Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Rəhimov Serbiyanın Belqrad Universitetində ezamiyyətdə olub.  Səfər bu universitetdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin işi ilə  tanışlıq xarakteri daşıyıb.     

 

A.Rəhimov bildirib ki, dünyanın 6 ölkəsində Azərbaycan Dili və Mədəniyyəti mərkəzi uğurla fəaliyyət göstərir. Daha 3 mərkəzin açılışına hazırlıq isə son tamamlanma mərhələsindədir:” Belə mərkəzlərdən biri də Serbiyanın ən böyük və nüfuzlu universitetlərindən sayılan Belqrad Universitetində ADU-nun dəstəyi ilə fəaliyyət göstərir. Səfərin əsas məqsədi Belqrad Universitetindəki mərkəzimizin daha uğurlu və məhsuldar fəaliyyəti, orada tədris edilən Azərbaycan dilinin keyfiyyətli və davamlı tədrisi ilə bağlı universitetin səlahiyyətli nümayəndələri ilə görüşlər keçirmək idi”.

 

Şöbə müdiri deyib ki, mərkəzin gördüyü ən mühüm işlərdən biri Belqrad Universitetində Azərbaycan dilinin tədrisinin təşkil edilməsidir:” Özü də dilimiz orada fakültətiv deyil, tədris planının bir hissəsi olaraq məcburi qaydada tədris olunur.

 

Heç şübhəsiz, Avropanın mərkəzində, Belqrad Universiteti kimi qədim, nüfuzlu universitetdə Azərbaycan mərkəzinin belə uğurla fəaliyyət göstərməsi, Azərbaycanı tanıtması, Azərbaycançılığı tanıtması qürurverici haldır. Unutmayaq ki, Azərbaycan dilini öyrənən tələbə onun multikultural dəyərlərinə, həyat tərzinə, tarixinə və mədəniyyətinə də maraq göstərmiş olacaq. Mərkəz, eyni zamanda ADU-nun təmin etdiyi dərsliklərlə Azərbaycan dilini öyrənmək istəyən tələbələrə fərdi proqramla Azərbaycan dilinin öyrədilməsində fəal iştirak edir”.