Müəllimliyin qüdrətini insanlar hələ qədim dövrlərdə kəşf ediblər. Hər adam müəllimlik etməyib, yalnız cəmiyyətdə seçilən insanlar bu ağır missiyanı öz üzərlərinə götürüblər. Elə onların adı ilə də məktəblər yaranıb: - Pifaqorun məktəbi, Sokratın məktəbi, Tusinin məktəbi, İbn Sinanın məktəbi və s.  Belə təhsil ocaqlarının sayı o qədər də çox olmayıb, əvəzində bu məktəblərdə dövrün nəhəng mütəfəkkirləri, sərkərdələri, şairləri, bir sözlə, cəmiyyət həyatına nəzərəçarpacaq dərəcədə təsir edə biləcək insanlar yetişiblər. Təhsilin yaddaşı belə məktəblərlə və onların fəaliyyəti ilə zəngindir.

 

Orta əsrlərdə cəmiyyətin inkişafı axarında yeni-yeni məktəblər yaranıb. Həmin məktəblərdə dərs deyən müəllimlər də cəmiyyətdə inkişaf səviyyələri ilə fərqlənən insanlar olublar. Onların yetirmələri xalqın əqli, mənəvi və mədəni inkişafı uğrunda mübarizə aparıblar. Yeni dövrdə sənayenin inkişafı ilə bağlı olaraq məktəblərin sayı böyük sürətlə artmağa başlayıb. Bu zaman müəllim kadrlarına ehtiyac artıb, onların pedaqoji fəaliyyəti hər bir ölkənin taleyüklü strateji pedaqoji məsələlərindən biri kimi dəyərləndirilməyə başlanıb. Cəmiyyət həyatında müəllimin rolunun mahiyyəti dərk ediləndə orta ixtisas və ali pedaqoji təhsil ocaqları yaradıldı və müəllim kadrlarının hazırlanması bu müəssisələrdə həyata keçirilməyə başlandı.  

 

Haşiyə: Əgər əvvəllər özündə müəllimlik qüdrəti hiss edən nəhəng insanlar müəllimlik fəaliyyəti ilə məşğul olurdusa, XX əsrdə pedaqoji təhsil alan insanlara müəllimlik fəaliyyəti ilə məşğul olmaq hüququ verildi. 

 

Beləliklə, müəllim kadrlarının hazırlanması pedaqoji təhsil müəssisələrində həyata keçirilməyə başlandı. Zaman kontekstində pedaqoji təhsil müəssisələrində hazırlanan müəllim kadrlarının pedaqoji səriştələrinin, bilik və bacarıqlarının eyni səviyyədə olmadığı üzə çıxdı. Bunun nəticəsi olaraq, məktəblərdə pedaqoji fəaliyyətlərində uğur qazanan və uğur qazanmayan müəllimlər yarandı, onları metodist müəllim, qabaqcıl müəllim, adi müəllim və s. kimi mənalandırdılar. Bu, əslində müəllimlərin keyfiyyət ölçüləri ilə səciyyələndirilməsi deməkdir.    

 

Məktəbdə isə yalnız pedaqoji bacarıqları ilə fərqlənən müəllimlər fəaliyyət göstərməlidir. Bu pedaqoji aksiomadır. Məsələnin belə qoyuluşu müəllim kadrlarının hazırlanması ilə yanaşı onların seçilməsi, yerləşdirilməsi məsələsinin aktuallaşmasını şərtləndirdi. Bu, yüksək səviyyəli müəllim kadrlarının müəyyən edilməsi və pedaqoji prosesə cəlb olunması üçün  zəruri aktdır.

 

Sovetlər dönəmində ali təhsil müəssisəsini bitirən hər bir tələbə Yekun Dövlət İmtahanı verirdi. Bu imtahanın əsas məqsədi tələbələrin təhsil aldıqları müddətdə əldə etdikləri bilik və bacarıqlarının səviyyəsini müəyyən etmək idi.  İmtahanda uğur qazanan tələbə təyinatla ixtisasına uyğun olaraq hər hansı bir məktəbə müəllim kimi işləməyə göndərilirdi. Yekun Dövlət İmtahanının ali məktəb tərəfindən təşkil edilməsi düzgün deyildi. Belə ki, bu zaman kadrı hazırlayan təhsil müəssisəsi əslində özü öz fəaliyyətini qiymətləndirmiş olurdu. Məntiqə əsaslansaq, bu imtahanın keçirilməsi işə götürən müəssisənin vəzifəsi olmalıdır. Sözün düzü, sovetlər dönəmində tətbiq edilən bu model müəllim kadrlarının keyfiyyət ölçülərinə mənfi təsir etmişdi.

 

İnkişaf etmiş dünya ölkələrində isə artıq uzun müddətdir ki, kadr seçimi işə götürənlər tərəfindən həyata keçirilir. Bunun üçün əvvəlcə müsabiqə elan edilir, sonra müsabiqədə iştirak etmək üçün sənəd verən kadrların onların tələblərinə uyğun olub-olmamasını müəyyən etmək üçün imtahan və müsahibə təşkil edilir. Müxtəlif ölkələrdə bu təcrübə əsasında özünəməxsus modellər yaranıb. İnkişaf etmiş ölkələr bu yolla məktəbin qüdrətini artıra biliblər.

 

Dünya təcrübəsi əsasında ölkəmizdə də təhsil islahatları müstəvisində həyata keçirilən yeniliklərdən biri müəllimlərin işə qəbulu üzrə yeni modelin tətbiq edilməsidir. Yeni modelə müvafiq olaraq dövlət ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada elektron formada təşkil edilir. Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Elm və Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir. Bunun üçün müsabiqə elan olunur. Müsabiqə 4 mərhələdən ibarətdir.

 

I mərhələ: Elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi - bu mərhələdə müsabiqədə iştirak etmək üçün sənəd verən mütəxəssisin ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirməsi, dövlət nümunəli diplom alması və xarici ölkədə aldığı ali təhsil haqqında sənədin tanınması və s. bu kimi məsələlər aydınlaşdırılır;

II mərhələ: Test imtahanının keçirilməsi - Müsabiqədə iştirak edən şəxslərə 40 ixtisas, 20 kurikulum olmaqla, 60 test tapşırığı təqdim olunur. Bu testlərə cavab vermək üçün onlara 90 dəqiqə vaxt ayrılır;

III mərhələ: Vakant yerlərin seçilməsi - Test imtahanında uğur əldə edən namizədlərə 8 vakant yeri seçmək imkanı verilir;

IV mərhələ: Müsahibə - Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən müəyyənləşdirilir.

 

Göründüyü kimi, ölkəmizdə müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı pedaqoji cəhətdən maraq kəsb edən model yaradılmışdır. Bu modelin yaradılmasında əsas məqsəd yüksək keyfiyyət göstəricilərinə malik olan müəllimləri müəyyən edərək, onları pedaqoji prosesə cəlb etməkdən ibarətdir. Cari ildə MİQ imtahanlarının keçirilməsi üçün  ölkəmizin 18 müxtəlif şəhər və rayonu üzrə 39 imtahan mərkəzi yaradılmış və 2-10 iyul tarixlərində 50264 nəfər imtahanda iştirak etmişdir. İmtahanlar ümumi təhsil müəssisələrində tədris olunan Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, texnologiya, təsviri incəsənət, ibtidai sinif, musiqi, riyaziyyat, kimya, fizika, informatika, fransız dili, rus dili, rus dili və ədəbiyyatı, alman dili, ingilis dili, fiziki tərbiyə, biologiya, tarix, coğrafiya fənləri üzrə keçirilmişdi.

 

Test imtahanının nəticələrinə əsasən MİQ üzrə müsabiqədə iştirak edənlərin 22 093 nəfəri vakansiya seçimində iştirak etmək hüququ əldə etmişdir. Müsabiqədə iştirak edənlərin yarıdan az hissəsinin növbəti mərhələdə iştirak etmək hüququ əldə etməsi onu göstərir ki, bütün müəllimlər imtahanlara hələ də ciddi hazırlaşmırlar. Fikrimizcə, müəllimlər bu məsələyə diqqət etməli və öz üzərlərində daha ciddi işləməlidirlər. Onlar birmənalı şəkildə bilməlidirlər ki, ölkəmizdə aparılan təhsil islahatları müstəvisində məktəblərdə daha yüksək bilik və bacarıqlara malik müəllimlərin işləməsi tələb olunur.

 

Onu da qeyd etmək lazımdır ki, vakansiya seçimi zamanı şəhid ailələrinin üzvlərinə üstünlük verilir. Cari ildə 39 nəfər şəhid ailəsinin üzvü uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Vakansiya seçimindən sonra  müsabiqənin müsahibə mərhələsi həyata keçirilmişdir. Müsahibənin nəticəsində müddətsiz müqavilə ilə 4537 müəllim vəzifəsinə təyinat alıb. Sentyabrın 3-də təşkil olunan apellyasiya müsahibələrində daha 106 müəllim uğur qazanıb. 1644 müəllimə müqavilə ilə çalışmaq imkanı verilib. 

 

Müəllimlərin işə qəbulu prosesinin bu formada həyata keçirilməsi müəllimlər arasında rəqabətin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, hər bir ali məktəb məzununun bilik və bacarıqlarını artırmaq qayğısına qalmasını tələb edir. Ümumiyyətlə, təhsil məkanında rəqabətin olması zəruri amillərdən biridir. Rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Elm və Təhsil Nazirliyi bu məsələni öz fəaliyyətinin strateji nöqtələrindən biri sayır. Müəllimlərin sertifikatlaşması da bu məqsədə xidmət edir. Müəllimlərin işə qəbulundan üç il sonra onların ilk sertifikatlaşma imtahanına cəlb olunması, sonrakı illərdə onların üç dəfə beş ildən bir sertifikatlaşma imtahanında iştirak etməsi nəzərdə tutulur. Hərçənd ki, fikrimizcə, sertifikatlaşma imtahanlarının müəllimlik fəaliyyəti boyu davamlı olması daha yaxşı olardı. Sertifikatlaşma imtahanları da müəllimlər arasında rəqabətin və onların pedaqoji fəaliyyətə məsuliyyətinin artmasına xidmət edir. Cari ildə keçirilən sertifikatlaşma imtahanlarının nəticələrinin təhlili də belə deməyə əsas verir.

 

Məlum olduğu kimi, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri bu il təkrar sertifikatlaşmadan keçmişlər. İmtahan verməyə daxil olan 31852 nəfər ibtidai sinif müəlliminin 86%-i, 9892 nəfər Azərbaycan dili və ədəbiyyat müəlliminin 94%-i uğur qazanmışdır. İlk dəfə sertifikatlaşma imtahanına cəlb olunan 8807 nəfər riyaziyyat müəlliminin 90%-i, 13957 nəfər xarici dil müəlliminin isə 79%-i uğurlu nəticələr əldə etmişdir. Düşünürük ki, riyaziyyat və xarici dil müəllimləri arasında keçid balı toplaya bilməyənlər gələn il onlara verilən ikinci şancda daha böyük uğurlar əldə edəcəklər.

 

Sertifikatlaşma imtahanının nəticələrini təhlil etdikdə müəllimlərin öz fəaliyyətinə məsuliyyətinin artdığı hiss olunur. Qeyd edək ki, riyaziyyat və xarici dil müəllimləri arasında yüksək göstərici əldə edənlərin sayı (müvafiq olaraq 46% və 31%) ibtidai sinif və Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə müqayisədə (müvafiq olaraq 20% və 28%) daha çox olmuşdur.

 

Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də təhsil prioritet sahələrdən biridir. Təhsil cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsidir. Təhsildə uğurun əldə edilməsi üçün ilkin şərt, birmənalı olaraq, müəllimin keyfiyyət göstəriciləri ilə bağlıdır. Azərbaycan müəllimi həmişə bu göstəriciləri ilə zirvədə durub. Təəssüf ki, bu gün bu ifadəni işlətmək heç də həmişə mümkün olmur. Bu, müəllim nüfuzunun cəmiyyətdə azalmasına səbəb olmuşdur. Müəllimlərin işə qəbulu və sertifikatlaşma prosesində hələ də uğur qazanmayan müəllimlərə təsadüf edilməsi belə qənaətə gəlməyə əsas verir. Düşünürük ki, müəllim nüfuzunun geri qaytarılması müəllimin öz əlindədir. Bunun üçün müəllimlərimizdən öz üzərlərində çalışaraq pedaqoji səriştələrini artırmaq və daha keyfiyyətli dərs demək tələb olunur. İnanıram ki, müəllimlərimiz bu taleyüklü vəzifənin öhdəsindən layiqincə gələcəklər.     

 

Hikmət Əlizadə

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, BDU-nun professoru