Bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, o cümlədən Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri, həmçinin sözügedən iqtisadi rayonlarda fəaliyyət göstərən özəl sektor nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə mərkəzin infastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olublar.  İştirakçılara mərkəzdə tələbələr üçün yaradılmış imkanlar, tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verilib. Qonaqların diqqətinə çatdırılıb ki, mərkəzdə 1300-dən çox tələbənin təhsil aldığı müəssisədə əsasən İKT, nəqliyyat, dağ-mədən və xidmət istiqamətləri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Qeyd edilib ki, liseyin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.
 
Tədbirdə regionda  işəgötürənlərlə peşə təhsili sistemi arasında əməkdaşlıq imkanları da geniş müzakirə edilib.  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov: "Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonları təbii resurslarının zənginliyi, həmçinin əlverişli coğrafi mövqeyi ilə dağ-mədən, ağır sənaye və turizm, o cümlədən nəqliyyat sahələrində ölkə iqtisadiyyatına böyük töhfələr verir. Xüsusilə ikinci böyük şəhərimiz olan Gəncədə peşə təhsilinin 140 illik tarixi ənənəsi və müasir imkanları var. Bu üstünlükləri nəzərə alaraq sadalanan istiqamətlərdə işəgötürənlər də, biz də uzunmüddətli kadr hazırlığı üçün ən əlverişli həllər üzərində düşünməliyik. Belə olan halda region gənclərinin məşğulluq imkanlarını da böyük ölçüdə artırmış olarıq."
 
Millət vəkili Pərvin Kərimzadə çıxışı zamanı peşə təhsilinə ölkə rəhbərliyinin diqqətindən danışıb. Qeyd edilib ki, ölkə miqyasında həyata keçirilən islahatlar bu sahədə də istər infrastruktur, istərsə də tədrisin keyfiyyəti baxımından qısa müddət ərzində böyük uğurların əldə edilməsinə gətirib çıxarıb.
 
Daha sonra işəgötürən qurumların nümayəndələri müxtəlif əməkdaşlıq modelləri əsasında peşə təhsil müəssisələri ilə işin qurulmasının hər iki tərəf üçün əlverişli olduğunu qeyd ediblər.
 
Xatırladaq ki, regional forumların keçirilməsində əsas məqsəd işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi perspektivlərinin müzakirəsidir.