4-cü sənaye inqilabının özəyi məhz süni intellektdir


Son dövrlərdə süni intellektin inkişafı və onun təhsildə tətbiqi geniş müzakirə olunan mövzulardan biridir,- desək yanılmarıq. Yəqin ki, bir çoxumuz gündəlik həyatımızda sosial media platformalarında müəllimlərin yaxın gələcəkdə işsiz qala biləcəkləri haqqında reallığı əks etdirən və yaxud etdirməyən müxtəlif məqalə, yazılarla qarşılaşmışıq. 
 
Bu yazımızda süni intellektin müəllimlərin işinə təsiri barədə fərqli aspektlərə toxunmaq istərdik. Düşünürük ki, bu məsələ bir çox müəllim və öyrənənlər üçün maraqlı ola bilər.
 
Gəlin, proseslə daha yaxından tanış olaq.
 
Ümumi götürsək, hər bir mövzu kimi texnologiyadan aktiv şəkildə istifadənin də mənfi və müsbət tərəfləri var. Süni intellektin real təhsil prosesinə tətbiqi bir qədər vahiməli səslənə bilər. Süni intellekt alətlərindən istifadə zamanı kiber mühitdə ola biləcək riskləri gözə almaq vacibdir. Çünki məlumatların üçüncü tərəfə ötürülməsi kimi halların baş vermə ehtimalı mövcuddur. Odur ki, müəllim və şagirdləri bu məsələdə həssas olmağa və məxfi məlumatlarını, şəxsi bank hesabları haqqında detalları qarşı tərəflə bölüşməməyə çağırırıq. 
 
Deyərdim ki, yaxın gələcəkdə süni intellektin mövcud təhsil sahəsinə gətirəcəyi ən böyük üstünlüklərdən biri müəyyən rutin və ya təkrarlanan işlərin avtomatlaşdırıla biləcəyidir. Məsələn, ev tapşırıqlarının yoxlanmasını, summativ testlərin qiymətləndirilməsini və bəzi idarəetmə işlərini həyata keçirə bilər. Nümunə gətirdiyimiz işlər insan əməyi vasitəsilə icra olunduqda böyük zaman aldığına görə, bu tip işlərin avtomatlaşdırılması müasir dövrdə məqsədəuyğun hesab edilir.
 
O zaman ortaya belə suallar çıxır: Bəs, bu işləri icra edən müəllimlərin aqibəti necə olacaq? Müəllimlərin tədris prosesində iştirakları həqiqətənmi keçmişdə qalacaq?
 
Hazırda təhsil sferasında belə bir düşüncənin olmasının doğruluq payı ilə müəyyən qədər razılaşmaq olar. Həm də razılaşmaq mümkünsüz olan məqamlar var. Tədris prosesi dedikdə, biliyin təkcə müəllimdən şagirdə ötürülməsi deyil, öyrədənlə öyrənən arasındakı qarşılıqlı mübadilə, motivasiya, tərbiyə və sosial bacarıqların inkişafı başa düşülür. Təbii ki, süni intellekt öyrənmə prosesində empatiya hissini, insan emosiyasını əvəz edə bilməz. Bu fikri qəti şəkildə söyləmək bir qədər sərt səslənə bilər, amma nəzərə almaq lazımdır ki, ən azı önümüzdəki 7-8 il ərzində bu mümkün olmayacaq. 
 
Süni intellekt vasitəsilə öyrənmə prosesi necə sürətləndirilə bilər?
 
Stanford Universiteti cari ildə "AI Index 2024" hesabatını dərc edib. Hesabatda süni intellekt sənayesi ilə bağlı 10 diqqətçəkən məqam açıqlanıb.  Məhz bu araşdırma göstərir ki, süni intellekt fərdi ehtiyaclara uyğunlaşdırılmış tədris materialları hazırlamaqda və optimal metodiki öyrənmə yollarını tapmaqda kömək edə bilər. Bu, öyrənənlərin inkişafını daha səmərəli şəkildə artırmağa və dəstəkləməyə imkan verən bir vasitədir.
 
Əlavə etmək istərdik ki, müəllimlər süni intellekt alətləri ilə daha çox əməkdaşlıq edərək, onun verdiyi məlumatlardan yararlanıb, öyrənənlərin tədris prosesini daha da zənginləşdirə bilərlər. Müəllimlərin süni intellekt ilə işləmələri üçün bir sıra bacarıqlar ehtiva olunur: analitik düşünmə, araşdırma, yaradıcı və şəxsi bacarıqlar və s. Nəticə etibarı ilə süni intellektin inkişafı tədris prosesinə çoxsaylı müsbət təsirlər, habelə müəllimlərin işini daha səmərəli hala gətirə bilər.
 
Gəlin, bir neçə nümunəyə nəzər salaq:
 
Fərdiləşdirilmiş təhsil. Süni intellekt tələbələrin öyrənmə ehtiyaclarını anlayıb və onlara öyrənmə təcrübələrini çatdırmaq üçün istifadə edilə bilər. Şagirdlərin bilik səviyyələrinə, maraqlarına və öyrənmə sürətlərinə uyğun olaraq, materiallar və dərs planları yaradıla bilər. Süni intellektə əsaslanan orfoqrafiya və qrammatika yoxlama vasitəsi olan “Grammarly” yazmağa kömək etmək üçün istifadə edilən süni intellekt alətinin tanınmış nümunələrindən biridir.
 
Müəllim heyətinə dəstək. Süni intellekt müəllimlərə dərsin planlaşdırılmasında, materialların yaradılmasında və şagird performansının monitorinqində dəstək ola bilər. Bu da nəticə etibarı ilə müəllimlərə vaxtlarını daha səmərəli istifadə etməyə kömək edə bilər.
 
Təhsildə dataların təhlili. Süni intellekt təhsil datalarını təhlil edərək doğru təhsil siyasətinin hazırlanmasında məktəb direktorlarını və qərar verən şəxsləri məlumatlarla təmin edə bilər. “ChatGPT” və digər generativ süni intellekt proqramları lazım olduqda sənədləri başqa üsullarla yenidən yaza, redaktə edə bilər. 
 
Bundan başqa, süni intellekt tələbələrə karyera planlaması, akademik məsləhət və psixoloji dəstək kimi mövzularda məsləhət xidmətləri göstərə bilər.
 
Süni intellekt inklüziv təhsilə dəstək göstərə bilərmi?
 
Məlum olduğu kimi, inklüzivlik təhsil sisteminin əsas elementlərindəndir. Süni intellekt bu prosesi təşviq etməkdə böyük rol oynaya bilər. Süni intellekt alətlərindən istifadə edərək, müəllimlər müxtəlif öyrənmə tərzi, bacarıqları və fərqliliklərə sahib olan öyrənənlərin müxtəlif ehtiyaclarını təmin edə bilərlər.
 
Buna misal olaraq, süni intellektyönümlü təhsil platformaları yaradaraq, bütün tələbələrin təhsilə bərabər şəkildə giriş imkanlarına malik olmaları təmin edilə bilər. Görmə, yazma məhdudiyyətli tələbələrin “text-to-speech” funksiyalardan rahat istifadəsini buna nümunə göstərmək olar. 
 
Yazımızı ümumiləşdirsək, süni intellektin inkişafı tədris prosesinə çoxsaylı müsbət təsirlər  göstərə və müəllimlərin işini daha səmərəli hala gətirən vasitələrdən biri ola bilər. Lakin onun müəllimləri tamamilə əvəz etməsi ehtimalı azdır, çünki təlim-tərbiyə və tədris prosesi daha çox insani faktorlara əsaslanan bir sahədir. Müəllimlər, sadəcə yenilənən texnologiyalara uyğunlaşaraq, şagirdləri üçün daha dərin tədris təcrübələrini təmin edə bilərlər.
 
Nurlan ƏSƏDZADƏ,
“Maarifçi” tələbə-məzun təcrübə proqramının qalibi