Əslində bu sual həm də düşündürücüdür. Bu gün müəllimlərimizdən yüksək səriştə, bilik və bacarıqlar tələb olunur. Artıq son illərin təhsil tendensiyalarından biri də məhz valideynlərin övladlarının məktəbə qəbulu zamanı peşəkar, müasir təlim metodları ilə işləməyi bacaran pedaqoqları seçmək istəyidir. Belə təhsilverənləri isə 3 ildir ki, ölkəmizdə keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesi ictimaiyyətə yaxından tanıdır, onların bilik və bacarıqları qiymətləndirilməklə topladıqları balların nəticələrini təqdim edir. Elə həmsöhbətimiz olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-tədris Mərkəzinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Xalidə Həmidova da müəllimlərin sertifikatlaşdırılmasının zəruriyyətindən, prosesin Azərbaycan təhsilinin inkişafındakı rolundan danışıb, həmçinin bu işin digər ölkələrdə necə aparılması təcrübəsinə də toxunub.
 
Sertifikatlaşdırma təhsilverənlərin xüsusi bilik və peşəkarlıq standartlarına cavab verməsini təmin edir
 
Xalidə Həmidova müəllimlərin sertifikatlaşdırılmasının onların xüsusi bilik və peşəkarlıq standartlarına cavab verməsini təmin etməklə Azərbaycan təhsilində həlledici rol oynadığını deyir. Bu proses təhsilin ümumi keyfiyyətinə töhfə verir: “Əlbəttə ki, burada əsas fokuslanmalı məsələ təkmilləşdirilmiş tədris keyfiyyətini təmin etməkdir. Standartlaşdırılmış səriştələr isə bunun əsasını qoyur. Sertifikatlaşdırma müəllimlərin minimum səriştə standartlarına cavab verməsini təmin edir ki, bu da ölkə üzrə tədrisin yüksək səviyyədə olmasına şərait yaradır. Burada paralel olaraq müəllimlərin pedaqoji bacarıqları da üzə çıxır. Müəllimlərimiz lazım gəldikdə effektiv tədris metodları və sinfin idarəedilməsi strategiyaları üzrə təlim alırlar və bu, şagirdlərin öyrənmə nəticələrinin artmasına gətirib çıxarır. Sertifikatlaşdırmada varisliyin gözlənilməsi ikinci ən böyük şərtdir ki, bu da vahid standartlarla işləmənin və kurikulum uyğunluğunun təmin edilməsidir”.
 
Xalidə Həmidovanın sözlərinə görə, vahid standartlar oxuduqları təhsil ocağından asılı olmayaraq öyrənən üçün ardıcıl təhsil təcrübəsi yaratmağa kömək edir. Bu vahidlik bütün öyrənənlərin keyfiyyətli təhsilə çıxışını təmin edir. Kurikuluma uyğunluq zamanı isə müəllimlər şagirdlərin hərtərəfli və vahid təhsil almasını təmin edərək, milli kurikulumun standartlarına daha çox riayət edirlər. Sertifikatlaşdırma tələbi ölkədə təhsilverənləri peşəkar inkişafa təhrik edir. Davamlı təlimlərə qoşulma ehtiyacı, öyrənmə müəllimlərə ən son təhsil təcrübələri və innovasiyalardan xəbərdar olmağa kömək edir.
 
Karyera yüksəlişinə dəstək…
 
Sertifikatlaşdırmanın ən önəmli faktorlarından biri də karyera yüksəlişinə dəstəkdir. Burada, eyni zamanda müəllimlərin özünə və cəmiyyətə olan hesabatlılığı müəyyən olunur. Həmsöhbətimiz bildirib ki, bu qiymətləndirmə vasitəsi, əslində müəllimin özünün performans monitorinqidir. Sertifikatlaşdırma müəllimin fəaliyyətinin daha yaxşı monitorinqinə və qiymətləndirilməsinə imkan verir.
 
Sertifikatlaşdırma nəticələri əsasən, cavabdeh qurumlara aydın, peşəkar standartların, müəllimlərin əlavə dəstəyə və ya təlimə ehtiyac duyduğu sahələri müəyyənləşdirməyə, bununla bağlı bir sıra məsələləri həll etməyə kömək edir. Dövlət təhsil siyasətinin əsas prioriteti sosial vəziyyətindən asılı olmayaraq bütün təhsilalanlara ixtisaslı müəllimlərə çıxışını təmin etməklə təhsildəki fərqlərin azaldılmasına kömək etməkdir.
 
Burada əlbəttə ki, ictimai güvənin formalaşdırılması vacib şərtdir. Çünki, sertifikatlaşdırma prosesi, eyni zamanda təhsil sisteminin etibarlılığını və nüfuzunu artırır. Bu zaman valideynlər, bütövlükdə ictimaiyyət uşaqlara daha keyfiyyətli və mükəmməl təhsil veriləcəyinə inanırlar: “Sertifikatlaşdırma qlobal rəqabət qabiliyyətinə malik təhsilverənlərin artmasına səbəb ola biləcək ən yaxşı vasitələrdən biridir. Burada beynəlxalq təcrübənin tətbiqi, sertifikatlaşdırma standartlarının inkişaf etmiş ölkələrin təcrübələrinə uyğunlaşdırılması Azərbaycan təhsil sisteminin qlobal rəqabət qabiliyyətini artıra bilər. Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması yüksək tədris standartlarını, ardıcıl və ədalətli təhsili, davamlı peşəkar inkişafı və şagird nəticələrinin yaxşılaşdırılmasını təmin edir. O, həmçinin ictimai etimadı artırır və ölkənin təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırır, Azərbaycanda təhsilin ümumi inkişafına töhfə verir”.
 
Xalidə Həmidovanın fikrincə, müəllimlərin sertifikatlaşdırılması prosesinin gələcəyi yeni texnologiyalar, fərdiləşdirilmiş öyrənmə, bacarıq və səriştələrə daha geniş diqqəti özündə birləşdirən dinamik və adaptiv olacaq. Bu dəyişikliklər tədrisin keyfiyyətini yüksəltmək, davamlı peşəkar inkişafı təmin etmək, şagirdlərin və cəmiyyətin inkişaf edən ehtiyaclarını ödəmək üçün müəllimləri daha yaxşı hazırlamaq məqsədi daşıyır. Qlobal standartların inteqrasiyası, müxtəlifliyə və inklüzivliyə vurğu və məlumat analitikasından istifadə sertifikatlaşdırma prosesini təkmilləşdirərək, onu daha effektiv və aktual edəcək.
 
Sertifikatlaşdırma prosesi xarici ölkələrdə necə həyata keçirilir?
 
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı bir sıra ölkələrin təcrübəsini diqqətə çatdıran ADPU -nun baş müəllimi Amerika Birləşmiş Ştatlarında əsas təhsil tələblərindən birinin müəllimin təhsil və ya tədris olunacaq fənn sahəsində bakalavr dərəcəsinin olması və dövlət tərəfindən təsdiq edilmiş müəllim hazırlığı proqramını tamamlaması olduğunu söyləyir. Sertifikatlaşdırmanın vaxtaşırı yenilənməsi isə mütləqdir. Avstraliyada təhsil üzrə bakalavr dərəcəsi və ya magistraturaya qəbul üzrə tədris “Master of Teaching” proqramı üzrə göstəricilərə malik olmalıdır. Müəllimlər müvafiq dövlət və ya ərazi üzrə qeydiyyatdan keçməlidirlər. Burada müəllimlər üçün Avstraliya Peşəkar Standartlarına uyğunluq sertifikatı təqdim edilir. Davamlı peşəkar inkişaf əsas götürülür. Finlandiyada müəllimlərdən magistr dərəcəsi tələb olunur. Təhsilverənlərin praktik tədris təcrübəsini əhatə edən geniş müəllim hazırlığı proqramlarında iştirakı əsas hesab edilir. Onlardan davamlı peşəkar inkişaf istənilir və müəllimin müstəqilliyinə yüksək diqqət yetirilir. Sinqapurda müəllimlərin bakalavr dərəcəsi və Milli Təhsil İnstitutunun (NIE) müəllim hazırlığı proqramını tamamlamaları vacibdir. Orada yeni müəllimlər üçün strukturlaşdırılmış işə qəbul proqramları təklif edilir. Sinqapurda davamlı peşəkar inkişafa və təlimə diqqət yetirilir. Yaponiyada isə bakalavr dərəcəsinin və müəllim hazırlığı kurslarının tamamlanması vacibdir. Müəllimlər üçün prefekturaya xas olan sertifikat imtahanından keçmək və davamlı peşəkar inkişaf və ixtisasartırma təlimləri almaq şərtdir. Yaponiyada peşəkar inkişaf tələblərini özündə əks etdirən sertifikatlaşdırma hər 10 ildən bir yenilənir.
 
Xalidə Həmidovanın sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılması üzrə beynəlxalq təcrübə ilə yaxından tanışlıq onu deməyə əsas verir ki, əksər xarici ölkələrdə müəllimlərin yaxşı hazırlanması, ixtisaslaşmış və peşəkar olmaq, davamlı şəkildə öz bacarıqlarını inkişaf etdirmələrini təmin etmək öhdəliyi ön plandadır.
 
Xüsusiyyətlər fərqli olsa da, məqsəd birdir
 
Həmsöhbətimiz sonda qeyd edib ki, xüsusiyyətlər fərqli olsa da, əsas məqsəd ciddi standartlar və davamlı peşəkar artım vasitəsilə təhsilin keyfiyyətini artırmaqdır. Təhsil ehtiyacları artdıqca müəllimləri müasir təhsilin çağırışlarına daha yaxşı hazırlamaq üçün sertifikatlaşdırma prosesinin aparılması olduqca vacibdir.
 
 
Samirə KƏRİMOVA