İnklüziv siniflərdə tədris necə aparılır?


Hazırda 13 region üzrə 38 ümumi təhsil müəssisəsində ümumilikdə 200-dən çox əlilliyi olan şagird təhsilə cəlb olunub.

 

İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsini genişləndirmək, Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirmək məqsədilə 2021/2022-ci tədris ilindən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Elm və Təhsil Nazirliyi və UNICEF ilə birgə “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə həyata keçirilir.

 

Təhsildə inklüzivlik bütün təhsilalanların bərabər imkanlar əldə etməsini nəzərdə tutur.

 

Bakı şəhəri 138 nömrəli tam orta məktəb inklüziv siniflərin təşkil olunduğu məktəblərdən biridir

 

Bu sinifdə dərs deyən ibtidai sinif müəllimi Gülər Abdullayeva ilə söhbətləşdik. Gülər müəllim 2015-ci ildən inklüziv təhsildə fəaliyyət göstərir. O, layihə üzrə dərs deməzdən əvvəl UNICEF və Elm və Təhsil Nazirliyinin xətti ilə Almaniyada təlimlərdə iştirak edib: “İnklüziv təhsil həyatımı, ümumiyyətlə, həyata baxışımı dəyişdi. Əvvəllər əlilliyi olan uşaqlarla işləməmişdim, mənə çox çətin gəlirdi”.

 

“Onlar özlərini uşaqların yanında böyük bacı, qardaş kimi hiss edirlər”

 

Gülər müəllim deyir ki, illərdir inklüziv təhsilin həm əlilliyi olan uşaqlar, həm də digər uşaqlar üçün çox böyük əhəmiyyətini görür. O bildirir ki, əlilliyi olan uşaqların valideynləri də bəzən uşaqlarını cəmiyyətdən gizlədirdilər, ancaq indi onlar da böyük həvəslə uşaqlarını məktəbə gətirirlər. Bu uşaqlar məktəb mühitinə düşəndə getdikcə dostluqlar qururlar, müəyyən bacarıqları inkişaf edir, cəmiyyətə adaptasiyaları sürətlənir.

 

Əslində Gülər müəllimin şagirdlərlə bir-birləri arasında dostluğun və düzgün münasibətlərin qurulmasına təsiri olan maraqlı yanaşması var: “Biz  onlara aşılayırıq ki, dostlara qayğı lazımdır. Onlar özlərini uşaqların yanında böyük bacı, qardaş kimi hiss edirlər və bu da uşaqlarda xeyirxahlıq, qayğıkeşlik kimi gözəl xüsusiyyətlər formalışdırır. Bir şagirdim var, dərslərini zəif oxuyurdu, özünəgüvəni zəif idi. Mən o uşağa əlilliyi olan uşaqlardan birinə dəstək olmağı xahiş etdim. O, sinif yoldaşının çantasını yığmağa, kitablarını səliqəyə salmağa və digər işlərdə ona kömək etməyə başladı. Mən getdikcə müşahidə etdim ki, bu uşağın da xarakteri dəyişdi, məsuliyyəti artdı”.

 

Gülər xanım vurğulayır ki, əlilliyi olan uşaqların valideynləri ilə sıx əlaqə qurmaq, onlardan övladının xarakteri, davranışı barədə daha dəqiq məlumatları öyrənmək lazımdır. Bu yanaşma həmin uşaqlarla işləməyi də asanlaşdırır.

 

“Autizm sindromu olan uşaq evdən gizlin qaçıb məktəbə gəlmişdi”

 

“Hətta məndə bir dəfə belə bir hadisə də olmuşdu. Bir uşaq dərsə gəlməmişdi, yəni valideynləri gətirə bilməmişdilər. Autizm sindromu olan uşaq idi. Özü evdən xəbərsiz hazırlaşıb məktəbə gəlmişdi. Valideyn təlaşla zəng etmişdi ki, uşaq itib. Məktəbə gəldiyini biləndə özləri də çox təəccüblənmişdilər, həm də sevinmişdilər ki, uşaq məktəbə belə böyük maraq göstərir”.

 

Gülər müəllimin şagirdlərindən biri olan Yusifin anası Vəfa Əliyeva inklüziv təhsildən çox razılığını bildirib. İbtidai təhsil səviyyəsini başa vuran və hazırda 5-ci sinifdə təhsil alan Yusifin inklüziv sinif təhsilinin onun həyatını dəyişdiyini deyir, Vəfa xanım: “Bu təhsil oğlumun həm cəmiyyətə adaptasiyasında, həm sosiallaşmasında, nitqinin inkişafında, davranışında, yəni hər cəhətdən çox kömək oldu. Yusif artıq  yazır, oxuyur, şeir əzbərləyir, musiqi dərsinə qoşulur, rus və ingilis dillərində öz səviyyəsinə uyğun tapşırıqları həll edir, cavab verir. Gülər müəllimdən həm də ona görə çox razıyam ki, uşaqlar arasında da dostluq, doğmalıq qura bilib. Bir valideyn olaraq bu sistemin yaradılmasından çox məmnunam”.

 

İnklüziv təhsil bölgə məktəblərində

 

İnklüziv siniflərin bölgə məktəblərində təşkil olunmasına da xüsusi diqqət ayrılır, layihənin hər il əhatə dairəsi genişləndirilir. Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yetər Vəliyeva ilə də söhbət apardıq.

 

Yetər müəllim deyir ki, əvvəlki illərdən fərqli olaraq əlilliyi olan uşaqların valideynləri bu təhsildən yararlanmaq üçün çox böyük maraq göstərirlər. Uşaqlarının sosiallaşdığını, ünsiyyət və akademik bacarıqlarının inkişafını görmək onları da həvəsləndirir, narahatlıqlarını aradan qaldırır. “Mən bunu öz müşahidələrimdə də görürəm, digər şagirdlərin valideynləri də əlilliyi olan uşaqların valideynləri ilə daim əlaqə saxlayırlar. Bu münasibət uşaqlara da müsbət təsir edir, uşaqların bir-birlərinə necə qayğı göstərdiklərini, necə əməkdaşlıq etdiklərini görmək məni bir müəllim kimi də çox sevindirir.

 

Mən də bir müəllim olaraq o uşaqlarla işləməkdən çox məmnunam. Dərs prosesimi elə qurmağa çalışıram ki, sinifdəki bütün şagirdlər dərsdən eyni səviyyədə öyrənə bilsinlər. Hətta baxıram ki, heç mən uşaqlara nəsə demədən, tapşırıq vermədən özləri yoldaşlarına kömək edirlər, onlara yazı işlərində, fikirlərini ifadə etməkdə dəstək olurlar”.

 

Yetər müəllim əlilliyi olan şagirdlərin dərsə çox böyük həvəslə, məsuliyyətlə gəldiyini deyir, onların çox nadir hallarda dərsdən qaldıqlarını bildirir: “Dərsi necə eləmək, nəyi eləmək, nə zaman tənəffüsə çıxmaq, nə zaman hətta yemək yeməyin də zamanı tənzimləyiblər. Digər yoldaşlarına baxırlar, onlar kimi məktəb qaydalarına riayət edirlər. Əlbəttə ki, bu, mənim üçün sevindirici haldır ki, onlar inklüziv təhsil sayəsində cəmiyyətə adaptasiya olurlar. Bu işdə məktəbin psixoloqu ilə əməkdaşlıq edirik və belə gözəl nəticələri görmək bizim üçün çox xoşdur”.

 

Yetər müəllimin şagirdi olan Ləmanın anası Sayalı Abdullayevanın da fikirlərini öyrəndik. “Qızım məktəbə başlamamışdan öncə hərflərin bəzilərini tanıyırdı, indi isə yeni hərfləri tanıyır, saymağı bacarır. Qızımın üzərində hər iki müəlliminin - həm sinif, həm də korreksiyaedici müəllimin böyük əziyyəti var. Çox şadam ki, inklüziv təhsil var və biz bu təhsildən yararlanırıq”.

 

Gülnarə İLHAM