Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarına hazırlaşan müəllimlərin nəzərinə


Azərbaycan Respublikasının Təhsil İnstitutu cari ilin 21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunmuş fənn müəllimlərinə dəstək məqsədilə sınaq imtahanı keçirir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, sınaq imtahanının linki 14 iyun saat 15:00-dan etibarən başlayaraq, 15 iyun saat 15:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.
 
Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi cavablar avtomatik olaraq sistemə göndəriləcək və nəticələr dərhal ekranda görünəcək.
 
İmtahandan sonra sınaq imtahanlarında istifadə edilən tapşırıq nümunələri düzgün cavabları ilə Təhsil İnstitutunun rəsmi saytında yerləşdiriləcək.
 
"Microsoft Teams" proqramında əvvəlcədən qeydiyyatdan keçmiş və şifrəsini unutmuş müəllimlər təlimat videosundan istifadə edərək şifrəni bərpa edə bilərlər.
 
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki ("Microsoft Teams") mövcud qrupunuza daxil olub sizə dəvət gəldiyindən əmin olmalısınız. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəllər qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir.

Suallarınız olduğu halda 146-2 Qaynar xətt nömrəsinə zəng edə bilərsiniz