Leonardo da Vinçi deyib ki, insan kəşflərinin heç biri elmi həqiqət ola bilməz, əgər o, riyazi sübutlarla təsdiqlənmirsə.
 
Həqiqətən də riyaziyyat elmlərin şahı, rəqəmlərin harmoniyasıdır.
 
Bu gün gənclərimiz daha fəal, kreativ və yaradıcıdırlar. Oxumaq, öyrənmək, təcrübə qazanmaq və müxtəlif ünsiyyət formaları vasitəsilə həm də sosiallaşmaq müasir Azərbaycan gəncliyinə xas olan başlıca xüsusiyyətlərdəndir. Məhz tələbələrin iştirakı ilə yaradılan klublar, müxtəlif cəmiyyətlər özünü doğrultmaqla yanaşı, ictimaiyyət tərəfindən də maraqla qarşılanmaqdadır. Belə klublardan biri də gənc riyaziyyatçıların sevimli məkanına çevrilən “Path to Math”dir.
  
“Path to Math”- müxtəlif ali məktəblərin tələbələrini bir araya gətirən riyaziyyat sevgisi
 
Onlar müxtəlif ali məktəblərin tələbələridirlər. Riyaziyyata olan maraq bu gəncləri “Path to Math” riyaziyyatçılar klubunda bir araya gətirib. 1 ildir fəaliyyət göstərməsinə baxmayaraq, klub qısa zaman kəsiyində ölkənin müxtəlif ali məktəblərinin riyaziyyat ixtisasında təhsil alan tələbələrinin bir ünvanda yığışdıqları ən sevimli məkana çevrilib. 
 
Klubun həmtəsisçilərindən biri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin iqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsi Xaqani Qasımov “Azərbaycan müəllimi”nə bildirib ki, klub 2023-cü ilin mayında  Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə riyaziyyat düşərgəsindən seçilmiş tələbələrin səyi nəticəsində yaradılıb. Məqsəd riyaziyyata olan marağın artırılması, tələbələr arasında əməkdaşlığın yaradılması və ölkəmizdə riyaziyyatın inkişafına töhfə verməkdir.
 
Əməkdaşlıq və tələbələrin özlərini kəşf etmək üçün xoş və açıq müzakirə mühiti
 
Xaqani qeyd edib ki, adıçəkilən riyaziyyat klubu tələbələrə öyrənmə, əməkdaşlıq və özlərini kəşf etmək üçün xoş və açıq müzakirə mühiti təqdim edir. Klub özündə BDU, ADNSU, UNEC, ADPU, ADA və AZMİU kimi universitetlərin tələbələrini birləşdirir. Klubda hər kursdan tələbələr var: “Birinci kurs tələbələrinin riyazi macərası yeni başlamış olduğundan onlar üçün riyaziyyatla bağlı müzakirələr çox dəyərlidir. Eyni zamanda klubumuzun üzvləri arasında magistrantlar da var”. 
 
Xaqani deyir ki, kluba qatılan tələbələr ənənəvi dərs mühitindən fərqli olaraq açıq müzakirələrdə iştirak edərək, bəhs olunan hər bir mövzunu detallı şəkildə öyrənmək imkanı əldə edirlər. Bununla yanaşı, gənclər analitik düşünmə, keçilən mövzuların sorğu-sual şəklində öyrənilməsi, riyazi isbatın inkişaf etdirilməsi, ali və olimpiada riyaziyyat suallarına fərqli bucaq altında baxılması kimi bilik və bacarıqlara yiyələnirlər: “Burada öyrəndiyimiz vacib bir digər bacarıq bilinən hər hansı bir mövzunun digər insanlara ən sadə dildə çatdırılmasına çalışmaqdır. Bu onlara öz universitet dərslərində və ya digər çıxışlarında riyazi biliklərini səlis şəkildə ifadə etmələri üçün şərait yaradır”.
 
Klubun fəaliyyətinin özəlliklərindən bəhs edən həmsöhbətimiz söyləyir ki, təhlil etdikləri ən vacib problemlərdən biri universitet qruplarındakı tələbə sayından və ya çəkingənlikdən qaynaqlanan dərslərdə sual vermək vərdişinin olmamasıdır. Məhz klub bu vərdişin inkişafı üçün gözəl bir şərait yaradır. Belə ki, klub görüşləri iki əsas hissədən ibarətdir. Birinci, çıxış olunacaq mövzunun nəzəri hissəsi keçirilir ki, bunlara teoremlər, aksiomlar və lemmalar daxildir. Ardınca həmin mövzuya praktiki cəhətdən yanaşılaraq, asandan çətinə doğru məsələlər verilir və bu mühitdə tələbələr bir görüş içərisində keçilən mövzunun nəzəri və praktiki mərhələlərində onları maraqlandıran sualları verə bilirlər. Fərqli ali riyaziyyat mövzularından çıxış edilməsinin ən böyük faydalarından biri tələbənin hazırda olduğu semestrdə və ya bir sonrakı semestrdə keçəcəyi mövzu ilə öncədən tanış olması və onu mükəmməl şəkildə öyrənməsidir. Bu onun, eyni zamanda universitetdaxili dərs nəticələrinə də yansıyaraq, təhsilini bir addım daha irəli aparır.
 
Öyrənmə necə həyata keçirilir?
 
Klubda öyrənmə mühiti qeyd edildiyi kimi, hər kəsə açıq müzakirələr əsasında qurulub. Xaqani Qasımovun sözlərinə görə, belə açıq müzakirələrin əsas üstünlüklərindən biri danışılan mövzuya dair tələbələrin müxtəlif yanaşmalarını ortaya qoya bilməsidir: “Fərz edək ki, tələbə öz dərs mühitində yeni bir fərqli nəzəri bilik, metod qazanıb və bunu klubda səsləndirə, genişləndirə bilər. Və bu bizə hər hansısa bir universitetdə keçilən bir dərsin və ya tələbənin başqa təhsil ocağında əldə etdiyi biliyi bir digər universitet tələbəsinin də öyrənə bilməsinə şərait yaradır.
 
Klubumuzda əvvəlki illərin olimpiadaçıları (Respublika və beynəlxalq səviyyəli olimpiadaların qalibləri) da iştirak edirlər. Klub müzakirələrinin ikinci hissəsində həll olunan məsələlərin bir qismi də olimpiada səviyyəsində olur ki, bu da bizə mürəkkəb suallara necə yanaşmalı olmağı öyrədir. Bu yerli və xarici olimpiadalar və ya keçilən mövzu ilə bağlı olan xüsusi tip sualları əhatə edir. Burada tədris fəaliyyətini tələbələr özləri aparırlar ki, bu da klubu fərqləndirən ən vacib xüsusiyyətlərdən biridir.
 
Klubun əhatəsi genişləndikcə...
 
Bu yaxınlarda fəaliyyətinin 1 ilinə yekun vuran “Path to Math” komandası müəyyən bir səviyyə və prestij nişanəsi olmağı hədəfləyir. Məhz bu səbəbdən gələcəkdə riyaziyyatsevər klubun üzvü olmaq tələbələrə böyük üstünlük qazandıracaq. Və bu 1 il ərzində möhtəşəm müzakirə mühiti və səmimi ortam yaratdıqlarını qeyd edən Xaqani Qasımov klubu yaradarkən əsas hədəflərinin riyaziyyatçı tələbələrin sorğulama və analizetmə bacarıqlarının inkişafı, həmçinin ali riyaziyyat mövzularına fərqli baxış, eyni zamanda dərindən yiyələnmək olduğunu deyib: “Gələcəkdə beynəlxalq səviyyədə əməkdaşlıqlar, arzuladığımız bacarıqları inkişaf etdirdikdən sonra digər universitetlərin klubları (yerli və beynəlxalq) və həmin ali təhsil müəssisələrinin özləri ilə əlaqələr yaratmaq kimi planlarımız var. Əziz gənclər, riyaziyyata marağınız varsa və dünyanı riyazi gözlə izləmək istəyirsinizsə, sizləri “Path to Math” klubuna üzv olmağa dəvət edirik”.
 
Samirə KƏRİMOVA