"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatları "University of Michigan-Ann Arbor" ali təhsil müəssisəsində "Dövlət siyasəti" ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Raul Məmmədov ötən il bir neçə tələbə yoldaşı ilə ABŞ Dövlət Departamenti üçün tədqiqat aparmaq hüququnu qazanıb.

 

Elmi-tədqiqatın mövzusu "Şərqi Avropada Lüstrasiya Siyasətinin İnsan Haqlarına Təsiri” olub.

 

Raul Məmmədov 12 aprel 2024-cü il tarixində tələbə yoldaşlarından ibarət qrupa rəhbərlik edərək, paytaxt Vaşinqtonda yerləşən Dövlət Departamentində tədqiqatlarının nəticələri haqqında təqdimatla çıxış edib. Təqdimatı ABŞ Dövlət Departamentində Qlobal cinayət ədaləti şöbəsinin müdiri səfir Bet Van Şaak və onun xüsusi tapşırıqlar üzrə köməkçiləri dinləyiblər. Təqdimatın sonunda səfirin və digər səlahiyyətli şəxslərin tədqiqat barədə sualları cavablandırılıb.

 

Səfir Bet Van Şaak,  Raul və qrupunun elmi-tədqiqat işinin keyfiyyətindən çox razı qalıb. O, qrupun rəhbər şəxsi kimi Proqram iştirakçımız haqqında yüksək rəyini və Qlobal cinayət ədaləti şöbəsinin fəaliyyətinə töhfə verə biləcək işin ərsəyə gətirilməsinə görə dərin təşəkkürünü bildirib.