Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

 

BSU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, rektor Anar Nağıyev Azərbaycanda inklüziv təhsilin təşkili sahəsində mühüm işlər görüldüyünü qeyd edərək bu istiqamətdə müvafiq qanunvericilik bazasının formalaşdığını diqqətə çatdırıb. O, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edib. Dövlət Proqramının vəzifələri sırasında sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı məsələlərin mühüm yer tutduğunu bildirib.  A.Nağıyev Azərbaycanda cəmiyyətin müxtəlif maraq qruplarının, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması istiqamətində mühüm addımların atıldığını qeyd edib. 

 

O, ali təhsil müəssisələrində inklüziv təhsil, inklüziv pedaqogika və bu kimi istiqamətlər üzrə elm yaratma və elmi-pedaqoji kadr  hazırlığı prosesinin planlı və sistemli şəkildə həyata keçirilməli olduğunu vurğulayıb. Rektor konfransın ali təhsil müəssisələri və ümumtəhsil müəssisələrində çalışan həmkarları bir araya gətirməklə inklüziv təhsilin təşkili sahəsində məzmun, tədqiqat və əlavə öyrənmə imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. “BSU-2030” Strateji İnkişaf  Planına uyğun olaraq universitetin inklüziv təhsilin təşkili, bu sahədə məzmunun inkişafı, səriştəəsaslı kadr hazırlığı ilə əlavə təhsilin təşkili, eləcə də inklüziv iş mühiti sahəsində ölkəmizin ali təhsil müəssisələri sırasında ön planda olmağı hədəflədiyini deyib.  Rektor 2022-ci ilin aprel ayından etibarən BSU-da keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi çərçivəsində görülən işlərdən də söz açıb. O, bu konfrans vasitəsilə BSU-nun ölkədə inklüziv təhsildə geniş müzakirə platformasının əsasını qoyduğunu vurğulayaraq bu dövrdə universitetdə kadr hazırlığının təşkili istiqamətində yeni qərarlar verildiyini qeyd edib.

 

Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev  ölkəmizin inklüziv təhsillə bağlı həyata keçirdiyi siyasətdən söz açaraq bununla bağlı qanunvericilikdə qəbul edilmiş dəyişikliklərin Azərbaycan dövlətinin gördüyü işlərin nəticəsi olduğunu bildirib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev dövlət siyasətində həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsusi diqqət və qayğı ilə yanaşıldığını, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasının bunun bariz nümunəsi olduğunu qeyd edib.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov inklüzivliyin əsas məqsədinin təhsildə əlçatanlığın təmin edilməsi olduğunu deyib.  O, bu istiqamət üzrə ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən söz açıb.

 

BDU-nun rektoru Elçin Babayev inklüziv təhsil mühitinin yaradılmasından bəhs edərək təhsilin hamı üçün əlçatan olmasının vacibliyini vurğulayıb.

 

Konfrans öz işini 3 bölmədə davam etdirib.