Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti, Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə 28-30 may 2024-cü il tarixlərində İndoneziyanın Cokyakarta şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda III Beynəlxalq Simpozium təşkil olunacaq.

 

İlahiyyat İnstitutundan bildirilib ki, simpozium bir sıra mövzu və istiqamətləri əhatə edəcək.

 

İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi, birgəyaşayışın vacibliyi,  birgəyaşayış mədəniyyətini gücləndirən amillər, fərqli cəmiyyətlərdə birgəyaşayış təcrübəsi, birgəyaşayış mədəniyyətinə töhfə verən nümunəvi şəxsiyyətlər, birgəyaşayış qarşısında duran maneələr, müsəlman təfəkküründə cəmiyyət anlayışları, qloballaşmanın birgəyaşayışa təsiri (irqçilik, gender ayrı-seçkiliyi, zorakılıq, gəlirlərin qeyri-bərabər bölgüsü), incəsənətin ictimai şüurun formalaşmasına təsiri, İndoneziyada birgəyaşayışın əsas dinamikası mövzuları nəzərdən keçiriləcək.

 

Simpozium təhsilə aid mövzuları da diqqətdə saxlayacaq.

 

Təhsilin birgəyaşayış mədəniyyətinə töhfəsi, təhsil proqramı və birgəyaşayış mədəniyyəti (məktəbəqədər, ibtidai, orta, ali təhsil dövrləri), rasional və elmi əsaslara uyğun bilik formalaşdırılması, formalaşdırılan biliyin imkanların bərabərliyi kontekstində bölüşülməsi,  təhsildə şagird və müəllim fəallığı, din təhsilinin birgəyaşayış mədəniyyətinə töhfəsi,  ali dini təhsilin birgəyaşayışa töhfəsi, məktəblərdə din təhsilinin birgəyaşayışa töhfəsi, fərqli elm sahələrində birgəyaşayış təcrübəsi, İndoneziyada din təhsili müzakirə ediləcək.  

 

İslamla bağlı bölümə gəlincə, islamın birləşdirici xüsusiyyəti və məzhəblər, islam tarixində birgəyaşayışa dair nümunələr, xurafat, fanatizm və təkfirin birgəyaşayışa mənfi təsirləri, Quranda birgəyaşayışın əhəmiyyəti, Hədis ədəbiyyatında birgəyaşayışın vurğulanması, islam ədəbiyyatının cəmiyyətlərarası inteqrasiyaya təsiri (fundamental mətnlər, şairlər, ozanlar), İndoneziyada İslam və digər dinlərin nümayəndələri ilə münasibətlər müzakirə mövzusu olacaq.