Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Gənclər Təşkilatına (TGT) yeni sədr seçilib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən təşkil edilən seçkilərdə BMU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə (tədris ingiliscə) ixtisasının II kurs tələbəsi Canel Xəlilov səs çoxluğu ilə üstünlük qazanıb.

 

Ali təhsil müəssisəsinə daxil olduğu ildən müxtəlif layihələrdə, universitetin ictimai-sosial həyatında  fəal iştirakı ilə fərqlənən C.Xəlilov İqtisadiyyat və idarəetmə fakültəsinin TGT üzrə sədri, 2022-ci ilin yanvar ayından isə BMU TGT-nin sədr müavini olub.

 

C.Xəlilov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyətinə də qoşulub. O, 2022-ci il 15 iyul - 15 oktyabr tarixlərində I saylı Gəncə regional ASAN Xidmət Mərkəzində könüllü fəaliyyəti çərçivəsində dövlət xidmətlərinin göstərilməsi, ictimai əhəmiyyətli layihələrin keçirlməsi prosesində, həmçinin könüllülərin fərdi inkişafına yönəlmiş təlim və layihələrdə fəal iştirakına görə I dərəcəli sertifikatla təltif olunub.

 

Bununla yanaşı, C.Xəlilov təhsildə və ictimai işlərdə əldə etdiyi uğurlara görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərmanla təltif olunub və qurumun adlı təqaüdünə layiq görülüb.

 

BMU TGT 2016-cı ilin fevral ayından fəaliyyət göstərir. Təşkilatın əsas vəzifə və məqsədi tələbələrin hüquqlarının qorunması, maarifləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsi, həmçinin onların iştirakı ilə müsabiqələrin, seminarların, sərgilərin, elmi konfransların və təlim kurslarının gerçəkləşdirilməsidir.