Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi və müəllimləri “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrini ziyarət etməyə başlayıblar.

 

İnstitutun ilahiyyat fakültəsinin təşəbbüsü ilə həyata keçirilən “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, həmçinin dövrün tələblərinə cavab verən yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

 

Layihə çərçivəsində ilahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova, islamşünaslıq kafedrasının müəllimləri – Vüqar Səmədov və Faiq Əhmədzadə Sumqayıt şəhərində yaşayan bir neçə tələbənin ailəsini ziyarət ediblər.

 

Valideynlərə universitetdə tələbələr üçün yaradılmış elm və təhsil mühiti, həmçinin övladlarının təhsil nəticələri haqqında məlumat verilib. Hər bir tələbənin elmi və yaradıcılıq potensialı nəzərə alınaraq, onların gələcək perspektivləri haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün artırılması və formalaşdırılması, intellektual səviyyələrinin yüksəldilməsi, yüksəkixtisaslı dinşünas və islamşünas kadrlar kimi yetişdirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir.