Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar.   
 
Əli Əfəndi, İsmayıl Rizayev mühəndislik kateqoriyası (1 qızıl), Fatimə Balamirzəyeva, Nicat Əzizli kompüter elmləri kateqoriyası (1 gümüş), Zaur Zeynallı, Zabit Xəlifəquliyev riyaziyyat kateqoriyası (1 gümüş), Nuranə Əliyeva riyaziyyat kateqoriyası üzrə (bürünc medal) qalib olublar.  
 
“Azərbaycan müəllimi” qalibləri öz oxucularına yaxından tanıdır.  
 
Qızıl medal qazanan layihələri üzərində 8 ay işləyiblər 
 
Əli Əfəndi Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdidir, dərs əlaçısıdır. Məktəbin ictimai işlərində fəaldır. Respublika və beynəlxalq müsabiqələrdə, riyaziyyat və informatika, fizika  üzrə keçirilən fənn olimpiadalarında iştirak edərək medallar qazanıb. Uşaqlıqdan mühəndisliyə maraq göstərib. Qurğular düzəltməyə həvəsli olub. Deyir ki, hətta evdə labarotoriyası da var. Əli, həmçinin liseydə köhnəlib sıradan çıxan printerləri təmir edir. O, ilk dəfə idi ki, “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə qatılırdı və müsabiqədə uğura imza atmağa nail olaraq, mühəndislik kateqoriyası üzrə qızıl medal qazandı.  
Əli layihəsini belə anladır: “Mühəndislik kateqoriyası üzrə layihəm (EcoPrintTech) təkrar emal olunmuş plastik butulkalardan alınan filamentdən istifadə olunaraq çap edən 3D printeridir. Layihəmin məqsədi, ilk növbədə plastik tullantıların həcmini azaltmaqdır. Plastik məhsulların təkrar emalı çirklənməni azaltmağa  kömək edir. Həm də çap materiallarının dəyərini azalda bilər, çünki təkrar emal edilmiş plastik məhsul daha ucuz olur. Bundan əlavə, “autosave“ funksiyası sayəsində vaxta və materiallara qənaət etməyə imkan yaradır.
 
Qeyd edək ki, Əlinin müsabiqədəki layihəsi may ayında ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Elm və Mühəndislik Sərgisində nümayiş olunacaq. 
 
Digər qızıl medalçı İsmayıl Rizayev də 11-ci sinif  şagirdidir. O da “Sabahın alimləri” XIII  Respublika Müsabiqəsinə ilk dəfə idi qatılırdı. “EcoPrintTech” layihəsinin hazırlanmasında Əli Əfəndi ilə birgə çalışıb. Səkkiz aya yaxın bu layihə üzərində işləyiblər. Layihənin necə qarşılanacağı onlarda həyəcansız ötüşməyib: ”Müsabiqədə, nəhayət ki, həyəcanımıza son qoyuldu. Layihəmiz bəyənildi, hər ikimiz qızıl medala layiq görüldük. Bizi səhnəyə dəvət edəndə sevincimizin həddi-hüdudu olmadı. Layihəmiz ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Elm və Mühəndislik Sərgisində nümayiş etdiriləcək. Üzərimizdə əməyi olan informatika müəllimimiz Rəfiqə Bağırovaya minnətdarlığımızı bildiririk”. 
 
İsmayıl həm də idmanın müxtəlif növləri ilə məşğul olur. Liseydə məktəblərarası idman yarışlarında iştirak edir. Voleybol və basketbol üzrə kuboklar qazanıb. 
 
“Ali dərəcəli ədədi silsilələr” alqoritmlərlə hesablamağı sürətləndirir
 
Zaur Zeynallı da adıçəkilən liseyin istedadlı şagirdlərindəndir. Müxtəlif vaxtlarda beynəlxalq müsabiqələrdə iştirak edib. ”SASMO” Sinqapur beynəlxalq riyaziyyat üzrə keçirilən fənn olimpiadasında bürünc medal qazanıb. “Sabahın alimləri” XIII  Respublika Müsabiqəsinə “Ali dərəcəli ədədi silsilələr” layihəsi ilə qatılıb. 
 
“Müsabiqə maraqlı keçdi və layihəm hamının xoşuna gəldi. Layihəni dostum Zabitlə birlikdə hazırlamışıq. Bu layihədə məqsədimiz ədədi silsilələr üzərində daha çətin məsələlərin həllinin asanlaşdırılması, ali dərəcəli ədədi silsilələrlə hamını daha yaxından tanış etmək olub” - deyən Zaurun arzusu Bakı Dövlət Universitetinə qəbul olmaqdır.
“Ali dərəcəli ədədi silsilələr” layihəsinin digər müəllifi Zabit Xəlifəquliyevdir. O, liseyin 11 sinif şagirdidir. Zabit də çoxlu uğurlara imza atıb. Belə ki, “SASMO” Sinqapur beynəlxalq riyaziyyat üzrə keçirilən fənn olimpiadasında iştirak edib və bürünc  medalla mükafatlandırılıb. Riyaziyyata böyük marağı olduğundan “Sabahın alimləri” XIII Respublika  Müsabiqəsində iştirak etməyi qərara alıb. II yeri  tutduğunu eşidəndə, sevincini ilk  olaraq valideynləri ilə bölüşüb. O, layihəsi haqqında belə deyir: “Zaurla hazırladığımız bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, alqoritmlərlə hesablamağı sürətləndirir”.
 
Zabit, eyni zamanda idman həvəskarıdır. İdmanın cüdo növü ilə, həmçinin voleybolla məşğul olur. 30-dan çox mükafat və medalları var. Ötən il məktəblərarası voleybol yarışında iştirak edib və I yeri tutub. Ali təhsilini Azərbaycan Tibb Universitetində almaq istəyir.
 
Onlar tibbi və kompüter elmlərini birləşdirən layihə hazırladılar 
 
Fatimə Balamirzəyeva 11-ci sinif şagirdidir. Müxtəlif yarış və olimpiadalarda  iştirak edib, gümüş, bürünc medallar qazanıb. “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində həvəslə iştirak edib. Fatimə layihəsini belə anladır: ”Layihəm ”Süni intellekt əsasında işləyən mobil tətbiq” adlanır. Hansı ki həkim terapevti əvəz edə bilər. Qeyd  edim ki, özüm həkimə tez-tez müraciət etdiyim üçün fikirləşdim ki, həkimə getmək çox vaxt aparır. Ona görə də ”Mobil tətbiq” yaratmaq qərarına gəldim. Düşünürəm ki, pula və vaxta qənaət təkcə mənə yox, bütün insanlara lazımdır. Elmi rəhbərim Rəfiqə Bağırova informatika müəllimimdir. O dedi, sentyabr ayında belə bir xəbər eşitdik ki, süni intellekt üzərində işləyən ÇAT GPT xəstəyə düzgün diaqnoz qoyub. Ondan sonra qərara  gəldik ki, bu sahəni dərindən araşdıraq. Araşdırandan sonra bu layihəni - ”AIbolit”i hazırladıq. Layihə tibbi və kompüter elmlərini birləşdirən layihədir. Sonra “Sabahın  alimləri” XIII Respublika  Müsabiqəsinə qatıldıq. Nəticə olaraq kompüter elmləri katoqoriyası üzrə gümüş medal qazandıq”. 
Qeyd edək ki, Fatimə builki imtahanlara da ciddi hazırlaşır, çünki Bakı Dövlət Universitetinə qəbul olmaq istəyir. Gələcəkdə isə xaricdə təhsil almağı düşünür. 
 
“AIbolit” layihəsinin digər müəllifi Nicat Əzizlidir. O, 11-ci sinifdə oxuyur. 9-cu sinifdən müxtəlif yarışlara qatılıb. Ən  çox sevdiyi fənn riyaziyyat və informatikadır. Beynəlxalq SAF-2022 festivalında bürünc medal, FLL-2023 turnirində ən yaxşı innovative layihə kateqoriyasında 4-cü yeri qazanıb.  Ötən il “Sabahın  alimləri”XII Respublika  Müsabiqəsində də iştirak edib, amma yer tuta bilməyib. Buna baxmayaraq, ruhdan düşməyib. Bu il isə daha əzmlə çalışıb və müsabiqəyə qatılıb. Liseyin şagirdi, dərs əlaçısı Fatimə Balamirzəyeva ilə “AIbolit” layihəsi üzərində  birgə işləyiblər. Əməklərinin nəticəsi uğurlu oldu və gümüş medal qazandılar.  Nicat müxtəlif illərdə idmanın üzgüçülük və voleybol növü ilə məşğul olub. Turnirlərdə qızıl və gümüş medallar qazanıb. Builki buraxılış imtahanlarından 262 bal  toplayıb. Sənədlərini I qrupa verib, inanır ki, blok imtahanında da yüksək  bal toplayacaq. Nicatın arzusu xaricdə təhsil almaqdır.
 
 
Bürünc medala layiq görülən layihəsini “Kvant” jurnalına da göndərib.
 
Nuranə Əliyeva da liseyin 11 sinifdə oxuyur. ”Sabahın alimləri” XIII Respublika Müsabiqəsində riyaziyyat kateqoriyası üzrə iştirak edib və bürünc medal qazanıb. Deyir ki, ”Çebışev çoxhədlilərin neçə sıfırı var?” adlı layihəsi riyaziyyatın çoxhədlilər mövzusuna aiddir. Əsas məqsədi Şturm metodundan istifadə edərək Çebışev, Lager, Hermit, Yakubov kimi alimlərin işlədiyi çoxhədlilərin köklərinin sayını müəyyən etməkdir: ”Bunun üçün elementar olmayan yollar var, - deyə biz daha rahat, yuxarı sinif şagirdi tərəfindən belə anlaşılacaq üsul fikirləşmişik. Bunu, həmçinin ”Kvant” jurnalına göndərmişik və uğurlu olacağını düşünürük”. 
Onun uşaqlıqdan müxtəlif sahələrə marağı olub və bir sıra yarışlarda iştirak edib. İdmanın dörd növü ilə məşğul olan Nuranə yarışlarda qızıl, gümüş medallara layiq görülüb. Həmçinin piano və kamançada gözəl ifa edir. 
Nuranə I ixtisas qrupu üzrə imtahanlara hazırlaşır, arzusu ADA Universitetində təhsil almaqdır. 
    
Sifai SƏFƏROVA