"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinə dair tədbirdə çıxışında deyib.
 
 
O bildirib ki, məktəb elə bir yerdir, ayrı-ayrı ailələrdən gələn davranış məktəb vasitəsilə digər uşaqların davranışlarına təsir edir. 
 
 
"Ölkə üzrə məktəblərdə 1,5 milyon uşaq təhsil alır. Hər gün hansısa bədbəxt hadisə nəticəsində kiminsə səhhətində problem yarana, tibbi müdaxiləyə ehtiyacı ola bilər. Bu mənada məktəblinin dostlarının  böyük töhfəsi var. Məktəbin daxilində problemi həll etmək onu nazirliyə daşımamaq daha düzgün olar. Bu baxımdan məktəblinin dostu məktəbə yardımçıdır".
 
 
Nazir qeyd edib ki, şagirdlər arasında bəzən məktəblərdə bullinq və qısnama kimi hadisələr səbəbindən az da olsa, intihara cəhd halları olur.
 
 
"Bizim mövqeyimiz belədir ki, neqativ hallar ört-basdır edilməməli, ictimailəşdirilməli, həll olunmalı və sonda düzgün müzakirələr aparılmalıdır. Bir çox hallarda ailədaxili münaqişə sonda məktəbə gəlib çıxır. Təbii ki, dövlətin vəzifəsi ailələrə kömək etməkdir. Lakin ailələr də vəzifələrini anlamalı və bilməlidirlər ki, uşaqlarının gələcəyi ilə bağlı əsas məsuliyyət daşıyan tərəfdirlər. Bu mənada məsuliyyət ailə və məktəb arasında bölüşdürülməlidir".
 
Nazir onu da qeyd edib ki, məktəblərdə videomüşahidələr aparılır: 
 
"Videokameralar neqativ halların baş vermə ehtimalı olan yerlərə quraşdırılır. Bu görüntülər 30-40 gün müddətində saxlanılır və peoblemlərin həlli zamanı təhlil edilir. Lakin ümumilikdə məktəb daxilində baş vermiş neqativ halın düzgün şəkildə araşdırılıb sona çatdırılması əsas hədəfdir".
 
 
Bundan başqa, elm və təhsil naziri öz çıxışında qeyd edib: "Problemin ictimai qınaqla həll ediləcəyinə inanmıram, bu, hüquq çərçivəsində öz həllini tapmalıdır".