Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məktəbəqədər təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən Pedaqoji-psixoloji xidmət laboratoriyasının açılışı olub.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, laboratoriyanın açılış mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, rektorun müşaviri Ümid Mehdiyev, məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, eləcə də müvafiq struktur rəhbərləri, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər.

 

Pedaqoji-psixoloji laboratoriyanın yaradılmasının əsas məqsədi fakültənin ixtisas profilinə uyğun olaraq təhsil alan tələbələrin əldə etdiyi akademik bilikləri mütəxəssislərin dəstəyi ilə praktik mənimsəmələrini, müvafiq bacarıqlar qazanmalarını təmin etmək, ixtisas üzrə vərdişlər formalaşdırmaq, onların tipik və atipik uşaqlarla məşğələlərini təşkil etməkdir.

 

Laboratoriyada 5 istiqamətdə fəaliyyətin təşkil olunması nəzərdə tutulur: loqopediya, psixologiya, defektologiya (korreksiya pedaqogikası), idman və peşə reabilitasiyası.

 

İdman sahəsi üzrə uşaqlarda dayaq-hərəkət aparatının müxtəlif problemlərinin korreksiyası üçün laboratoriyada idman otağı fəaliyyət göstərir. Burada uşaqların fiziki sağlamlığını məhkəmləndirmək məqsədi ilə məşğələlər aparılacaq.

 

Psixologiya sahəsi üzrə tipik və atipik uşaqların öz düşüncələrini və emosiyalarını ifadə etmələri üçün təhlükəsiz və rahat mühiti təmin etmək, psixoloji ehtiyaclarını qiymətləndirmək, lazım gəldikdə terapiya və ya məsləhətlər vermək, uşaqlara, onların ailələrinə dəstək olmaq əsas fəaliyyət istiqamətləridir. Mütəxəssislərin iştirakı ilə tələbələrin praktik bacarıqlarını inkişaf etdirmələri və onların psixoloq kimi formalaşmasına dəstək olmaq əsas hədəflərdən biridir.

 

Defektologiya otağı inkişaf və ya öyrənmə çətinliyi olan uşaqların ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

 

Loqopediya otağında loqopedlər tərəfindən fərdi və ya kiçik qruplar şəklində müxtəlif məşqlər, fəaliyyətlər və müdaxilələr vasitəsilə uşaqların ünsiyyət bacarıqlarının inkişafına dəstək göstəriləcək.

 

Oyun terapiyası bölməsi isə uşaqların oyunlar vasitəsilə fiziki, koqnitiv, emosional və sosial inkişafını dəstəkləmək üçün nəzərdə tutulub.

 

Laboratoriya uşaqlara keyfiyyətli erkən uşaqlıq təhsili və inkişaf proqramlarına çıxış imkanları təmin edir, onların gələcək öyrənmə və uğurları üçün güclü zəmin yaradır.