Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğun təşkilatçılığı ilə “Qərbi Azərbaycan – yurd yerimiz” mövzusunda konfrans keçirilib, eyni zamanda Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin açılışı olub.

 

Tədbirdə ADPU-nun rəhbərliyi ilə yanaşı, Milli Məclisin deputatları, ali təhsil ocaqlarının rektorları, Qərbi Azərbaycan İcmasının üzvləri və ziyalılar iştirak ediblər.

 

Əvvəlcə, qonaqlar Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzdə olaraq onların fəaliyyəti, elmi araşdırmaları ilə yaxından tanış olublar.

 

Konfransda çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, konfransın və yeni mərkəzlərin yaradılmasının təşəbbüskarı professor Mahirə Hüseynova Pedaqoji Universitetdə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin fəaliyyətə başlamasının həm universitet, həm də dövlətimiz üçün əhəmiyyətli hadisə olduğunu vurğulayıb, Qərbi Azərbaycanın vətənimizin ayrılmaz hissəsi olduğunu deyib. O, eyni zamanda, Türk dünyası ilə qarşılıqlı əlaqələrimizin Ulu öndər Heydər Əliyev tərəfindən bərpa edildiyini, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq bu münasibətlərin gündən-günə daha da genişləndiyini diqqətə çatdırıb.

 

ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri professor İbrahim Bayramov Qərbi Azərbaycanın ölkəmizin tarixi torpaqları olduğunu söyləyərək, bunu 3 faktla əsaslandırıb: etnik tərkib, toponimlər, tarixi abidələr. Professor bu faktları sübut edən əsaslı dəlillər səsləndirib, bu sahədə apardığı elmi-tədqiqat nəticələrini  qeyd edib.

 

ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov isə Qərbi Azərbaycanın təhsil və dövlətçilik tarixinin araşdırılmasının önəmini qeyd edərək, İrəvan Kişi Gimnaziyasının ən görkəmli məzunlarının məhz azərbaycanlı olan Əziz Əliyev, Mustafa Topçubaşov və Əhməd Rəcəbli olduğunu vurğulayıb, yaradılan mərkəzin elm aləminə uğurlu töhfələr verəcəyinə əminliyini ifadə edib.

 

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli  Qərbi Azərbaycan adının dövlət səviyyəsində ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən dilə gətirildiyini diqqətə çatdırıb. O, 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycan İcmasının yaradıldığını xatırladaraq, 1 il ərzində Qərbi Azərbaycan İcmasının öz fəaliyyətini xeyli genişləndirdiyini vurğulayıb.

 

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, professor Nizami Cəfərov türkologiya və türkçülüyün qarşılıqlı əlaqəsindən bəhs edərək bu bağlılığın 3 dövrə bölündüyünü söyləyib, təsəvvürlər dövrü barədə tədbir iştirakçılarına məlumat verib.

 

 

Milli Məclisin deputatı Sadiq Quliyev mənfur düşmənlərimizin tarixən türkləri parçalamaq, türk dövlətlərinin birləşməyinin qarşısını almaq fikrində olduqlarını söyləyib, 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsinin onların bu planlarını sarsıtdığını qeyd edib.

 

AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev  Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yaradılmasının dövlətçiliyimiz üçün əhəmiyyətli addım olduğunu vurğulayıb, ADPU-nun 100 ildən artıq tarixə malik müəllim yetişdirən məbəd olduğunu qeyd edib, tələbələrin gələcəkdə pedaqoji kadr olaraq Qərbi Azərbaycan həqiqətlərini şagirdlərə çatdıracağını dilə gətirib.

 

Milli Məclisin deputatı Musa Urud isə Qərbi Azərbaycan İcmasının fəaliyyətə başladığı dövrdən etibarən qarşıya qoyulan əsas məqsədlərə nail olunduğunu, bu qurumun fəaliyyəti nəticəsində qərbi azərbaycanlılar barədə beynəlxalq təşkilatlarda çıxışlar səsləndirildiyini, xaricdə məqalələrin çap etdirildiyini söyləyib.

 

Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı Nazir Əhməd isə indiki Ermənistan ərazisinin tarixən azərbaycanlılara məxsus olduğunu bildirib, fikirlərini faktlarla əsaslandırıb.