Azərbaycan Tələbə Liqasında növbəti tur davam edir


Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi 2008-ci ildən fəaliyyət göstərir. ATFF İB-nin məqsədi futbol idman növünə daha çox tələbələri cəlb etmək üçün optimal şərait yaratmaq, gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək, tələbə futbolçuların ustalıqlarını artırmaqdan ibarətdir. ATFF İB-nin vəzifələri tələbələrin futbol üzrə respublika və beynəlxalq yarışlarının keçirilməsini təşkil etmək, bədən tərbiyəsi və idman üzrə dövlət proqramına uyğun olaraq futbolu inkişaf etdirmək, ölkədə idmanın inkişafı ilə bağlı aparılan islahatları təbliğ etməkdir.

 

Azərbaycan Tələbə Liqası ATFF İB-nin 12 iyul 2023-cü il tarixli VI növbəti hesabat-seçki konfransında yaradılıb. Liqada 12 ali təhsil müəssisəsi iştirak edir.

 

Azərbaycan Tələbə Liqasının məqsədi ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği  və onlar arasında bu idman növünə marağın artırılması; perspektivli idmançıların aşkar edilməsi və onların ustalardan ibarət komandalara cəlb edilməsinə zəmin yaradılması; futzal üzrə yığma komandasının formalaşdırılması və həmin komandanın beynəlxalq yarışlarda iştirakının təmin edilməsidir.

 

Qeyd edək ki, Azərbaycan Tələbə Liqasının yarışları  Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə həyata keçirilir. Cari ilin noyabr ayında start verilən yarışlara may ayında yekun vurulacaqdır.

 

Oyunları AFFA-nın Hakimlər Departamenti tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir.

 

Çempionata yekun vurularkən I yeri tutaraq  qızıl medal alan komanda Avropada UEFA-nın universitetlər arasında keçirdiyi qitə çempionatında iştirak etmək hüququ qazanır.

 

Çempionatda “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu”, “Ən yaxşı qapıçı” nominasiyaları üzrə fərqlənən futbolçular  isə AFFA tərəfindən mükafatla təltif olunurlar.

 

Azərbaycan Tələbə Liqasında I dövrə

 

Azərbaycan Tələbə Liqasına 17 noyabr 2023-cü il tarixində start verilib. İlk oyun Azərbaycan Texniki Universitetinin idman zalında keçirilib. A qrupunda mübarizə aparan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandalarının qarşılaşmasında oyun 2:2 hesabı ilə başa çatıb. Liqanın I dövrə oyunlarına 18 dekabr 2023-cü il tarixində yekun vurulub. Oyunların nəticələrinə görə, liqanın A və B qruplarında ən çox xal toplayan Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyasının komandaları birinci altılıqda, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universitetinin komandaları isə ikinci altılıqda mübarizəni davam etdiriblər.

 

Azərbaycan Tələbə Liqasında II dövrə

 

Liqanın 2-ci dövrə oyunları bu ilin fevral ayının 23-də keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandalarının qarşılaşması olub. Maraqlı idman mübarizəsində keçən oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası 5:1 hesabı ilə qalib gəlib.

 

Yarış “CBC Sport” telekanalı tərəfindən canlı yayımlanıb.

 

Tələbələr arasında futzal turniri

 

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turniri də  cari ilin 20 fevral tarixində başlayıb. Futzal turnirinə  5 mart tarixində yekun vurulacaqdır.Turnirdə Azərbaycan Tələbə Liqasında çıxış etməyən ali və orta ixtisas təhsili müəssisələrindən 19 komanda mübarizə aparır. Oyunlar 5 qrup üzrə Bakı, Gəncə, Şirvan şəhərlərində keçirilir. Mart ayında yekun vurulacaq turnirin qaliblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunacaq.

 

Turnir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.

 

Rəşad ZİYADOV