Qarabağ Universiteti üçün elan edilmiş proqram rəhbəri üzrə vakansiyaya kimlər müraciət edə bilər?


Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılmış Qarabağ Universiteti fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin edilməsi məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edib.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova 28 fevral 2024-cü il tarixindən Qarabağ Universiteti üçün elan edilmiş proqram rəhbəri üzrə vakansiyaya müraciət edə biləcək şəxslər üçün qoyulan tələblər haqqında Təhsil TV-yə müsahibə verib.

 

Ülkər Səttarova bildirib ki, Qarabağ Universitetinə elan edilmiş proqram rəhbəri vakansiyası üzrə 5-6 nəfər yeni əməkdaş qəbul olunacaq. Agentlik direktorunun sözlərinə görə, proqram rəhbəri ali təhsil müəssisələrində ənənəvi olaraq “dekan” adlandırılan vəzifənin funksiyalarını icra edəcək və həmin vakansiyadan kifayət qədər böyük gözləntilər vardır. Elan edilmiş vakansiyaya qoyulmuş tələblər haqqında  danışan Ü.Səttarova elmi dərəcənin olması, ingilis dili bilikləri, ali təhsil müəssisəsində bir neçə il iş təcrübəsi, beynəlxalq təcrübənin öyrənilməsi və universitetin beynəlxalq əlaqələrinin qurulmasına töhfələrin verilməsi kimi məqamların zəruri olduğunu qeyd edib.

 

Elanda lazım olan sənədlərin də göstərildiyini bildirən Ülkər Səttarova sözlərinə əlavə edib: “Eyni zamanda, vakansiyaya müraciət edəcək şəxsin nə dərəcədə elmi araşdırmaçı olmağını dəyərləndirmək üçün onun elmi əsərlərinin siyahısı da tələb olunacaq”. Ü.Səttarova yaxın zamanda mütəmadi olaraq digər inzibati, administrativ heyət üçün vakansiyaların da cəmiyyətə elan olunacağını diqqətə çatdırıb.

 

Qeyd edək ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu davam edir.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciətlərin böyük bir qismi proqram rəhbəri vəzifəsi üçün vakansiyada müəyyən olunan tələblərə uyğun gəlməyən şəxslər tərəfindən edilib. Vakansiya üzrə tələb olunan sənədləri düzgün təqdim etməyən şəxslərə bu barədə müvafiq sorğular göndərilib.

 

Proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulunun mart ayının 15-dək aparılacağını nəzərə alaraq, tələblərə uyğun  namizədlərin müraciət etmələri xahiş olunur. Bu zaman sənədlərin tam və tələb olunan formada təqdim edilməsinə diqqət verilməlidir. 

 

Qarabağ Universitetində mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar da elan edilib.

 

Lamiyə ƏLİMƏRDANOVA