Evdə övladı, sinifdə şagirdi kimi tərbiyə verdi


“Azərbaycan müəllimi” qəzetinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə layihəsinin növbəti şəhid anası müəllim qonağı Lalə İsmayılovadır. O, Albalılıq yaşayış massivində yerləşən 322 nömrəli tam orta məktəbin müəllimidir. 30 ilə yaxındır müəllim adını daşıyan Lalə xanım son 3 ildə ikinci bir şərəfli status ilə - şəhid anası olmasıyla da tanınır. Lalə İsmayılova 1975-ci ildə Bakının Buzovna kəndində anadan olub. M.F.Axundov adına (indiki Bakı Slavyan Universiteti) Rus dili və ədəbiyyatı universitetini bitirib. 1996-cı ildən müəllim işləyir.

 

Müəllim yolu

 

“Peşəmi çox sevirəm, şagirdlərimlə qürur duyuram. Aralarında bir çox peşə sahibləri var. Hər biri cəmiyyətdə özünə mövqe tutub, uğur qazanıb”, - deyən Lalə İsmayılova, müəllimlərindən güc, ilham alan müəllimdir: “Rus dili müəllimimi sevdiyim üçün məhz bu peşəni seçdim. Mənim sevimli müəllimim də şəhid anası idi. 1992-ci il şəhidi Emin Əliyevin anasi İbadət Əliyeva ilə müəllimliyi sevdim, məhz onun kimi rus dili müəllimi olmaq istədim”.

 

Lalə müəllim deyir, indi şagirdləri də onu sevir, onun kimi müəllim olmaq istəyirlər: “Şagirdlərim arasında müəllimliyi seçənlər çox olub. Hazırda mənimlə çiyin-çiyinə işləyən həmkarlarım arasında da keçmiş şagirdlərim var. Məsələn, məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən, həm də dərs hissə müdiri olan İlahə Hacıyeva hər zaman qeyd edir ki, mənə baxıb müəllim olub. Sadəcə İlahə müəllim yox, keçmiş şagirdlərimin çoxu məni unutmurlar. Onların arasında qazilərimiz də var. İndi də sadəcə keçmiş müəllim kimi yox, şəhid anası kimi keçmiş şagirdlərimin, xüsusən qazi məzunlarımızın diqqətindəyəm. Məni unutmur, tez-tez ziyarət edirlər. Məktəbimizin rəhbərliyindən və  kollektivimizdən də diqqət görürəm. Ən ağır günlərimdə məhz onlar yanımda oldular”.

 

Qeyd edək ki, yeganə oğlu Vüsal İsmayılzadə 322 nömrəli tam orta məktəbdə Lalə müəllimin şagirdlərindən biri olub. Vüsalı 2001-ci ildə məktəbə göndərən ana sonra onu eyni məsuliyyət, eyni qürurla Vətənin müdafiəsinə yollayıb: “322 nömrəli tam orta məktəbin şagirdi oldu. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandı. O hərbi xidmətdə olanda Vətən müharibəsi başladı, əsgər yoldaşları ilə birlikdə cəbhəyə yollandı”.

 

Vüsalın bir aylıq döyüş yolu müəllim anasının bir ömürlük qürur tarixidir

 

2019-cu ilin oktyabrında hərbi xidmətə yollanan Vüsal tezliklə əsgər dostlarının sevimlisinə çevrilib. 1 il sonra müharibədə yaşadıqları onun əsgər yoldaşları ilə dostluğunun qürur dolu sınağı olub. Belə ki, müharibə başlayandan bir ay sonra, oktyabrın 21-də Xocavənddə gedən döyüşlərə qatılıblar. “Düdükçü” deyilən ərazidə əsgər yoldaşları ilə məruz qaldıqları atəş onlar üçün sıradan hücum idi. Müharibə başlayandan bəri artıq neçə belə hücumun qarşısını almışdılar, bəlkə bunu özləri də xatırlamırdılar. Ona görə nə bu hücum gözlərini qorxutdu, nə də biri-birinin ardınca yaralanmaları.  Yaralara məlhəm, axan qana sarğı lazım idi. Yardım onların köməyinə vaxtında çatıb. Yaralıları aparmağa gələnlərə Vüsal da kömək edib. Əsgər yoldaşlarını öz əli ilə maşına mindirib hərbi hospitala yola salıb. Aldığı yara gözünə görünməyib. Vüsala da yarasını xatırladaraq yardım təklif edilib. Amma o getməkdən imtina edərək yardıma daha çox ehtiyacı olan, yarası daha ağır olan silahdaşlarının xəstəxanalara çatdırılmasının lazım olduğunu deyərək öz yerinə başqa əsgər yoldaşını mindirib. Növbəti yardım maşınının gəlməyini gözləyib. Bu yardım gələnə qədər o, çoxlu qan itirib. Sadəcə qan deyil, zamanını, həyatını da. İkinci yardım maşını da gəlib, amma Vüsalı hospitala sağ-salamat çatdıra bilməyib...

 

Lalə müəllim üçün zaman 2020-ci il oktyabrın 21-də  dayanıb: “Oktyabrın 17-si doğum günü idi, 19 yaşı tamam oldu. Ayın 21-də şəhid oldu”.

 

Vüsal oktyabrın 23-də elə doğulduğu Buzovna qəsəbəsində dəfn olunub: “Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azad olunmasında mənim balam da iştirak etdi. Şərəfli vəzifəsini layiqincə yerinə yetirərək şəhidlik zirvəsinə ucaldı. Oğlumla fəxr edirəm. Prezidentimiz İlham Əliyev Vüsalımı 4 medalla təltif edib”.

 

Vüsal İsmayılzadə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

Ruhiyyə DAŞSALAHLI