Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru akademik Əli Abbasov, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri Tofiq Babayev Çinin Renying Li Guangzhou Universitetinin (GU) və Çin Milli Kosmik Administrasiyasının (ÇMKA) dəvəti ilə Çin Xalq Respublikasında səfərdə olublar.

 

 “Azərbaycan müəllimi” xəbər verir ki, səfər Yer haqqında aerokosmik informasiyanın toplanması, İpək Yolu ölkələrində Data mərkəzlərdə yerləşdirilməsi və emalı vasitəsilə BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” proqramı çərçivəsində XXI əsrin qlobal Yer problemlərinin, o cümlədən təbii fəlakətlər, iqlim dəyişiklikləri, su resurslarının idarə olunması, digər təbiət problemlərinin həllində Çin alim və mütəxəssisləri ilə əməkdaşlığın qurulması, eləcə də birgə layihələrin həyata keçirilməsi məqsədi daşıyıb.  

 

Səfər əsnasında nümayəndə heyəti Guangzhou və Vuhan universitetlərində, Çin Milli Kosmik Administrasiyasında, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatında (APSCO), Hubei Əyalətinin Chushang Federasiyası Assosiasiyasında görüşlər və müzakirələr aparıblar.

Qonaqlar Çinin avtonom uçuş aparatları və avtomobilləri şirkəti olan Guangdon  Huitian Aerokosmik Texnologiya Co. Ltd. şirkətinin Elmi Tədqiqat Mərkəzini və FiberHome Telekommunikasiya Texnologiyaları Co.Ltd. şirkətini ziyarət edib, fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.

 

Azərbaycan nümayəndə heyətini qəbul edən Çin Milli Kosmik Administrasiyasının idarə heyətinin sədr müavini Bianq Zianq Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos”la əməkdaşlığın önəmini vurğulayıb. Ötən il Bakıda keçirilmiş 74-cü Astronavtika konqresində (IAC–2023) ÇMKA-nın baş mühəndisinin bir qrup nümayəndə heyəti ilə iştirak etdiyini bildirib və “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlıq əlaqələrindən bəhs edib.

 

Cavab nitqində nümayəndə heyətinin rəhbəri, Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov dəvətə görə minnətdarlığını bildirib, “Azərkosmos”la ÇMKA-nın son illər əldə etdiyi nailiyyətləri vurğulayaraq kosmik təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini söyləyib.

 

“Azərkosmos”un imkanları barədə məlumat verən D.Bədirxanov üç milli peykin mövcudluğu, 50 müxtəlif ölkələrə kosmik xidmətlər göstərməsini və son zamanlar Çin şirkətləri ilə əlaqələrin genişlənməsini, 74-cü Beynəlxalq Astronavtika Konqresində Çinin bir çox təşkilat və şirkətlərinin iştirakını, Çin alim və mütəxəssislərinin təqdim etdiyi məqalələrin, çıxışların əhəmiyyətini xüsusi ilə vurğulayıb. D.Bədirxanov “Azərkosmos”la ÇMKA arasında gələcək əməkdaşlığın inkişafı və bu sahədə hər iki ölkənin elm nümayəndələrinin iştirakının vacibliyini bildirib.

 

Azərbaycan nümayəndə heyəti, həmçinin Vuhan şəhərində Çinin Kosmos Gününə həsr olunmuş təntənəli iclasda və Çin - Latın Amerikası, Karib Hövzəsi Ölkələrinin Kosmos Əməkdaşlıq Forumunda iştirak edib.

 

Səfər müddətində Azərbaycan və Çin alimləri “Bir kəmər - Bir yol” təşəbbüsü platformasında Çin Elmlər Akademiyasının Elm Proqramı çərçivəsində fəzadan Yer kürəsinin tədqiqi məsələlərində, o cümlədən Avropa və Asiya arasında Azərbaycan Respublikasının da aktiv iştirakçısı olduğu “Orta Koridor” boyunca nəqliyyat və logistika məsələlərində elmi tutumlu problemlərin həllində birgə əməkdaşlıq istiqamətində müzakirələr aparıblar.

 

2013-cü ildə Çin tərəfindən “Bir Kəmər, Bir Yol” təşəbbüsünün irəli sürüldüyü ilk gündən Azərbaycanın bu təşəbbüsü dəstəklədiyini qeyd edən Əli Abbasov 2016-cı ildə Çin Elmlər Akademiyasının və Çin Milli Kosmik Administrasiyasının irəli sürdüyü “Rəqəmsal Kəmər və Yol” (DBAR) meqa layihəsinin önəmini qeyd edib. Akademik regionda müvafiq elmi tədqiqat təşkilatlarını əlaqələndirərək BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” çərçivəsində  Böyük İpək Yolu boyu ətraf mühitin qorunması, yer problemlərinin həlli və monitorinqi üçün alim və mütəxəssislərin birgə fəaliyyətinin zəruriliyindən bəhs edib.

 

Ə.Abbasov qeyd edib ki, Azərbaycanın təklifi ilə BMT-nin Baş Assambleyasının 2010-cu il 64-cü, 2013-cü il 67-ci sessiyalarında Azərbaycan hökumətinin koordinatorluğu ilə “Trans Avro-Asiya Böyük İnformasiya Magistralı” layihəsinin həyata keçirilməsi qərara alınıb.

 

Müzakirələrdə, həmçinin Azərbaycanda bu ilin noyabr ayında keçiriləcək dünyanın nüfuzlu tədbirlərindən biri olan BMT-nin Tərəflər Konfransının (COP29) sessiyasında Azərbaycan və Çin alimlərinin birgə iştirakı üçün İdarəetmə Sistemləri İnstitutu, Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqat İnstitutu və Guangzhou Universitetinin birgə iştirak perspektivlərindən bəhs olunub.

 

Görüş çərçivəsində, həmçinin Guangzhou Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında memorandum imzalanıb.