Əməkdar elm xadimi, professor Şahlar Əsgərov “Məktəbdə...” layihəsinin qonağı olub.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilib.   

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə məktəblilərlə bir araya gələn Ş.Əsgərov dünyaşöhrətli siyasi xadim, ömrünü xalqına həsr edən dahi liderin ölkəmizin taleyində oynadığı əhəmiyyətli roldan, təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb. Bugünkü firavan həyat, ölkəmizin dünya miqyasında sayılıb-seçilən dövlətə çevrilməsinə görə hər kəsin əbədiyaşar lider Heydər Əliyevə borclu olduğunu söyləyən qonaq məktəblilərə dahi rəhbərin qoyub getdiyi zəngin və tükənməz irsdən bəhrələnməyi tövsiyə edib.

 

İlk dəfə olaraq şagird auditoriyası qarşısında çıxış etməkdən məmnunluğunu ifadə edən Ş.Əsgərov müasir dünyanın bu gün məktəb, müəllim və şagirdin qarşısına qoyduğu tələblərdən, təhsilə ictimai baxışdan, hər zaman qorunmalı olan müəllim nüfuzundan danışıb, ixtisas seçimində diqqət edilməsi vacib olan məqamlardan, mütaliənin faydalarından söz açıb.

 

Qonaq şəxsi təcrübələri əsasında maraqlı nümunələrlə şagirdləri düşündürən suallara aydınlıq gətirib, vacib mövzularla bağlı məktəblilərlə fikir mübadiləsi aparıb.

 

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.