Tibbi arayışların elektronlaşdırılması vətəndaşların təhsil xidmətlərinə əlçatanlığını daha da artıracaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Elektron tibbi arayışı” xidmətinin təqdimat mərasimində çıxışı zamanı deyib.
 
Həsən Həsənli qeyd edib ki, tibbi arayışların elektronlaşdırılması vətəndaşlara göstərilən xidmətlər zəncirində ən vacib məsələlərdən biridir. “Bu məsələ vətəndaşlara elektron xidmətin göstərilməsində bizə köməklik göstərəcək. Elm və Təhsil Nazirliyi vətəndaşlara göstərilən elektron xidmətlərin əhatə dairəsinə görə ölkənin ən böyük dövlət qurumlarından biridir. Buraya yalnız ali təhsildə qeydiyyat üçün hər il 65 mindən çox vətəndaşımız müraciət edir. Bu  proses son 2 ildə elektronlaşdırılıb”.
 
Nazir müavini əlavə edib ki, bu prosesi nə qədər sürətli və məsuliyyətli etsək, vətəndaşlarda məmnuniyyət hissi bir o qədər artacaq. Son illərdə Elm və Təhsil Nazirliyi sistemində xidmətlərin elektonlaşması aparılır, bu sahədə müvafiq işlər görülür, ali təhsil müəssisələrinə qəbul, xaricdə təhsil və digər sahələrdə elekton xidmətlər inkişaf etdirilir.
 
Sənədlərin elektronlaşdırılması vətəndaşları bir sıra əlavə işlərdən azad edir 
 
Nazir müavini H.Həsənli bildirib ki, arayışların elektron qaydada verilməsinə başlanılması vətəndaşlarda məmnunluq hissini daha da artıracaq:
 
"Vətəndaşlar üçün bu ilin yayında keçiriləcək proses daha şəffaf və onları daha da razı salacaq qaydada baş verəcək. Bu sahədə müvafiq qurumlarla əməkadaşlığımız davam edəcək”.   
 
Tədbirdə qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən vətəndaşlara göstərilən daha bir xidmətin inteqrasiyası sahəsində işlər aparılır.
 
Hazırda  tibb müəssisələrində ən çox müraciət olunan arayışlar - işə, təhsil müəssisələrinə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlardır.
 
2023-cü il ərzində 28 min 893 nəfərə ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün, 4404 nəfərə isə “Sürücülüyə yararlı olmaq barədə” tibbi arayış təqdim olunub.
 
Qeyd olunub ki, elektronlaşma növbələrin qarşısını almaq, vətəndaşların vaxtına qənaət etməsinə köməklik göstərəcək.
 
Oruc MUSTAFAYEV