Mingəçevir Dövlət Universitetində (MDU) Novruz bayramı münasibətilə tədbir keçirilib. Universitetin həyətində təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Yeni Azərbaycan Partiyasının  Mingəçevir şəhər təşkilatının, Mingəçevir şəhər təhsil sektorunun rəhbərliyi, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik-inzibati heyəti, professor-müəllimləri, tələbə və magistrantları iştirak ediblər.

 

Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edərək xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə bütün MDU ailəsi üzvlərini və qonaqları təbrik edib, onlara xoş ovqat, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb. Ölkəmizdə bayram tədbirlərinin yüksək əhval-ruhiyyədə və ərazi bütövlüyü şəraitində qeyd edilməsində məhz qəhrəman Vətən övladlarına borclu olduğumuzu vurğulayan rektor şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. Ş.Bayramov tədbirdə iştirak etdikləri üçün şəhid ailələrinin üzvlərinə minnətdarlığını bildirib.

 

Tədbirdə çıxış edən MDU-nun humanitar fənlər kafedrasının müəllimi, fəlsəfə doktoru Səadət Ağakişiyeva Novruz bayramının tarixindən danışıb, bu milli bayramın əsas xüsusiyyətləri, adət və ənənələri barədə maraqlı məlumat verib.

 

Daha sonra bayram tonqalı qalanıb. MDU ailəsi Novruzun rəmzi olan bayram tonqalının ətrafında “Yallı” gedib, birlik nümayiş etdirib.