis dili proqramlarında müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb. Həmçinin "British School"da, SABAH qruplarında və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində müxtəlif proqramlar üzrə dərsləri tədris edib.
 
Bununla yanaşı, o, London Biznes Məktəbi, Arizona Dövlət Universiteti, Oksford Kolleci və digər nüfuzlu təhsil müəssisələrində təşkil olunmuş təlim və ixtisasartırma proqramlarının iştirakçısı olub.
 
Ailəlidir və iki övladı var.