Aprelin 13-də “Bir Könüllü” Tələbə Təşkilatının təşkilatçılığı ilə forum keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəbli könüllülərin yumşaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən forumda İT mütəxəssisi, “Deirvlon Technologies”ın icraçı direktoru Kamran Qasımov, həmçinin "Bir Könüllü” Tələbə Təşkilatının təşkilatçılığı (təşəbbüsü) və Elm və Təhsil Nazirilyinin dəstəyi ilə həyata keçirilən “Məktəbli könüllü” proqramının üzvləri Ağahəmid Həmidov və Gülnur Ağakişiyeva iştirak edib. 
 
50-yə yaxın şagirdin qatıldığı tədbirdə “Deirvlon Technologies”ın icraçı direktoru Kamran Qasımov “Uğurlu startup nədir?” mövzusunda çıxış edib, öz təcrübəsini məktəblilərlə bölüşüb, onların suallarını cavablandırıb.
Yüksək reytinqli xarici ali təhsil müəssisələrinə qəbul almış “Məktəbli könüllü” proqramının fəalları Ağahəmid Həmidov və Gülnur Ağakişiyeva müxtəlif mübadilə proqramları, təqaüd proqramları və öz təcrübələri barədə ətraflı məlumat veriblər.
 
Forum çərçivəsində könüllülərin ünsiyyət, analitik düşüncə bacarıqlarının formalaşdırılması məqsədilə “Təhsildə nəticə yönümlü idarəetmə” mövzusunda komanda oyunu təşkil edilib.