Oktyabrın 3-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birgə Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunan elmi tədbirlər planı çərçivəsində “Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdən öncə UNEC Dizayn Məktəbinin tələbələrinin ekologiyaya həsr etdikləri rəsm sərgisi, eləcə də ekoloji təmiz parçalardan hazırlanmış geyim nümunələri ilə tanışlıq olub. Qida mühəndisliyi ixtisasının tələbələrinin UNEC-in Qida təhlükəsizliyi laboratoriyasında hazırladıqları ekoloji təmiz qidaları dequstasiya ediblər və yaşıl iqtisadiyyatla bağlı kitab sərgisini izləyiblər.
 
Dünyanın ayrı-ayrı ölkələrinin nüfuzlu ali təhsil müəssisələrindən olan alimlərin, tədqiqatçıların iştirak etdiyi yüksək səviyyəli beynəlxalq elmi-praktik konfrans UNEC-in Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, UNEC Avrasiya Beynəlxalq Tədqiqat mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə keçib.
 
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov yaşıl  UNEC çərçivəsində COP29-a həsr olunan silsilə tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb, konfransın bu istiqamətdə növbəti addım olduğunu deyib. Rektor hələ 2018-ci ildə ali təhsil müəssisəsinin strateji fəaliyyət planı hazırlanrkən bu sənddə UNEC-in strateji hədəflərindən birinin 2030-cu ilədək yaşıl universitetə çevrilmək olduğunu bildirib: “Biz yaşıl UNEC çərçivəsində tədbirlər planı həyata keçiririk. 2018-ci ildə UNEC 2030-cu il strategiyası hazırlanıb və və bizim strateji hədəflərimizdən biri 2030-cu ildə yaşıl universitet modelinin reallaşdırılmasıdır”.
 
Ə.Muradov qeyd edib ki, iqtisadi resursların olduqca məhdudluğu və tükənməyə məruz qalması yeni iqtisadi inkişaf modellərinin ortaya qoyulmasını tələb edir. UNEC QS Sustainability Rating 2024 dayanıqlılıq indeksinə görə ölkəmizdə birincidir. Və bizim alimlərimizin dayanıqlı inkişaf məqsədləri üzrə təqribən 400-dən çox məqaləsi dərc olunub. Bu da “Yaşıl dünya naminə həmrəylik ili”ndə çox vacib bir göstəricidir.
 
Rektor bildirib ki, bu konfrans bizim Rusiya Federasiyasının Sankt- Peterburq Dövlət İqtisad Universiteti ilə birgə həyata keçirdiyimiz silsilə tədbirlərdən biridir. Ə.Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə çox məhsuldar əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bu əməkdaşlıq sahələri arasında UNEC tələbələrinin Rusiyanın adıçəkilən ali təhsil müəssisəsində bir semestr təhsil alması, doktorantlarımız üçün yer ayrıldığını vurğulayıb.
 
Rektor Ədalət Muradov qeyd edib ki, ölkəmizdə COP 29-la  bağlı çoxlu tədbirlər keçirilir. Bugünkü konfrans da həmin mövzuya həsr edilmiş tədbirlərdən biridir, konfransda qoyulan mövzular çoxdur.  “Əminəm ki, bu konfrans çərçivəsində COP 29 –la, yaşıl dünya ilə bağlı sualların cavabını gözləyənlər çoxdur”. 
 
Rektor əlavə edib ki, “təhsilin yaşıllaşdırılması ilə bağlı söhbətlər çoxdur.  Ancaq yaşıl təhsil nə deməkdir, burada ciddi boşluqlar var. Onun üçün də biz təklif etdik ki, COP 29 çərçivəsində Azərbaycanda keçirilən müzakirələrdən birinin də təhsilin yaşıllaşdırılması, yaşıl təhsil modelinin konfiqurasiyasının müzakirəsinə həsr edilməsi yaxşı olardı”. 
 
Azərbaycan bəşəri dəyərlərə daim hörmət edən dövlətdir
 
Konfransda çıxış edəm Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov müasir çağırışlardan və ölkələrin ekoloji problemlərin həllinə yanaşmalarından bəhs edib. Komitə sədri qeyd edib ki,  ölkəmizdə iqlim dəyişmələrinə dair Tərəflər Konfransı COP29 bəşəriyyət üçün yaranan bir çox təhlükələrə qarşı səmərəli həllər tapmağa çağırır.
 
Onun sözlərinə görə, COP29 -un Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Bu gün Azərbaycan bir dövlət olaraq bəşəri dəyərlərə xüsusi həssaslıqla yanaşır. Bir sıra inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrdən fərqli olaraq Azərbaycan pandemiya dövründə 30-dan artıq kasıb ölkəyə yardımlar göstərib. Çünki Azərbaycan bəşəri dəyərlərə daim hörmət edən dövlətdir.
 
  Konfransın əhəmiyyətinə toxunan S.Qurbanov qeyd edib ki, biz universitetlərdə elmi resurs mərkəzləri yaratmalı və onları ekoloji və iqlim problemlərinin həllinə yönəltməliyik. Ekoloji maarifləndirmənin, yeni texnologiyaların inkişafının əhəmiyyətindən danışan komitə sədri əlavə edib ki, bu konfransda əldə olunacaq elmi-praktik nəticələr bəşəriyyətin xilasına öz töhfəsini verəcək.
 
Ali məktəblərimiz arasında əlaqələr konkret işlərlə davam edir
 
Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru professor İqor Maksimtsev tədbir iştirakçılarına onlayn təbriklərini çatdırıb. Rektor konfransın Azərbaycanın evsahibliyi etdiyi  COP29 ərəfəsində keçirilməsini yüksək qiymətləndirib. Əmin olduğunu bildirib ki, Rusiya və  Azərbaycandan olan alim, mütəxəssislər, ekspertlər tədbirdə  yaddaqalan çıxışlar edəcək və naraqlı  təkliflər səsləndirəcəklər.  Rektor ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib. İ.Maksimsev məmnunluq hissi ilə bildirib ki, ali məktəblərimiz arasında  əlaqələr konkret işlər, birgə layihələrlə davam edir.
 
Yaşlı transformasiyada təhsil məsələsi çox vacibdir
 
Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini professor Lütfihak Alpkan çıxışında yaşıl transformasiyaya keçidlə bağlı geniş təqdimatla çıxış edib. Nazir müavini yaşıl transformasiyanı doğuran faktorlar şərtləndirən, iqlim dəyişikliyi, qqlim dəyişikliyinin yaratdığı böhranlar və onların aradan qaldırlılması, dünya ölkələrində ətraf mühitin çirkləndirilməsinə dair statristik rəqəmləri və eləcə yeni iş yerlərinin yaradılması və mşşğulluğa təsir edən amillər barədə danışıb.
 
Dünya ölkələrində iqlim problemlərini həll etmək üçün karbon emissiyalarının həcminin azaldılması zəruriliyindən danışan qonaq qeyd edib ki, bu vəzifə iqlim problemlərinə yol açan müəssisələrin və iş yerlərinin ixtisarı deməkdir. Bu, öz növbəsində işsizliyə gətirən amildir. İqlim problemlərindən danışarkən türkiyəli qonaq qeyd edib ki, hər gün 13 min insan iqlim problemlərinin yaratdığı xəstəliklərdən  dünyasını dəyişir. Dünyada insan sayı artır, bu da ətraf mühitin çirklənməsini daha artırır. O, qeyd edib ki, bir çox ölkələrdə sintetik məhsulların yaradılması mövcud problemlərin həlli deyil. Əksinə, bu, yaşayımız üçün problem yaradan amildir, bu sahədə dünyada böhran yaşanır. Nazir müavini əlavə edib ki, dünyada istehsal olunan  məhsulların 5 faizi ətrafa atılır. Bu is çirklənməni 20 faiz artırır. Müəssisələrin buraxdığı zərərli qazların a 81 faizini CO2 təşkil edir. 
 Hazırda ətraf mühiti ən çox çirkləndirən ölkələr bunlardır: Çin, ABŞ, Hindistan, Rusiya, Yaponiya. Türkiyə bu sahədə 14-cü sıradadır.  Onun sözlərinə görə, Paris İqlim Sazişinə əsasən, qlobal istiləşmə 1,5°C səviyyəsində qalmalıdır, bu da yaşıl transformasiya sayəsində mümkündür.Türkiyəli qonaq əlavə edib ki, yaşıl transformasiyanın bir sıra zərərli yan təsirləri də var. Məsələn, elektriklə işləyən maşınlar - onlar batareya ilə işləyir. Bu batereyanın isə hansı təsirləri olacaq, bunu gələcək göstərəcək.
 
Lütfihak Alpkan konfransda tələbələrin də iştirak etməsini nəzərə alaraq qeyd edib ki,  yaşlı transformasiyada təhsil məsələsi çox vacibdir. Çox peşə dəyişmək də mənfi təsirlərə malikidir. Çünki çox peşə dəyişmək insanın özünü də dəyişəcək.
 
"Əzbərləməyı deyil, öyrənməyə üstünlük verin. Yaradıcılığa daha çox önəm verin. Yaradıcılıq beynin fəaliyyətinin əsasıdır",  - deyən nazir müavini əlavə edib ki, “yeni bacarıqlar öyrənmək, bu bacarıqlarla yeni nələrsə yaratmaq lazımdır. Yeni bacarıqlar yaradan gənclik yetişdirməliyik”.
 
Tələbələrə müraciətində türkiyəli nazir müavini qeyd edib ki, həm yaşıl transformasiya sahəsində mücadilə edəcək, həm də ondan istifadə edəcəksiniz. Yaşıl transformasiyada yaşıl iqtisadiyyata getmək məcburiyyətindəyik.
O qeyd edib ki,  əmək bazarında iş yerlərinin, peşələrin bir qisminin aradan qalxması  yeni bacarıqların ortaya çıxması ilə bağlıdır.
 
Açılış nitqlərindən sonra Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin menecment və innovasiyalar kafedrasının professoru, Əməkdar elm xadimi Georgi Baqıyev, “PAŞA Holdinq”in əməkdaşı Fuad İbrahimov yaşıl iqtisadiyyata keçid, ekoloji və iqtisadi böhranlara qarşı antiböhran modeli, ekoloji mallar bazarında innovativ marketinq konsepsiyasının işlənib-hazırlanması mövzularında çıxış ediblər.
 
Konfrans daha sonra yaşıq iqtisadiyyat sahəsində bir sıra kompleks  və aktual mövzulara həsr olunmuş  panel müzakirələrlə davam edib. Panellərdə Azərbaycan, Türkiyə, Rusiya və Almaniyadan olan ekspertlərin iştirakı ilə yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat sektorunda sahibkarlar, davamlı inkişaf layihəsinin həyata keçirilməsi üçün təhsil müəssisələrinin biznes və hökumətlə qarşılıqlı əlaqəsi, yaşıl maliyyələşmə və digər mövzularda müzakirələr aparılıb.
 
Beynəlxalq konfrans bu gün öz işinə yekun vuracaq. 
 
Qeyd edək ki, beynəlxalq konfrans “Azərbaycan müəllimi” qəzetinin media tərəfdaşlığı ilə keçirilir. 
 
Oruc MUSTAFAYEV