“Elm institutda, təhsil universitetdə olmalıdır” fikri yanlışdır
 
"Ölkəmizdə elmin ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış kifayət qədər elmi-tədqiqat müəssisəsi vardır. Amma onların istər bir-biri ilə, istərsə də universitetlərlə əlaqəsi ya ümumiyyətlə yoxdur, ya da pərakəndə haldadır. Pərakəndəlik dedikdə də, yalnız hansısa institutların alimlərinin fərdi şəkildə digər institut həmkarları ilə elmi əməkdaşlığı başa düşülməlidir". 
 
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor Əfsun Sucayev deyib.
 
O bildirib ki, bunun da başlıca səbəbi sovet dövründə akademik elmin təhsildən tamamilə ayrı, Elmlər Akademiyası şəklində fəaliyyət göstərməsindən qaynaqlanır: 
 
"Yəni, “elm institutda, təhsil universitetdə olmalıdır” fikri yanlışdır. ABŞ və ya əksər Avropa ölkələrində elm və təhsil bir-birinə inteqrasiya olunmuş formada, əsasən, bir yerdə - tədqiqat universitetlərində yerinə yetirilir. Ancaq hər ali təhsil müəssisəsinə də tədqiqat universiteti demək olmur. “Tədqiqat universiteti” statusunu fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv istifadə mərkəzinin mövcud olduğu, beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda ("Web of Science", "Scopus" və s.) ölkə üzrə nəşr olunan məqalə sayının 20-30 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edildiyi, magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiya olunduğu, yerli və beynəlxalq donorlardan elm sahəsində çoxlu sayda qrantlar qazanmış, dünyanın aparıcı universitetləri, elm mərkəzləri ilə elmi əlaqələr quran, dünyanın tanınmış alimləri ilə elmin müasir və aktual mövzularında müştərək araşdırmalar aparan universitetlərə verirlər. Müşahidə etsək, respublikamızda mövcud universitetdən bu tələblərə cavab verənlərin sayı iki-üçdən artıq deyil".
 
“Tədqiqat universiteti”nə keçid istiqamətində əməli addım
 
Ə.Sucayev qeyd edir ki, əgər bu gün universitetlərdən qısamüddətli təcrübəkeçmə üçün elm müəssisələrə gələn bakalavr və magistrantların çoxu elmi tədqiqatlardan xəbərsizdirsə, deməli, elmi tədqiqat institutları ilə universitetlərin əlaqəsi zəif olub. Bu nöqteyi-nəzərdən Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xətti ilə ayrı-ayrı tədqiqat institutlarının universitetlərlə birgə əməkdaşlıq memorandumlarının imzalanması və sözdən əməli işə keçilməsi həm də ali təhsil müəssisələrinin real “Tədqiqat universiteti”nə keçidi istiqamətində əməli addım olacaq.
 
“Biz Aşqarlar Kimyası İnstitutu olaraq istər digər elmi-tədqiqat institutları (Neft Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya və Polimer Materialları, Molekulyar Biologiya və Biotexnologiya institutları), istərsə də universitetlərlə (Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti) sözdə yox, əməldə əməkdaşlığa üstünlük veririk. Təsəvvür edin, dünyanın aparıcı elmi mərkəzləri ilə yaratdığımız 4-5 müştərək beynəlxalq tədqiqat qrupunda təkcə Aşqarlar Kimyası İnstitutunun alimləri deyil, digər institutlarımızın aparıcı elm adamları, xüsusən gənc alim və mütəxəssisləri təmsil olunur. Elmi müəssisə və universitet olaraq bir yerdə fəaliyyət göstərdiyimiz üçün daha yüksək elmi nəticələr əldə oluna bilir”.
 
Elmi müəssisələr arasında qarşılıqlı fəaliyyətin çox aşağı səviyyədə olması məsələsinə gəlincə, Ə.Sucayev qeyd edir ki, bu fikirlər reallığa tam uyğundur: 
 
“Məsələn, bir çox hallarda bir institutun alimləri digər institutlarda alim həmkarlarının hansı tədqiqatları apardığından xəbərsiz olur. Bəzən ölkəmizdə mümkün olmayan fiziki-kimyəvi-bioloji analizləri aparmaq üçün min-bir çətinliklə Türkiyə, Portuqaliya, Rusiya və digər ölkələrin elm mərkəzlərinə göndəririk, halbuki Azərbaycanda o analizləri aparan elmi tədqiqat müəssisələri mövcuddur, ancaq alimlərimiz ondan xəbərsizdirlər”. 
 
Ə.Sucayevin fikrincə, elmi müəssisələr arasında qarşılıqlı fəaliyyəti gücləndirməyin əsas yolları elmdə zəruri olan islahatların davamı, Azərbaycan elminin dünya elminə inteqrasiya prosesinin sürətləndirilməsi, təhsillə tam vəhdətin yaradılması, elmin populyarlaşdırılması və təşviqi tədbirləri ilə istedadlı gənclərin elmə cəlb olunmasını əhatə etməlidir:
 
“Təbii ki, yuxarıda sadalalan istiqamətlər üzrə ölkəmizdə elmin inkişafı ilə bağlı strategiyalar, fəaliyyət planları olub ki, qanunvericilik baxımından onlar dünyanın ən inkişaf etmiş analoji qanunvericilik sənədləri ilə müqayisə oluna bilər. Amma bu fikirləri onların həyata keçirilməsi mexanizmləri ilə əlaqədar olaraq tam deyə bilmirik. Düşünürəm ki, elmlə-təhsilin bir yerdə inkişafının yeni strategiyası işlənib hazırlanmalıdır. Bu sənəd tam formalaşarkən sahib olduğumuz elm və təhsil dəyərlərimizin, tarixi ənənələrin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi ilə yanaşı yeni reallıqları nəzərə almaqla, dünyanın müasir trendləri ilə səsləşməlidir”. 
 
İcraçı direktor qeyd edir ki, elm və təhsilin sərhədləri olmadığı üçün konkret vətəni də yoxdur:
 
“Söz yox ki, elm üçün deyirik ki, o, Şərqdə yaranıb, Qərbə yayılıb, amma müasir dövrümüzdə elm-təhsil dünyəvidir. Biz də bunun ayrılmaz parçası olmalıyıq. Bunun üçün bütün elmi tədqiqat institutları və universitetlərin Nazirlik tərəfindən qlobal elmi bazalara, dünya elektron elmi kitabxanalarına çıxış imkanının təmin edilməsi üçün atdığı ilk addımlar təqdirəlayiqdir. Bunu birmənalı vurğulamaq lazımdır ki, alimlərimizin “Web of Science” və “Scopus” kimi nüfuzlu baza ilə əməkdaşlığı Azərbaycanın elmi göstəricilərinin Cənubi Qafqazda lider mövqeyə yüksəlməsində həlledici amil olub.   
 
Multidissiplinar tədqiqatlar genişlənməlidir
 
Ə.Sucayev hesab edir ki, bu işlərin davamı olaraq elmi əməkdaşlıq edən universitet və elmi tədqiqat institutlarında beynəlxalq laboratoriyaların sayı artırılmalı və onlarda müştərək və multidissiplinar tədqiqatlar genişlənməlidir:
 
"Azərbaycan elminin dünya elminə inteqrasiyasının əsas vasitələrindən biri kimi dəqiq və təbiət elmi bölmələrinin bütün institutlarında prioritet sahələr üzrə beynəlxalq laboratoriyaların yaradılmasına nail olmaq lazımdır. Məlum olduğu kimi, Fizika, Kataliz və Qeyri-üzvi Kimya, Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar, Geologiya və Geofizika institutlarında mövcud olan müştərək beynəlxalq laboratoriyalar özünü tam doğruldub. Adıçəkilən institutların elmi göstəricilərində həmin laboratoriyalarda həyata keçirilən tədqiqatlar zamanı əldə olunan nəticələr nəzərəçarpacaq pay sahibinə malikdir.
 
Beynəlxalq laboratoriyaların yaradılması mümkün olmayan insitutlarda alimlərin müştərək beynəlxalq tədqiqat qruplarına cəlb olunması təşviq edilməlidir. Bunun üçün əlverişli üsul dünyanın aparıcı elm mərkəzlərində çalışan görkəmli azərbaycanlı alimlərin bütün imkanlarından istifadə edilməsidir. Onlar özləri də bu kimi təkliflərə müsbət yanaşır, vaxtaşırı belə təşəbbüslərlə çıxış edirlər. Tanınmış alimlərimizin yanına ayrı-ayrı prioritet istiqamətlər üzrə seçilmiş gənc alim və mütəxəssislər qısa və ortamüddətli təcrübəkeçməyə göndərilə bilər.
 
Elm populyarlaşdırılmalıdır
 
Əfsun Sucayev qeyd edir ki, bu gün elmlə təhsili bir-birindən ayrı şəkildə təsəvvür etmək, eləcə də inkişaf etdirmək mümkün olmaz. Bəs nə etmək lazımdır?
 
“Hesab edirəm ki, ilk növbədə, birgə əməkdaşlığa start verən universitetlərin həmin institutlarda mütləq şəkildə müvafiq ixtisaslar üzrə baza kafedraları yaradılmalı, universitet tələbələrinin elmi tədqiqatla bağlı dərsləri laboratoriyalarda keçirilməlidir. Univeristetlərdə formal mövcud olan tələbə elmi cəmiyyətlərini böyük elmin astanasına çevirmək üçün elmi-tədqiqat institutları əməkdaşlıq etdikləri ali təhsil müəssisələrində elmə böyük marağı olan istedadlı tələbələr üçün müasir və aktual mövzularda birgə elmi seminarlar, interaktiv müzakirələr, konfrans, kitab sərgisi, “dəyirmi masa”lar, elmi-praktiki seminarlar, açıq elmi-populyar mühazirələr, debatlar, master-klasslar, Nobel mükafatçılarının elmi fəaliyyəti haqqında məlumatlandırmalar, treninqlər təşkil etməlidir.
 
Elmlə təhsilin vəhdəti təkcə universitetlərlə deyil, orta məktəblərlə də olmalıdır. Hər bir bölgəmizdə xüsusi istedadlı uşaqlarımız var ki, onları aşağı yaş qruplarından axtarıb, elmə yönləndirə bilən proqramların hazırlanmasına ehtiyac var. Hər il keçirilən “Sabahın alimləri” respublika elmi müsabiqələri bunu bir daha təsdiq edir.
 
Akademik institutlar ən azı təmayül məktəblərində müxtəlif elmi müsabiqələr, fənn gecələri, elm günləri və sair həvəsləndirmə tədbirlərini reallaşdıra bilər. Bunu mədəniyyət sahəsində Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşən ayrıca proqramlarla bu və digər formada edə bilmişik, ancaq elm sahəsində də belə proqramlara ehtiyac var. Bunlar elmin kütləviləşdirilməsi anlamına gəlməməlidir. Çünki elmdə kütlə yox, istedadlar, başqa sözlə demək mümkünsə, elmin fanatları olmalıdır. 
 
Nəhayət, elm populyarlaşdırılmalıdır. Necə deyərlər, universitetlərdə və institutlarda əldə olunan elmi nəticələri kütlənin başa düşəcəyi populyar dildə çatdıra bilən televiziya proqramları işlənib hazırlanmalıdır. Belə olan halda, çox keçmədən ölkəmizi yenidən aparıcı elm mərkəzinə çevirərik, yeni elmi məktəblərin yaranmasına nail olarıq”.
 
Oruc MUSTAFAYEV