Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri Bakıda yerləşən sürüşmə riskli ərazilərdə istehsalat təcrübəsi keçirlər.

 

Universitetin Fövqəladə hallar və həyat fəaliyyəti kafedrasının müəllimləri Emil Qafarov, Könül Bayramova və Tünayə Abdullayeva təcrübəyə cəlb olunmuş tələbələrə baş çəkərək onlarla birgə sürüşmə riskli ərazilərə baxış keçiriblər.

 

Ekskursiyada AzMİU-nun müəllim və tələbələri ilə yanaşı, Ekologiya Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin əməkdaşları Temuraz Ələkbərov və Xətai Mirzəyev də iştirak edib, canlı müşahidə aparıblar.

 

Ekskursiyada tələbələrə həmin ərazilərin risk qrupuna daxil edilməsində seysmoaktivlik, antropogen təsir, torpaq-bitki örtüyünün eqradasiyasının səviyyəsi, eroziya parçalanması və sürüşmənin dinamikası kimi məsələlərin nəzərə alındığı söylənilib. Aidiyyatı qurumlar tərəfindən belə ərazilərin nəzarətdə saxlanıldığı diqqətə çatdırılıb.

 

Qeyd edək ki, AzMİU tələbələrin təcrübə keçməsi üçün 200-ə yaxın müəssisə və təşkilatla əməkdaşlıq edir. 2023/2024-cü tədris ilində universitetin Təcrübə və karyera mərkəzi tərəfindən bu qurumlara bakalavriat səviyyəsi üzrə 1451, magistratura səviyyəsi üzrə isə 441 olmaqla, ümumilikdə 1892 tələbə göndərilib.