Təlim-tədris zamanı təqdimatların istifadəsi ilə öyrənmə prosesini daha rahat və səmərəli təşkil etmək mümkündür. Əvvəllər “müəllimin təqdimat hazırlaması” dedikdə belə bir fikir yaranırdı ki, bu bəhs etdiyimiz müəllim yəqin ki, hər hansısa universitetdə tədris aparan müəllimdir. Amma bu gün təqdimatlardan istifadə məktəblər üçün də aktualdır.

 

Müxtəlif vizual vasitələrlə dərs prosesini şagirdlər üçün daha əyləncəli etmək və onların daha səmərəli öyrənməsinə nail olmaq olar. Bunun üçün də ən səmərəli üsullardan biri məhz dərsdə təqdimatlardan istifadədir. Təqdimatlar, xüsusilə “Tarix”, “Ədəbiyyat”, “Coğrafiya”, “Biologiya”, “Həyat bilgisi”, “Təsviri incəsənət” kimi fənlərin tədrisində daha effektivdir. Buna baxmayaraq, digər fənlərdə də məzmuna uyğun olaraq təqdimatlardan istifadə etmək mümkündür.

 

Təqdimatlar şagirdlərin anlayışları daha yaxşı başa düşməsinə kömək etməklə onların öyrənmə təcrübəsini artırmağa imkan verir. Təqdimatlar vasitəsilə sinifdə müəllim bilikləri daha ətraflı çatdıra və hər bir şagirdin fikri aydın şəkildə qavramasına nail ola bilər. Təqdimatlar vizual öyrənən şagirdlər üçün də olduqca əhəmiyyətli resursdur. Nəzərə alsaq ki, təqdimat zamanı həm vizuallıq, həm səsli izah, həm də oxuyub-qeydlər götürmə mövcuddur, bu, şagirdlərin dərslərin məzmununu daha yaxşı öyrənməsinə səbəb olur.

 

Təqdimatların hazırlanması üçün müxtəlif onlayn resurs və proqramlar mövcuddur. Bunlardan ən çox istifadə olunanı da “Microsoft PowerPoint” proqramıdır. Bəs bu proqramla yanaşı, hansı onlayn texnologiyalardan istifadə edərək şagirdlər üçün maraqlı və cəlbedici təqdimatlar hazırlaya bilərik? Bunun üçün də “Azərbaycan müəllimi” olaraq müəllimlərimizin təqdimat hazırlamaq üçün istifadə edə biləcəyi, ehtiyaclara uyğun, əlçatan 5 resursu təqdim edirik:

 

1. “Canva” (keçid: https://www.canva.com/)

 

“Canva” ən yaxşı ödənişsiz slayd hazırlama proqramlarından biridir. Burada xüsusi olaraq tədris məzmununun vizual olaraq təqdim oluna bilməsi üçün şagirdləri dərs prosesinə cəlb edə biləcək çox sayda maraqlı şablonlar var.

 

Təqdimatın redaktə ekranında audio və video kitabxanası, eləcə də təqdimatınızı canlandırmaq üçün istifadə edə biləcəyiniz çoxlu hazır animasiyalar mövcuddur. Həmçinin hazırladığınız təqdimata müəllim həmkarlarınızı əlavə edib birlikdə işləmək, təqdimatınızı birbaşa sosial mediada, hətta “QR” kodu vasitəsilə paylaşmaq imkanınız var.

 

“Canva”nın istifadəsi son dərəcə rahatdır. Dərslərinizə uyğun dizaynlarınıza loqotiplər və fotoşəkillər əlavə edə, şagirdləriniz üçün daha maraqlı, əyləncəli və öyrədici təqdimatlar hazırlaya bilərsiniz. Bundan başqa, təqdimatlarla yanaşı, afişalar, müxtəlif açıqcalar, kartlar və s. də hazırlamaq mümkündür.

 

2. “Prezi(keçid: https://prezi.com/)

 

Digər təqdimat proqramlarından fərqli olaraq, “Prezi” təqdimatın strukturunu düz xətlə məhdudlaşdırmır. Müəllim mövzulara və alt mövzulara dəyişiklik edə və onları istədiyi kimi hazırlaya bilər. Həmçinin “Prezi”də süni intellekt vasitəsilə daha sürətli məzmun yaratmaq mümkündür. Beləcə, siz şagirdləriniz üçün daha sürətli və interaktiv təqdimatlar yarada bilərsiniz. Bundan başqa, “Canva”da olduğu kimi, hazırladığınız təqdimata müəllim həmkarlarınızı əlavə edərək birlikdə işləyə bilərsiniz.

 

“Prezi”yə daxil olarkən müəllimlər üçün xüsusi hissəyə klikləməklə “müəllim hesabı” aça bilərsiniz. Bu, sizə istənilən mövzuda şagirdlərinizin diqqətini çəkən və  hərəkətli, vizual olaraq heyrətamiz təqdimatlar yaratmağa imkan verəcək. Burada siz şablonları şagirdlərinizin maraq dairəsinə  uyğunlaşdıraraq müvafiq redaktə işləri aparmaq imkanı əldə edirsiniz.

 

 

3. “Powtoon(keçid: https://www.powtoon.com/)

 

“Powtoon” videoslayd şousu hazırlama proqramı kimi tanınır. Bununla cəlbedici və interaktiv video təqdimatlar yaratmaq mümkündür. “Powtoon”nun onlayn proqramı təqdimatları yaratmağı, idarə etməyi və tez bir zamanda paylaşmağı asanlaşdırır. O, yüzlərlə şablon, video və şəkilləri özündə ehtiva edir.

 

“Powtoon” vasitəsilə də qeydiyyatdan keçərkən müəllim olduğunuzu və məzmunu şagirdlər üçün hazırladığınızı qeyd edərək onlara və dərsinizə uyğun məzmunu yarada bilərsiniz. Dərs zamanı “Powtoon”dan istifadə etməklə müəllimlər şagirdlərinin marağını  cəlb edə və onların diqqətini dərsə yönəldə bilərlər.

 

 

4. “Easel.ly” (keçid: https://www.easel.ly/)

 

 

“Easel.ly” infoqrafika və posterlər yaratmaq və paylaşmaq üçün nəzərdə tutulmuş istifadəsi çox sadə veb alətdir. Bu platforma ilə vizual məzmunu sürətli və asan şəkildə yaratmaq mümkündür.

 

“Easel.ly”də fərqli mövzular üçün geniş şablon kolleksiyası mövcuddur. Şablonları uyğunlaşdırmaq, mətnləri dəyişmək, rəngləri tənzimləmək, şəkillər əlavə etməklə dizaynı öz zövqünüzə uyğun hazırlaya bilərsiniz.

 

 

 

5.“Microsoft Sway (keçid: https://sway.cloud.microsoft/my)

 

 

“Microsoft Sway” istifadəçilərə interaktiv və vizual cəlbedici təqdimatlar, hesabatlar, xəbər bülletenləri və s. yaratmağa və paylaşmağa imkan verən faydalı resursdur. Bu, “Microsoft Office” paketinin bir hissəsidir və məlumatı cəlbedici şəkildə təqdim etmək üçün dinamik, istifadəsi asan platforma təmin edir. “Microsoft Sway” vasitəsilə, sadəcə slayd başlıqlarını, yazıları və s. daxil edərək avtomatik təqdimat yaratmaq mümkündür.

 

“Microsoft Sway” yüksək texniki bacarıqlara ehtiyac olmadan cəlbedici və interaktiv rəqəmsal məzmun yaratmaq istəyən müəllimlər üçün çoxyönlü alətdir. Xüsusilə də, dərslərdə istifadə üçün daha dinamik və multimedia ilə zəngin yanaşmadan faydalanmağa imkan verir.

 

 

Təbii ki, resurslar bununla kifayətlənmir. İnternetdə minlərlə bu tipli resurlsar tapmaq mümkündür. “Azərbaycan müəllimi” olaraq həmin resurslar arasından təqdimat hazırlamaq üçün sizlərə istifadəsi daha rahat, şagirdyönümlü, ödənişsiz və cəlbedici olanları qeyd etdik.

 

Növbəti dəfə dərsinizin məzmununa uyğun slaydlar hazırlayarkən bu resurslarla tanış olub, sizin üçün istifadəsi daha rahat olanlardan yararlana bilərsiniz. Qeyd edək ki, bu proqramları müvafiq keçid linkləri vasitəsilə onlayn istifadə edə bilərsiniz.

 

Vaqif FƏTULLAYEV