Martın 5-də Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirinə yekun vurulub.

 

III yer uğrunda mübarizədə Lənkəran Dövlət Universitetinin komandası Bakı Neft və Energetika Kollecinin komandasına qalib gəlib. Naxçıvan Dövlət Universitetinin komandası isə Mingəçevir Dövlət Universitetinin komandasını məğlub edərək turnirin qalibi olub.

 

Oyunlardan sonra yarış qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Tədbirdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi, Naxçıvan Dövlət Universitetinin rəsmi şəxsləri və veteran futbolçular iştirak ediblər. 

 

Bağlanış mərasimində çıxış edənlər Naxçıvan Muxtar Respublikasının yaranma tarixindən danışıb, turnirin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliğində, perspektivli idmançıların aşkar edilməsində, həmçinin idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin olunmasında xüsusi əhəmiyyət daşıdığını bildiriblər. 

 

Çıxışlardan sonra turnirdə fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, qalib komandalara medal və pul mükafatı, çempion komandaya isə kubok təqdim edilib. 

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən turnirdə 19 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak ediblər. 

 

Turnirin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyini qeyd etmək, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin futzala marağını artırmaq, onlar arasında bu idman növünü təbliğ etmək, həmçinin tələbələrdən ibarət yığma komanda formalaşdırmaqdır.