“Bir uşağın təlim-tərbiyəsi onun doğumundan öncə, valideynlərinin təlim-tərbiyəsi ilə başlayar”.                      
 
Yazının girişinə bolqar filosofu Omraam Mikhael Aivanhovdan verdiyimiz bu sitat bizim üçün haqqında saatlarla danışa biləcəyimiz, yüzlərlə səhifə yazı yazacağımız bir mövzu olan təlim-tərbiyə prosesində ailənin rolu barədə çox önəmli mesaj verir. 
 
İnsan şəxsiyyətinin formalaşmasında mühüm yeri olan ailə, həm də cəmiyyətin təməl daşıdır. Bu təməl daşı möhkəm olduğu təqdirdə sağlam fərdlər yetişə və sağlam cəmiyyət formalaşa bilər. Bu barədə XVIII əsrdə yaşamış ingilis filosofu, pedaqoq Con Lokk qeyd edirdi ki, “bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır, insanların onda doqquzu tərbiyənin nəticəsində xeyirxah, yaxud ziyankar, faydalı, yaxud faydasız olur”.
Araşdırmalar göstərir ki, insan şəxsiyyətinin, xarakterinin formalaşmasında bir neçə əsas element var ki, bura genetik təsir, ailə, ətraf mühit, təhsil və s. bu kimi önəmli amillər daxildir. 
 
Ailə struktur və funksiyalarına görə alternativi olmayan bir institutdur. Ailə gələcək nəsillərin təlim-tərbiyəsində, milli kimliyin formalaşmasında, dəyərlərin nəsillərdən-nəsillərə ötürülməsində fərdlər və cəmiyyət arasında önəmli mövqeyə sahibdir. Sözün hər mənasında sağlam ailə insanın həyatda sahib ola biləcəyi ən qiymətli xəzinədir. Ailələrimiz kim olduğumuza, şəxsiyyətimizə, haradan gəlib, hara getdiyimizə, həyata və hadisələrə baxışımıza, sahib olduğumuz imkanlara və səlahiyyətlərə təsir edə bilən çox önəmli faktordur. Ailə bağlarının verdiyi mənəvi güc, ali dəyərlər və birlik hissi insanın həyatda özünü güclü hiss etməsinə səbəb olur və problemlərin öhdəsindən gəlməsini asanlaşdırır.
 
Gəlin, etiraf edək ki, təlim-tərbiyənin təməli ailədə atılır, məktəb isə bu prosesə daha sonra qoşulur; Ailə ilə bərabər şəxsiyyətin formalaşmasında məktəbin rolu danılmaz olur.   
 
Tərbiyə zaman, səbr, diqqət və məsuliyyət tələb edən uzunmüddətli bir prosesdir. Tərbiyə insan şəxsiyyətinin inkişafına, milli və mədəni kimliyin, müasir dünyagörüşün formalaşmasına yönəlmiş məqsədyönlü pedoqoji fəaliyyətdir. 
 
Uşağın həyatındakı ilk sosial mühit olan ailə, həm də təhsilin əsaslarının qoyulduğu yerdir. Hər kəsə məlumdur ki, uşaqlarda ilk sosial bacarıqlar ailə daxilində formalaşır. Valideynlər övladlarına ünsiyyət, dinləmə mədəniyyəti və ifadə bacarıqlarını ailə mühitində öyrədirlər. Həmçinin ailə uşaqlara etik dəyərlər, mədəni kimlik, sosial adaptasiya və şəxsiyyətin inkişafı kimi önəmli özəlliklər qazandırır.
Ailələrin uşaqlar üçün emosional və psixoloji ehtiyaclarını qarşılayacaq təhlükəsiz mühit yaratması çox önəmlidir. Ailə daxilindəki müsbət və sevgi dolu atmosferin olması uşaqların akademik nailiyyətlərinə, həmçinin həyatda uğur qazanmalarına səbəb olur. 
 
Ailələr övladlarının təhsilinə böyük töhfə vermək gücündədirlər. Araşdırmalar göstərir ki, ailələrin təhsillə olan bağlılığı uşaqların məktəb həyatında və təhsilin digər pillələrində uğur qazanmalarına müsbət təsir göstərə bilir.  
 
Yuxarıda uşaqların ilk bacarıqlarının formalaşmasında ailələrin rolunu qeyd etdik. Həmçinin vurğulamaq lazımdır ki, ailələr uşaqlarının həmyaşıdları ilə olan sağlam əlaqələrini dəstəkləməklə onlarda sosial bacarıqların inkişafını təmin edə bilərlər. Bu dəstəkləyici mühitin yaradılması uşaqlarda məktəbdən kənarda da öyrənmə imkanlarını genişləndirmiş olacaq. 
 
Beləliklə, fikirlərimizi ümumiləşdirərək birmənalı deməliyik ki, ailənin uşaqların təlim-tərbiyəsində, onların ümumi inkişafında, akademik uğurlarında böyük rolu danılmaz gerçəklikdir. Bu baxımdan ailələr istər tərbiyə, istərsə də təhsil məsələsində üzərlərinə düşən rolları məsuliyyətlə yerinə yetirməlidirlər.  
 
     
Ruslan BAYRAMOV,   
“Edublog” təlim proqramının iştirakçısı