2023-cü ildə təhsildə başlıca hədəflər olaraq qarşıya qoyulmuş yeni dövrün çağırışlarına uyğun təhsil mühitinin formalaşmasına nail olmaq üçün məqsədyönlü fəaliyyət həyata keçirilib.

 

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da nəzərdə tutulduğu kimi, məqsədimiz məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, səriştəəsaslı məzmunun tətbiq olunması, idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi, rəqəmsal səriştələrin artırılması və s. digər müvafiq istiqamətlərdə tədbirlərin reallaşdırılmasından ibarətdir. Yeniliklərin tətbiqi, təşəbbüskarlıq, mövcud imkanlardan səmərəli istifadə, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıq­larının inkişaf etdirilməsi də əsas hədəflərdəndir. 

 

Ümumi statistika

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 676 təhsil müəssisəsi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 505 470 şagirdin təlim-tərbiyəsi ilə 29 544 müəllim məşğul olur.  

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 42 226, IX siniflərində 43 490, XI siniflərində 28 288, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 166 nəfər təhsil alır.

 

Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir

2023-cü ildə BŞTİ-nin tabeliyindəki 336 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub.

Həmçinin Bakı şəhəri Hövsan qəsəbəsində (MİDA Yaşayış Kompleksi) 13 və 14 saylı uşaq bağçaları istifadəyə verilib.

Bakı şəhəri Bakı şəhəri Ramana qəsəbəsində 347 saylı uşaq bağçası və Xocəsən qəsəbəsində 348 saylı uşaq bağçası yaradılıb. Hazırda həmin müəssisələrin fəaliyyətə başlaması üçün zəruri tədbirlər görülür.

 

21 000-dən çox uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

BŞTİ-nin tabeliyindəki 276 ümumi təhsil müəssisəsində 961 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 21 140 uşaq cəlb olunub.

Təqvim ilində ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş beşyaşlılara 2 212 resurs dəst paylanıb.

Pilot olaraq həyata keçirilən layihənin məqsədi məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların tədris ili boyu bacarıq və vərdişlərinin, estetik və yaradıcı bacarıqlarının inkişaf etdirilməsi, onların əl qabiliyyətlərinin, bədii yaradıcılıqlarının üzə çıxarılmasından ibarətdir. 

 

27 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərib

Ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 27 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərib.

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə yaradılmış Alternativ qeydiyyat mərkəzləri, eləcə də 3 “Whatsapp” nömrəsi vasitəsilə zəruri köməklik göstərilib.

 

47 854 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2023-cü ildə 47 854 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

 

72 paytaxt məktəblisi olimpiadada qalib olub

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 72 paytaxt məktəblisi qalib olub.  

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 18 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb. 

 

Respublika fənn müsabiqələrində 31 şagird qalib olub

Fənn müsabiqələrində BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan 31 şagird qızıl, gümüş və bürünc medal qazanıb. Onlardan 8 nəfəri riyaziyyat, 4 nəfəri fizika, 7 nəfəri biologiya, 1 nəfəri kimya, 11 nəfəri isə informatika fənni üzrə fərqlənənlər sırasında yer alıb.

 

24 məzun qızıl və gümüş nişana layiq görülüb

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini 2023-cü ildə 24 məzun qızıl və gümüş nişanla başa vurub.

Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.

 

1 919 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini 1 919 nəfər fərqlənmə attestatı ilə başa vurub.

Onlardan 1 029 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 890 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

 

Tədris ilinin ilk dərsləri

2023-2024-cü tədris ilində ilk dərslər “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

 

50 məktəbin İnkişaf Planı hazırlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi tərəfindən  il ərzində 50 məktəbin İnkişaf Planı hazırlanıb.

İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiyi keyfiyyət monitorinqinin nəticələri təhlil edilib, müvafiq müzakirələr aparılıb və məktəblərin inkişaf perspektivləri müəyyənləşdirilib.

Həmçinin inkişaf planlarının icrası istiqamətində təhsil müəssisələrinə mentor dəstəyi göstərilib.

 

20 000 mindən çox şagird təmayül sinifdə təhsil alır 

2023-cü ildə ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.

Belə ki, BŞTİ-nin tabeliyindəki 188 təhsil müəssisəsində təşkil edilən 922 təmayül sinifdə 20 592 şagird təhsil alır. 

Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

 

700-ə yaxın uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunub

BŞTİ-nin tabeliyindəki 16 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki 34 icma əsaslı məktəbəqədər təhsil qrupuna 696 uşaq cəlb olunub.

 

160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib

Bakı şəhəri üzrə 18 ümumi təhsil müəssisəsində 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib. 

İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

 

398 şagird fərdi təhsil alır

İl ərzində paytaxt üzrə 54 şagird fərdi təhsilə cəlb olunub.

Qeyd edək ki, ümumilikdə BŞTİ-nin tabeliyindəki 175 təhsil müəssisəsində 398 şagird fərdi təhsil alır.   

Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır. 

 

İşə qəbul üzrə 2 743 vakansiya təqdim olunub

 

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 743 vakansiya təqdim olunub.

 

Müsabiqələr nəticəsində il ərzində 2 258 nəfər işə qəbul olunub.

 

Bunlardan:

 

1 188   nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

889 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

181 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

 

Həmçinin il ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 485 ixtisaslı kadr dəvət edilib.

 

50 nəfər müxtəlif vəzifələrə işə təyin edilib

 

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 12 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 4 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 20 nəfər laborant, 2 nəfər kitabxanaçı, 4 nəfər kitabxana müdiri, 3 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər çağırışaqədərki hazırlıq rəhbəri il ərzində işə təyin edilib.

 

16 nəfər müdir vəzifəsinə işə qəbul hüququ qazanıb

 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqə keçirilib.

 

Müsabiqədə uğur qazanan 16 nəfər BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul hüququ qazanıb.

 

Məktəb idarəçiliyi

2023-cü il ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, həmçinin bir neçə direktorun iş yeri dəyişdirilib.

 

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 3 nəfər direktor vəzifəsinə təyin olunub, 5 direktorun iş yeri dəyişdirilib.

 

141 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

 

Çalışmanın yaş həddinə çatmış 20 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

 

Orta aylıq əmək haqqı 976 manat təşkil edib 

 

2023-cü ildə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 976 manat təşkil edib.

 

BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı isə 612 manat təşkil edib.

 

Paytaxtın 62 məktəbində şagird davranış qaydalar tətbiq olunur

 

BŞTİ-nin tabeliyindəki 62 məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” tətbiq olunur.

 

Qeyd edilən təlimat və qaydalar hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb.

 

175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb

BŞTİ-nin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.

 

Monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.

 

Buraxılış fənləri üzrə monitorinq aparılıb

 

BŞTİ tərəfindən III, VI, VII, VIII siniflərdə bir dəfə və IX siniflərdə isə dörd dəfə olmaqla buraxılış fənləri üzrə monitorinqlər aparılıb. Monitorinq nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub.

 

Buraxılış fənləri üzrə keçirilən monitorinqlərin əsas məqsədi proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

 

Buraxılış siniflərinin nəticələri təhlil edilib

Paytaxtın ümumi təhsil müəssisələrinin IX siniflərində keçirilmiş buraxılış imtahanlarının keyfiyyət təhlilləri aparılıb. Təhlillərin nəticələri barədə məlumatların aidiyyatı üzrə ötürülməsi həyata keçirilib.

 

Keyfiyyət təhlillərinin əsas məqsədi buraxılış imtahanlarında şagirdlərin nailiyyətlərini müəyyən etmək, problemləri vaxtında aşkarlamaq və bununla bağlı dəstək proqramlarının həyata keçirilməsini təmin etməkdən ibarətdir.

 

Azərbaycan dili fənni üzrə monitorinq keçirilib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IV, VI, VII və VIII siniflərində Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.

 

Monitorinq nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub.

 

Yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasından ibarətdir. Monitorinqin növbəti mərhələsi gələn ilin fevral ayında keçiriləcəkdir.

 

Hesabat formaları təkmilləşdirilib

 

Təhsil müəssisələrinin elektron hesabat və təqdimat modeli təkmilləşdirilərək məktəblərə təqdim olunub.

 

Qeyd edək ki, hazırlanan formalar üzrə paytaxtın təhsil müəssisələrinin hesabatları yığılacaq və fəaliyyət planlarının hazırlanması ilə bağlı görüşlər təşkil olunacaqdır.  

 

Model müəssisənin təhsil və digər ehtiyaclarının müəyyənləşdirilməsində, həmçinin illik və strateji planlaşdırmada baza rolunu oynayır.

 

Məktəblərin fəaliyyət planları təhlil olunub

 

Təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə fəaliyyət planları təhlil olunub.

 

Belə ki, fəaliyyət planları əvvəlcədən müəyyənləşdirilmiş 9 meyar üzrə ölçülüb və təhlil hesabatı hazırlanıb.

 

Fəaliyyət planlarının təhlil olunmasında əsas məqsəd təhsil müəssisələrinin illik fəaliyyətlərinin tələblərə uyğun olmasını müəyyənləşdirmək və spesifik planların hazırlanmasına dəstək olmaqdan ibarətdir.

 

320 direktor arasında keyfiyyət sorğuları aparılıb

 

Təhsil müəssisələri rəhbərliyinin idarəetmə səriştələrinin aşkarlanması istiqamətində sorğular keçirilib.

 

Təhsil müəssisələrinin direktorları tabeliyində olan təlim-tərbiyə işləri üzrə direktor müavinləri barədə verilmiş sualları cavablandırıblar. Sorğuda ümumilikdə 320 direktor 507 müavin haqqında sualları cavablandırıb. Növbəti mərhələdə sorğuya digər idarəedici heyət, müəllimlər və şagirdlər cəlb olunacaq. 

 

Sorğuların keçirilməsinin əsas məqsədi təhsilin keyfiyyətinin artırılmasına mane olan lokal problemləri aşkarlamaq və dəstək mexanizmlərini gücləndirməkdən ibarətdir.

 

46 məktəbdə operativ monitorinqlər keçirilib

 

Paytaxtdakı 46 ümumi təhsil müəssisəsində operativ monitorinqlər həyata keçirilib.

 

Monitorinqlər təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, metodiki işin təşkili, inzibati heyətin fəaliyyət istiqamətlərini əhatə edib.

 

35 meyar əsasında aparılan monitorinqlərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarətdir.

 

Məktəblərdə psixoloji xidmətin təşkilinə dəstək göstərilib

 

BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən paytaxtdakı təhsil müəssisələrinə psixoloji xidmətin təşkili və inkişafı istiqamətində dəstək göstərilib.

 

Belə ki, qeyd edilən istiqamət çərçivəsində 10 məktəbdə 242 dərs müşahidəsi aparılıb, 2 758 şagird arasında sorğu, 2 806 şagird arasında test həyata keçirilib, həmçinin 1 437 valideyn üçün maarifləndirici seminar təşkil olunub, 6 284 valideyn arasında “Google form” platforması üzərindən anonim sorğu aparılıb.

 

Eyni zamanda 643 müəllimlə şagirdlərin yaş xüsusiyyətləri, müəllim-şagird münasibətlərinin düzgün qurulması mövzusunda maarifləndirici seminarlar təşkil olunub, 27 məktəbdə psixoloqların fəaliyyətinin monitorinqi həyata keçirilib və 31 məktəbdə xüsusi hallarla bağlı iş aparılıb.          

 

200-dən çox məktəbdə rəqəmsal summativ qiymətləndirmə keçirilib

 

İl ərzində paytaxtdakı 200-dən çox ümumi təhsil müəssisəsində rəqəmsal summativ qiymətləndirmələr keçirilib.

 

Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmələr tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində texniki təminat və internet olduğu təqdirdə IV-XI siniflərdə bütün fənlər üzrə (fiziki tərbiyə, təsviri incəsənət, musiqi, çağırışaqədərki hazırlıq, texnologiya istisna olmaqla) aparılır.

 

BSQ materialları təhlil olunub

BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsi üzrə böyük summativ qiymətləndirmə (BSQ) tapşırıqları çətinlik səviyyəsi, şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi, məzmun xətləri və məzmun standartlarının uyğunluğuna görə təhlil olunub və müvafiq tövsiyələr hazırlanıb. Summativ qiymətləndirmənin təşkili bazası üçün hazırlanmış forma təhsil müəssisələrinə təqdim edilib.

 

“Məktəblinin dostu” layihəsi

 

“Məktəblinin dostu” layihəsi BŞTİ-nin tabeliyindəki 191 ümumi təhsil müəssisəsini əhatə edir. Həmin məktəblərdə layihənin 182 əməkdaşı çalışır.

 

2023-cü il ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər keçirilib.

 

Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.

 

36 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir

 

Paytaxtdakı 36 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunur.  

 

BŞTİ-nin tabeliyindəki 1, 10, 44, 64, 87, 88, 97, 117, 120, 123, 138, 142, 166, 172, 171,179, 181,185, 194, 208, 209, 213, 228, 234, 262, 265, 266, 274, 293, 301, 302, 306, 318, 321, 327 və 329 nömrəli təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. 

 

BŞTİ tərəfindən 15 layihə həyata keçirilib

 

BŞTİ tərəfindən 2023-cü il ərzində təhsil müəssisələrində 15 layihə həyata keçirilib.

 

“Tarix yazan müəllimlər”, “Onlayn kitab klubu”, “Məktəbdə...”, “Yaşıl layihə: Təbiəti qoruyanlar”, “Ailəm və məktəbim”, “7-dən 17-yə vətənpərvər!”, “Peşəkarlıq yolunda”, “Biliyini paylaş”, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”, “Dəyərlərimizi qoruyaq!”, “Zərərli vərdişlərə birlikdə yox deyək”, “Yeniləşən məktəb”, “Bir məktəb-bir klub”, “İdmansevərlər” və Valideynlər üçün “Payız məktəbi” adlı layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “eTwinning Plus”, STEAM layihələrində də fəal iştirak edib.

 

Həmçinin paytaxt məktəblərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) həyata keçirilib. Layihəyə BŞTİ-nin tabeliyindəki 42 məktəb cəlb olunub.

 

BŞTİ tərəfindən 8 müsabiqə və olimpiada keçirilib

 

BŞTİ tərəfindən paytaxtın təhsil müəssisələri arasında 8 müsabiqə və olimpiada təşkil edilib.

 

Paytaxt məktəbləri arasında keçirilən “Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya", “Qarabağı tanıt” mövzularında təqdimat müsabiqələri,  “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi, “Düşünən şagird”,  “Ən yaxşı məktəb saytı” müsabiqələri, “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsi, həmçinin II Bakı Elm Olimpiadası və Ortaq Türk Dünyası Olimpiadasının əsas məqsədi şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin onlarda sağlam rəqabət hissinin formalaşdırılmasından ibarətdir.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sabahın alimləri”, “Ən yaxşı təqdimat”, SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı, “Gənc iqlim çempionları 2023”, Lütfi Zadə adına Məntiq Olimpiadası, fənn müsabiqələri və fənn olimpiadalarında iştirak edərək qaliblər sırasında yer alıblar.  

 

Paytaxt üzrə 125 qrant layihə

 

Paytaxt üzrə qalib olan 69 layihənin icrası reallaşdırılıb, 56 layihənin icrasına başlanılıb.

 

Belə ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində paytaxt üzrə qalib olan 69 layihənin icrası reallaşdırılıb. Həmçinin VII qrant müsabiqəsində 56 layihə qalib olub. Qalib olan layihələrin icrasına başlanılıb.

 

Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.

 

Təhsil İdarəsində 27 könüllü fəaliyyət göstərib

 

BŞTİ tərəfindən VII Könüllülük Proqramı həyata keçirilib.

 

VII Könüllülük Proqramına 100-dən çox gənc elektron qaydada ([email protected]) müraciət edib. Onlardan 70 nəfər müvafiq meyarlar əsasında müsahibəyə çağırılıb. Seçimlərin nəticələrinə uyğun olaraq, 27 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrinə könüllü kimi cəlb olunub.

 

Ali məktəblərlə Startap sahəsində əməkdaşlıq

 

BŞTİ tərəfindən ali məktəblərlə birgə Startap Proqramının reallaşdırılması üzrə əməkdaşlığa başlanılıb.

 

Proqram çərçivəsində məktəblilərin innovativ təşəbbüslərinin dəstəklənməsi və yaradıcı ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaradılması məqsədilə Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində görüşlər keçirilib.

 

Paytaxtdakı 62 nömrəli məktəb-liseyin şagirdi Həsən Quliyev məktəbli Startap Proqramının rəhbəri seçilib.  

  

210 məktəbdə STEAM layihəsi tətbiq edilir

BŞTİ-nin tabeliyindəki 210 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.

 

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir. 

 

Beynəlxalq STEAM Azərbaycan Festivalında 64 şagird fərqlənib

SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 64 şagird fərqlənib. 16 şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.

 

Qeyd edək ki, SAF 2023-ün keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlərin XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

 

202 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunur

 

Paytaxtın 202 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunur.

 

Layihə çərçivəsində 900 müəllim müvafiq təlimlərdən keçib.

 

Həmçinin şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqəsi təşkil olunub.

 

10 paytaxt məktəblisi ən yaxşı təqdimat müəllifi olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdlərindən 3 nəfər I, 2 nəfər II, 2 nəfər III dərəcəli diplomla, 3 nəfər isə “Tərifnamə” ilə təltif olunub. 

 

“Kiçik Akademiya”lara 16000-dən artıq şagird cəlb olunub

 

İl ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən “Kiçik Akademiya”lara 16 000-dən artıq şagird cəlb olunub, 2 000-dən artıq tədbir keçirilib. Layihə çərçivəsində şagirdlər tərəfindən 2 500-dən artıq mövzu tədqiq olunub.

 

Həmçinin Bakı şəhərinin inzibati rayonları üzrə bütün məktəblərin iştirakı ilə Akademiyanın yarımillik və illik hesabat konfransları keçirilib.

 

Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

 

Valideynlər üçün yay və payız məktəbləri təşkil olunub

 

BŞTİ-nin təşəbbüsü ilə paytaxtdakı ümumi təhsil məktəblərində valideynlər üçün yay və payız məktəbləri təşkil olunub.

 

Təşəbbüsün əsas məqsədi uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etmək, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, şagirdlərin asudə vaxtının səmərəli təşkili istiqamətində müvafiq tövsiyələr vermək və qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaqdan ibarətdir.

 

15 000-dən çox məktəbli “Bilim Bakı”ya cəlb olunub

Paytaxtın 307 məktəbindən 15 000-dən çox şagird “ASAN xidmət”in nəzdində fəaliyyət göstərən “Bilim Bakı” mərkəzində müxtəlif dərnəklərə və təlim proqramlarına cəlb olunub.

 

Ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi gənc nəslə XXI əsr bacarıqlarının aşılanmasına, elmi biliklərin təcrübədə tətbiqinə, onlarda texnoloji marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın artırılmasına imkan yaradır.

 

80 nəfər paytaxt məktəblisi “Deneyap” laboratoriyasında

 

80 nəfər paytaxt məktəblisi “ASAN xidmət”in nəzdində fəaliyyət göstərən "Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına cəlb olunub.

 

Məktəblilərə XXI əsr bacarıqlarını əldə etməyə imkan verən “Deneyap” texnologiya laboratoriyasında şagirdlər dizayn və istehsal, robototexnika və kodlaşdırma, aviasiya və kosmik texnologiyalar, nanotexnologiya və materialşünaslıq, süni intellekt, kibertəhlükəsizlik, mobil tətbiq və digər mövzular üzrə iki illik texnologiya təhsili alırlar.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı çərçivəsində yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasının təlim proqramlarında IV-VII sinif şagirdləri iştirak edirlər.

 

Eksternat imtahanlarında 1223 nəfər iştirak edib

Təqvim ili ərzində Bakı şəhəri üzrə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanlarına 1223 nəfər qatılıb.

 

Eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Qeyd edək ki, eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olurlar.

 

İstedadlı şagirdlər üçün eksternat imtahanları keçirilib

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. 1 (bir) şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.

 

Ali məktəblərə qəbul imtahanlarında maksimum nəticə

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin məzunları - 299 nömrəli məktəb-liseyin məzunu Abdullayev Emil Rasim oğlu, 147 nömrəli Texniki-Humanitar Liseyin məzunu Hüseyn Saud Vasif oğlu  I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında bütün suallara düzgün cavab verərək 400 bal toplayıblar.

 

Paytaxt məktəbliləri idman yarışlarında 4 933 medal qazanıb

 

İl ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 1 963 qızıl, 1 472  gümüş, 1 498 bürünc olmaqla, ümumilikdə 4933 medal əldə ediblər. 

 

Azərbaycan Müəllimlərinin XVI Qurultayı keçirilib

Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilib.

 

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən qurultay iki gün davam edib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qurultayda təhsilin aktual mövzularına dair panel sessiyaları da maraqlı müzakirələrlə yada qalıb.

 

Qurultayda, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub.

 

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.

 

Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib

 

BŞTİ və onun tabeliyindəki təhsil müəssisələri tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və  “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.

 

Belə ki, paytaxt məktəbliləri arasında festival, konfrans, simpozium, akademik seminar, olimpiada, bilik yarışları, müsabiqə və ağacəkmə aksiyaları keçirilib, həmçinin Ulu Öndərə həsr olunmuş kitab təqdimatları baş tutub. Keçirilən tədbirlər arasında  Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadası, “Heydər Əliyev-türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı, I Bakı İdman Festivalı, “Ulu Öndəri düşünərkən”, “Azərbaycan mənim ürəyimdir!” adlı rəsm müsabiqələri və “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsi xüsusilə diqqət çəkib.

 

Eyni zamanda İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev irsinin öyrədilməsi mövzusunda dərslər keçirilib.

 

Təhsil işçiləri üçün maarifləndirici görüşlər

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri və pedaqoji heyəti, həmçinin məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün maarifləndirici və hesabat xarakterli görüşlər, təlim və seminarlar keçirilib.

 

24 000-dən çox müəllimi əhatə edən təlimlər keçirilib

 

BŞTİ tərəfindən 24 363 müəllimi əhatə edən təlimlər keçirilib.

 

Təlimlər fənlər üzrə elektron tədris resurslarının hazırlanması, müasir tədris modelləri, məktəbdaxili monitorinqlərin təşkili, şagirdlərin sosial emosional sağlamlığı və təhlükəsizliyi, istedadlı şagirdlərlə işin təşkili, şagirdlərdə yaradıcı təfəkkürün inkişafı, problem həllinə kreativ yanaşma, inklüziv sinifdə təlimin təşkili metodikası, uşaq psixologiyasının əsasları, sinfin idarə olunması, İKT vasitəsilə kommunikasiya, beynəlxalq öyrənmə platformalarından istifadə üzrə bacarıqların formalaşdırılması və digər mövzulara həsr olunub, həmçinin fənn müəllimlərini əhatə edən ixtisasartırma və metodiki seminarlar baş tutub.

 

Eyni zamanda BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, müəllim, kitabxana müdiri, metodbirləşmə rəhbəri, psixoloq, məktəbəqədər təhsil müəssisəsi rəhbəri, hərbi rəhbər və metodistlər üçün seminar, təlim və ustad dərsləri keçirilib.

 

Müəllimlər üçün çoxsaylı resurs, təqdimat və proqramlar hazırlanıb

 

BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən paytaxt məktəbləri və məktəbəqədər təhsil müəssisələrində faəliyyət göstərən müəllim və tərbiyəçi-müəllimlər üçün çoxsaylı təqdimat, proqram, metodiki və maarifləndirici resurslar hazırlanıb.

 

Müəllimlərə dəstək göstərilməsi, onların peşəkarlıq və səriştəliliyinin yüksəldilməsi, məktəb-valideyn-müəllim əlaqələrinin inkişaf etdirilməsi, həmçinin şagirdlərin təlim nəticələrinin müəyyənləşdirilməsi, uşaqların məktəbə adaptasiyası, sosial bacarıqların formalaşdırılması və bu kimi digər istiqamətləri əhatə edən resurslar hazırlanaraq paytaxtdakı təhsil müəssisələrinə göndərilib.

 

526 nəfər təhsil işçisi vətəndaş məmnunluğu mövzusunda təlimlərə qatılıb

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları, direktor müavinləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün təlimlər keçirilib. Təlimlərdə Bakı şəhəri üzrə ümumilikdə 526 nəfər iştirak edib.

 

Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil edilən təlimlərdə təhsil işçilərinə müasir vətəndaşın tələbləri, vətəndaşlara xidmət, eyni zamanda bu prosesin idarə olunması, məmnunluq anlayışının əhəmiyyəti və digər mövzularda məlumat verilib.

 

Müəllimlərin sertifikatlaşdırılma prosesi ilə bağlı görüşlər

 

Müəllimlər il ərzində sertifikasiya prosesi ilə bağlı keçirilən görüşlərdə imtahan və müsahibə mərhələsinin məzmunu, əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, bölmələr və mövzular barədə məlumatlandırılıblar.

 

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması, onların inkişafına nail olunması və təlim ehtiyaclarının müəyyənləşdirilməsindən ibarətdir.

   

Koordinasiya Şurası yaradılıb

 

BŞTİ tərəfindən müvafiq dövlət qurumları ilə birlikdə Koordinasiya Şurası yaradılıb.

 

Qurumlararası əməkdaşlığa əsaslanan Koordinasiya Şurasının yaradılmasında əsas məqsəd müvafiq qurumların təhsilalanlara, təhsilverənlərə və təhsil prosesinin digər iştirakçılarına dair daxil olmuş məlumatların və müraciətlərin çevik mübadiləsini aparmaq, təxirəsalınmaz tədbirləri təmin etmək, uşaqların müdafiəsi işində fəal iştirak etmək və əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir.

 

Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub

Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.

 

Paytaxt məktəbliləri üçün maarifləndirici təlimlər

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış, peşə seçimi, İKT sahəsində savadlılığın artırılması, reproduktiv sağlamlıq və digər mövzularda maarifləndirici tədbirlər keçirilib.

 

Paytaxt üzrə 172 məktəb Milli Qəhrəman və şəhid adını daşıyır

 

BŞTİ-nin tabeliyindəki 172 təhsil müəssisəsi Milli Qəhrəman və şəhid adını daşıyır.

 

Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

 

Təmir, tikinti, təchizat

 

2023-cü ildə BŞTİ-nin tabeliyindəki 51 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.

 

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 1 məktəbəqədər təhsil müəssisəsində (257) əsaslı təmir işləri aparılıb. Bakı şəhəri Hövsan qəsəbəsində 2 yeni məktəbəqədər təhsil müəssisəsi (13 və 14 saylı uşaq bağçaları)  istifadəyə verilib.

 

4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, A.Məmmədov adına) təmir işləri aparılır. Eyni zamanda 1 məktəbdə (313) əsaslı təmir işləri və əlavə korpusun tikintisi davam edir.

 

Birgə fəaliyyət - 274 müqavilə imzalanıb

 

Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, BŞTİ-nin tabeliyindəki məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kursların təşkili üçün 262 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.

 

Həmçinin ali təhsil və orta ixtisas müəssisəsi tələbələrinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində pedaqoji təcrübə keçmələri ilə bağlı 163 ümumi təhsil müəssisəsini və məktəbəqədər təhsil müəssisəsini əhatə edən 12 ikitərəfli müqavilə imzalanıb. 

 

141 nəfər təhsil işçisi təltif edilib

 

BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri təltif edilib.

 

Belə ki, BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən pedaqoji fəaliyyətlərində səmərəli xidmətlərinə, həmçinin yubileyləri münasibətilə 120 nəfər məktəb rəhbərinə (39 direktor, 81 direktor müavini) və təhsil sahəsində çalışan 21 nəfər Vətən Müharibəsi iştirakçısına, eyni zamanda şəhid ailələrinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.

 

211 mindən çox müraciət daxil olub

 

2023-cü il ərzində BŞTİ-yə 211 133 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

 

Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 134 018 zəng daxil olub.

 

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 2 724 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.

 

Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 38 121 müraciət daxil olub.

 

36 270 sənəd (vətəndaşlar tərəfindən 10 478 ərizə, 8 014 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 3 976, digər qurumlardan 2 684, tabelikdə olan təhsil müəssisələrindən 6 216 məktub və 4 902 kadr ərizəsi) qəbul olunub.  

 

İctimaiyyətlə əlaqələr genişləndirilir

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş ve­rən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətindəki işlər 2023-cü ildə də müvafiq qaydada yerinə yetirilib.

 

BŞTİ-nin və təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dolğun məlumatlar ictimaiyyətə təqdim olunub, media ilə səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular cavablandırılıb.

 

Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün əlverişli şərait yaradılıb. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, İdarə rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.

 

Kütləvi informasiya vasitələri üçün BŞTİ-nin tədris və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən məlumatlar hazırlanıb.

 

Həmçinin ictimai maraq doğuran şəxslərlə şagirdlərin görüşü təşkil olunub, paytaxt məktəblərinin uğurları və Vətən Müharibəsində iştirak etmiş müəllimlər barədə layihələr həyata keçirilib.