İlkin mərhələdə 15877 nəfərin qeydiyyatdan keçdiyi dördüncü “Yüksəliş” müsabiqəsinin ikinci mərhələsi olan onlayn “Ümumi biliklər üzrə sınaq imtahanı” 14 aprel 2024-cü il tarixində saat 11:00-da keçiriləcək.

 

“Yüksəliş”dən  “Azərbaycan müəllimi”nə bildirilib ki, imtahan müddəti 90 dəqiqədir,  imtahana giriş saat 10:00-dan 10:50-dək açıq olacaq. İmtahana internet bağlantısı olan kompüter və ya noutbukla istənilən məkandan qoşulmaq olar. Namizədlərin smartfon və ya planşetlə imtahan verməsi isə mümkünsüzdür.

 

“Ümumi biliklər üzrə sınaq imtahanı”nın strukturu və sualların sayı aşağıdakı kimidir:

 

· Azərbaycan bloku – 25 sual

· Dünya bloku – 25 sual

· İdarəetmənin əsasları – 25 sual

· Müasir trendlər – 25 sual

 

“Ümumi biliklər üzrə sınaq imtahanı”nın hər blokunda 15 sual qapalı, 10 sual isə açıqdır. Hər bloka 18 dəqiqə vaxt ayrılır. Ayrılan zaman ərzində əvvəlki suallara qayıtmaq olar. Bloku bitirəndən sonra blokdakı suallara qayıtmaq mümkün deyil. Bloklara ardıcıl şəkildə  (Azərbaycan bloku, dünya bloku, idarəetmənin əsasları və müasir trendlər) daxil olmaq lazımdır.
İmtahan bitdikdə namizədlər doğru cavablandırdıqları sualların sayını və təxmini ballarını görəcəklər. İmtahan sessiyası bitəndən sonra 24 saat ərzində namizədlər imtahan platformasına keçərək sualların düzgün cavabları ilə tanış ola biləcəklər.

 

Qeyd edək ki, istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi məqsədi ilə yaradılan “Yüksəliş” müsabiqəsi ölkənin potensiallı gənclərinə kadr ehtiyatının inkişafı proqramında iştirak etmək və ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq şansı yaradır.

 

“Yüksəliş” müsabiqəsində ali təhsilli, 21-51 yaş aralığında olan, mülkiyyət formasından asılı olmayaraq ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının  vətəndaşları iştirak edə bilərlər.

 

Müsabiqənin 20 finalçısı idarəçilər üçün ən yaxşı proqramlar çərçivəsində bacarıqlarını artırmağa kömək edəcək qrantlar (20 min manat məbləğində) qazanacaq. Həmçinin qaliblər bir il müddətində böyük şirkətlərin top-menecerləri, ictimai xadimlər və dövlət qurumlarının rəhbərləri tərəfindən karyera məsləhətləri alacaqlar.

 

“Azərbaycan müəllimi” olaraq bütün iştirakçılara uğurlar arzulayırıq!