Sentyabrın 19-da Sumqayıt Dövlət Universitetində (SDU) “Əsrin Müqaviləsi - Azərbaycan Respublikasının siyasi, sosial-iqtisadi, mədəni inkişaf strategiyasının təməli” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
Tarixçi-politoloqların, tədqiqatçı alimlərin iştirakı ilə keçirilən konfransda Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən insanların xatirəsi birdəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Giriş sözü ilə beynəlxalq elmi konfransı açan SDU-nun rektoru dosent Rüfət Əzizov ilk olaraq konfransa qatılan qonaqları və universitetin professor -müəllim heyətini, həmçinin tələbələri salamladı. 1994-cü il oktyabr ayının 20-də tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olan, ölkəmizdə ilk beynəlxalq neft müqaviləsinin imzalanmasından 30 il ötdüyünü xatırladan rektor bu müddətdə potensialını o tarixi sənəddən alan Azərbaycanın möhtəşəm addımlar atdığını qeyd etdi: “Bu gün möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Silahlı Qüvvələrimizin Azərbaycanda separatizmin kökünü kəsən əməliyyatdan bir il keçir. Ölkəmizdə və qərəzsiz dünyada haqlı olaraq bu tarixi hadisənin gücünün “Əsrin müqaviləsi”ndən alındığı qeyd olunur”.
 
“Əsrin müqaviləsi”nin ilk nəticələrinin müstəqilliyimizin ikinci onilliyində siyasi və iqtisadi bəhrə verdiyini qeyd edən Rüfət Əzizov həmin tendensiyanın bütün sahələr üzrə davam etdiyini bildirdi. Müqavilənin, həmçinin region ölkələrinin iqtisadi-siyasi həyatına təsirindən danışan rektor onun Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı roldan bəhs etdi. Tarixi sənədin imzalandığı 30 il ərzində ölkəmizdə neftin hasilatı və emalında yüksək texnologiyaların tətbiq olunduğunu bildirən universitet rəhbəri bunlarla bərabər, cəmiyyətimizdə toplanan insan kapitalının özünü göstərdiyi konkret nümunələri misal gətirdi. Əsrin müqaviləsinin cəmiyyətimizin sosial problemlərinin həllində öz sözünü dediyini, həmçinin elmi istehsalat sahələrində yeni işlərin qurulmasını gündəmə gətirdiyindən söz açan Rüfət Əzizov fikrini belə davam etdirdi: “Təsadüfi deyil ki, bu gün bizim mühəndislərimiz təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində neft-qaz istehsalı sahəsində qiymətli mütəxəssislərdən hesab olunurlar”.
 
Azərbaycanda Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının reallaşmasında o zaman Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti, hazırki ölkə rəhbəri İlham Əliyevin müstəsna xidmətlərindən danışan Rüfət Əzizov fikrini bu sözlərlə yekunlaşdırdı: “Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə gərgin görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün çox böyük əmək sərf edib”.
 
Tarix elmləri doktoru, professor Adil Baxşəliyevin moderatorluğu ilə davam edən konfransda akademik Yaqub Mahmudov, tarix elmləri doktoru, professor, Milli Məclisin üzvü Musa Qasımlı, siyasi elmlər doktoru, Milli Məclisin üzvü Elman Nəsirov və başqaları “Əsrin müqaviləsi”nin Azərbaycana birinci və ikinci dönəm rəhbərliyi müddətində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiasının nəticəsi olaraq meydana gəldiyini qeyd etdilər. Bu müqavilənin Azərbaycan xalqının taleyində əsaslı rol oynadığını bildirən natiqlər onun imzalanmasını dünya diplomatiyasının nadir nümunəsi olaraq xarakterizə etdilər.
 
Çıxışlardan sonra qonaqlar iştirakçıların suallarını cavablandırıblar.
 
Konfrans universitet tələbələrinin təqdim etdiyi bədii hissə ilə başa çatıb.