Valideyn övladını məktəbə gedənə qədər, sadəcə onu fiziki olaraq böyüdürsə, emosional və idraki ehtiyaclarını ödəmirsə, o uşaq uzun müddət məktəbdə nə edəcəyi, necə edəcəyi barədə bir fikrə sahib olmayacaq...

 

Təsəvvür edin, sizi bir gün iş yerinizdə məcbur edirlər ki, sağ əllə daha yaza bilməzsiniz, sol əl ilə səliqəli şəkildə yazıb iki səhifəlik materialı rəhbərliyə təqdim etməlisiniz. Və siz solaxay deyilsiniz. Bu yazını yazmağa çalışarkən hansı hissləri keçirirsiniz bir düşünün: həyəcan, narahatlıq, qorxu və nəticədə çox səliqəsiz bir yazı meydana gəlir.

         

Görəsən, biz nə üçün övladlarımıza beş yaşına qədər sərbəst qaçıb oynamağa icazə verdiyimiz halda, birdən-birə məktəbdə yüksək nəticə əldə etməsini gözləyirik?! Səhvi hansı məqamda edirik: Onları məktəbə tez yola salmaqda, yoxsa məktəbəqədər dövrdə düzgün şəkildə lazımi bacarıqlar formalaşdırmamaqda?!

           

Uşağın məktəbdəki ilk günü əhəmiyyətli bir addımdır və uzun müddət onların yaddaşında qalır. Ona görə də bəzi Avropa ölkələrində uşaq ibtidai təhsilə başlamadan öncə ibtidai sinif müəllimi bir-bir gələcək şagirdlərinin evinə gedir, onlarla ünsiyyət qurur, maraqlarını yerində öyrənir. Nəticədə təlim başlayana qədər müəllim şagirdi haqqında kifayət qədər məlumatlı olur.

 

Araşdırmalar nə göstərir? Uşağın dərsdə maraqlı tərəf olması üçün nə etməliyik?! Ümumiyyətlə, uşaq təlimə neçə yaşda cəlb olunmalıdır?! Övladımızı tezmi məktəbə qoyuruq, çantasımı ağırdır?! Bu şikayətlər, yəqin ki, hər birimizə tanışdır. Bəs, problemin həlli yolu nədir?

 

Uşağın məktəbəqədər və məktəb dövrü inkişafa hazırlığına necə dəstək olmalıyıq?

 

Məktəb uşaqları inkişaf etdirmək baxımından onlar üçün evdən kənarda emosional əlaqə yaratmaq və özlərini müstəqil hiss etmələri, həyata hazırlanmaları üçün faydalı bir mühitdir. Və yeganə mühit deyil. Küçə, park, ev, təbiət qoynunda gəzinti, kiminsə evinə qonaq getmək...uşaqlar biz böyüklərdən fərqli olaraq hər yerdə, hər zaman öyrənirlər, həm də bu proses sürətli şəkildə baş verir.

         

Müşahidələr göstərir ki, 1 yaşından başlayaraq hər gün 5-10 dəqiqə övladımıza şəkilli kitablar göstərib izahat versək, onların bizi necə də diqqətlə dinlədiklərinin, həm dodaqdan sözləri oxumağa çalışdıqlarının, həm də nə dediyimizi anlamaq üçün diqqətlə qulaq asdıqlarının şahidi olacağıq. Bu prosesə 2-3 yaşında uşağa kitab oxuma müddətinin 20 dəqiqəyə çatdırılması ilə davam etmək lazımdır, həm də artıq uşağın əlinə karandaş verib onun cızma-qara etməsinə icazə verməliyik. Kiçik  və böyük motorikanın (insan bədəninin hərəkətetmə bacarığı) inkişafı onların birbaşa idrakının inkişafı deməkdir. Həm də onların emosional zəkaları paralel olaraq inkişaf edir, iradələri möhkəmlənir, çünki sakitcə 10-15 dəqiqə bir yerdə oturmağı, diqqəti toplamağı öyrənirlər. Onlar artıq anlayırlar ki, kitab və dəftər önə gəldikdə diqqətlə tapşırıqları yerinə yetirmək lazımdır. Bunları etmiriksə, məktəbəhazırlıq dövründə şagirdi məktəbə yolladıqda siz ondan sakit oturub dərs oxumağı, müəllim isə onu dinləməyi tələb edəndə şagird nə baş verdiyini anlamır: “Axı niyə belə oldu!? Bura necə pis bir yerdir, nə oynamağa qoyurlar, nə qaçmağa”, -düşüncəsinə qapılırlar. İbtidai təhsil dövründə valideynlərin hədə-qorxusu ilə qismən oxuyur, yuxarı təhsil pilləsində isə, ümumiyyətlə, dərsə hazırlaşmaqdan imtina edir və valideyn şikayətləri, müəllim narazılıqları başlayır.

 

Digər ölkələrdə bu təcrübə necədir? Uşaqlar neçə yaşdan təlimə cəlb olunmalıdırlar?

 

Uşaqların məktəbə başlama yaşları üçün ölkələrin fərqli tələbləri var. Asiya, Skandinaviya və Avstraliyanın bəzi ölkələrində uşaqların yeddi yaşından məktəbə başlaması məqsədəuyğun sayılır. Avstraliyada aparılan bir araşdırma göstərib ki, gec başlamaq uşaqlar üçün akademik cəhətdən faydalıdır. Sinqapurda bu proses təqribən 2 yaşında başlayır. Rəqabətli bir sistemdir və sinqapurlu uşaqların çoxu xüsusi dərs də keçirlər. Səbəb birinci sinfə qəbul imtahanlarının çətin olmasıdır. Digər tərəfdən, araşdırmalar nəticəsində Böyük Britaniya kimi inkişaf etmiş ölkədə uşaqların erkən (5 yaşında) məktəbəqədər təhsilə başlamasının müsbət idraki və davranış inkişafı ilə nəticələndiyi sübut olunub. Bu zaman uşağı məktəbə qəbul edərkən təhsil müəssisələri və valideynlər uşağın mövcud emosional, zehni inkişaf səviyyəsini nəzərə alırlar. Yəni, bir növ uşağın təhsilə başlaması üçün seçimi valideynlərə buraxırlar. Bəzi uşaqlar üçün məktəbə başlama yaşı dörd il, digərləri üçün isə yeddi il də ola bilər. Övladının məktəbə hazır olub-olmadığı valideyndən asılıdır. Tutaq ki, uşaq problemləri müstəqil həll edə bilir və ətrafdakı dünya haqqında əsas anlayışa sahibdir, onda məktəbə başlaya bilər. Əgər uşağınız bu anlayışları qavramaqda çətinlik çəkirsə, o zaman ata biləcəyiniz müxtəlif addımlar var. Məsələn, siz onların məktəbə bir az gec başlamasına qərar verə bilərsiniz və ya uşağınızın ehtiyaclarına uyğun imkanlar, eləcə də kurikuluma malik məktəbi seçə bilərsiniz. Bu Avropa təcrübəsidir.

 

Valideyn kimi biz bu məqamda nəyi nəzərə almalıyıq?

 

Strukturlaşdırılmış məktəb təhsilinə, uşağı akademik öyrənməyə hazırlamalıyıq. Ancaq hər bir uşaq fərqlidir və heç kimin yaşayış şəraiti eyni deyil. Uşaqlar ətrafdakı dünyanı dərk etmək və sosial, emosional, idrak qabiliyyətlərini inkişaf etdirmək üçün oyundan istifadə edirlər. Uşağın öyrənmə sürətindən və ətrafındakı mühitdən asılı olaraq, onlar müxtəlif yaşlarda öyrənmə üçün bu vacib bacarıqları inkişaf etdirəcəklər. Çox vaxt evdə bu bacarıqların inkişafı baxımından mübarizə aparan uşaqlar ehtiyac duyduqları yerdə, inkişaflarına kömək edən imkanlar və ixtisaslı heyəti olan məktəbəqədər mühitdə özlərini daha yaxşı hiss edirlər. Evdəki uşaqlar böyüklərin köməyinə çox arxalana bilərlər, buna görə də onlara məktəbəqədər təhsil pilləsində oyun və yaradıcılıq vasitəsilə öyrənməni təmin etmək, araşdırmaq üçün müstəqilliyə imkan vermək ən yaxşı seçim ola bilər.

 

Məktəbə erkən yaşda başlamağın əlavə faydaları

 

Məşhur Nobel mükafatçıları, bəşəriyyətin gedişatını dəyişən şəxsiyyətlərin həyatına nəzər yetirdikdə məlum olur ki, əksəriyyəti erkən yaşda artıq yazıb-oxumağı bilirdilər. Nobel mükafatçısı pakistanlı Əbdus Salam artıq 4 yaşında oxumağı və yazmağı bacarırdı.

 

Əgər biz valideyn olaraq anlasaq ki, 6 il çəkdiyimiz əziyyət övladımızın sonrakı 60 ilini müəyyən edir, onda bu əziyyəti çəkməyə dəyər, nə ağır çanta, nə iş dəftərlərinin çoxluğundan şikayət edərik...

 

Təlim və tərbiyədə fasilə yoxdur. Və uşaqların 6 yaşında artıq nitq mərkəzi bağlanır. Bu o deməkdir ki, onlar bu dövrə qədər sərbəst yazıb –oxumağı bacarmalıdır, əks halda təlimdə geri qalacaqlar.

 

Məktəbə erkən yaşda başlamaq şagirdlərin məktəb təliminə cəlb olunmasında psixoloji hazırlığını yüksəldir. Ona görə də hər il bu sahəyə diqqət artırılır. Cəmiyyətimiz erkən təhsilə başlayan şagirdlərin uğurunu qarşıdakı on illiklərdə daha yaxşı görəcəklər.

 

Ümumiyyətlə, təhsilimizin inkişafı naminə atılan bu qədər müsbət addımların fonunda öyrənmə tərzləri, öyrənmə mühiti və bacarıqları fərqli olan şagirdlər üçün alternativ kurikulumların tətbiqinə keçməyin, bəlkə də əsl vaxtıdır. Ona qədər ailələr uşaqların təhsildə qazanacağı uğurlar naminə məktəb dövrünə hazırlığını təmin etməlidir.

 

Aygün Əliyeva,

Biləsuvar rayon Səmədabad kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi