Elm və Təhsil Nazirliyi Şəki və Balakənin bağçası olmayan ucqar kəndlərində yeni pilot layihəyə start verib.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin icrasına başladığı yeni pilot layihə “Erkən öyrənmə qutusu” alternativ məktəbəqədər təhsil modeli adlanır. Layihənin Şəki və Balakən rayonlarının ucqar kəndlərindən başlanmasına səbəb isə həmin ərazilərdə məktəbəqədər təhsil müəssisəsi və alternativ məktəbəqədər təhsil modelinin olmamasıdır. İlkin araşdırmalardan sonra Şəkinin Qudula və Çapağan kəndləri seçilib. Qudulada 35, Çapağan kəndində isə 18 nəfər 3-5 yaşlı uşaq var, lakin o ərazidə bağçaların olmaması onların erkən təhsilə cəlb olunmasını məhdudlaşdırır. Bu səbəbdən layihəyə ümumilikdə 40 nəfər 3-5 yaşlı uşaq və onların valideynləri cəlb olunub.
 
Pilot layihənin icrasına başlanılan yaşayış məntəqələrindən biri Şəkinin Çapağan kəndidir. 85 ailənin yaşadığı Çapağan rayon mərkəzindən ucqarda yerləşir. Bir neçə il əvvəl kənddə modul tipli məktəb inşa edilsə də, uşaq bağçası heç zaman olmayıb. Məhz bu səbəbdən pilot layihəyə elə buradan başlamaq qərarı verilib. Belə ki, bu kənddə uşaqlar günün çox hissəsini ailələri ilə keçirirlər. Yeri gəlmişkən, beynəlxalq təcrübədə də alternativ model olaraq erkən təhsil qutusunun hazırlanması və valideynlərin onun tətbiqi üzrə maarifləndirməsi təcrübəsi geniş yayılıb və uğurlu nəticələri var. Bəs pilot layihənin məqsədi nədən ibarətdir? Layihə rəhbəri Leyla Nuriyeva bildirir ki, layihə çərçivəsində alternativ model olaraq öyrənməni əyləncəli və oyun əsaslı etmək üçün valideynlər təlimə cəlb edilirlər. Onlar üçün hazırlanmış dərs vəsaitləri üzrə təlimçilər tərəfindən məşğələ keçirilir, uşaqlara öyrədiləcək oyunların alətləri üzərində isə məşqlər aparılır. Layihə üzrə hər ay uşaq üçün 1 qutu öyrənmə dəstinin verilməsi nəzərdə tutur.
 
“Erkən öyrənmə qutusu” alternativ məktəbəqədər təhsil modelinin məqsədlərindən danışan müəllim Günel Yusifova bildirir ki, ilk növbədə, valideynlərə erkən öyrənmə təcrübələrini səmərəli şəkildə tərtib etmək və həyata keçirməkdə kömək etməkdir. Bu proses artıq icra olunub. Növbəti beş ayda isə uşaqlar fərdi və sosial, emosional intellekt, nitq, idrak, fiziki bacarıqlar, həmçinin riyazi və dil savadı, ətraf mühit intellekti daxil olmaqla bütün öyrənmə sahələrini valideynlərinin dilindən mənimsəyəcəklər.
 
Layihə rəhbəri onu da əlavə edib ki, “Erkən öyrənmə qutusu” iştirakçılara dövlət tərəfindən əvəzsiz olaraq verilir. Bir ay ərzində ilk qutudakı vəsaitlər mənimsənildikdən sonra növbəti aylarda ailələrə daha fərqli və maraqlı qutular təqdim ediləcək. Layihə başa çatandan sonra həmin ərazilər üzrə monitorinq və qiymətləndirilmə keçiriləcək. Uyğun gələn valideynlər işə qəbul olunaraq həmin yaşayış məntəqəsində növbəti yaş qrupları üzrə uşaqların layihəyə cəlb edilməsini təşkil etməklə yanaşı, həm də təlimçi kimi fəaliyyət göstərə biləcək.