"Technogym Azerbaijan" şirkəti  Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və müəllimləri ilə birgə (AzMİU) Gürcüstanda “Hotel Fitnes Mərkəzinin Daxili mühitinin yaradılması” layihəsini gerçəkləşdirəcəklər.

 

İtaliya-Azərbaycan Dizayn Mərkəzi, "Technogym Azerbaijan" şirkətinin təşkilatçılığı ilə keçiriləcək layihənin  əsas məqsədi “Dizayn” ixtisası üzrə təhsil alan tələbələrlə birgə Hotel fitnes mərkəzinin daxili dizaynı ilə bağlı trendlər və tələbləri araşdırmaq, onun əsasında layihələr icra etməkdir.

 

Layihənin ilk günü İtaliya-Azərbaycan Dizayn Mərkəzində "Technogym Azerbaijan" şirkətinin əməkdaşı Gürcüstanda reallaşdırılması nəzərdə tutulan layihə barədə geniş təqdimatla çıxış edib.  Mühit dizaynı kafedrasının müəllim və tələbələrinin iştirak etdiyi görüşdə universitet, şirkət və tələbə tandemi, layihəyə qoyulan tələblər, görüləcək işlər, diqqət olunmalı məqamlar ətrafında söhbət aparılıb.

 

Şirkətin əməkdaşı qeyd edib ki, layihə 2023/2024-cü tədris ilinin yaz semestrini əhatələməklə,  fevralın 15-dən mayın 25-nə qədər aparılacaq. Layihə tələbələrə yaz semestri ərzində kurs işi tapşırığı kimi veriləcək və tədris proqramına uyğun olaraq həyata keçiriləcək. Layihədə iştirak edəcək müəllimlər öncədən şirkətin məhsulları və onların özəllikləri barədə məlumatlanacaq, mütəxəssislər  tərəfindən təlimatlandırılacaqlar. Layihənin sonunda təqdim olunmuş işlər həm kurs işi kimi qiymətləndiriləcək.

 

Müsabiqədə qalib gələn tələbələrə hədiyyə və sertifikatlar veriləcək,  onlar şirkətlə əməkdaşlığa cəlb olunacaq.  Müsabiqənin münsiflər heyəti qismində isə  "Technogym Azerbaijan" şirkətinin Memarlıq və interyer Dizayn üzrə direktoru Cristian Brugnolinin iştirakı nəzərdə tutulub.

 

Tələbələr layihəyə qoşulmaqla potensial müştəri ilə danışıqlar əsasında idman məqsədli məkanın müasir avadanlıq və tələblərə uyğun interyer həlli üçün alqoritm quracaq, biznes planın tərtibatından başlayaraq, izahat vərəqi və smeta təqdimatı, həmçinin müəyyən bir obyekt üçün lazım olan antropoloji və erqonomik tələblərini hazırlayacaqlar.

 

Qeyd edək ki, fitnes mərkəzinin dizayn işi sifarişçinin marketinq siyasəti və məhsulunun tipologiyasına uyğun olaraq hazırlanacaq.  Layihə iştirakçılarına  https://www.technogym.com/en-INT/hotel-business-solution/ saytında təqdim olunan "Technogym Hotel Solution" materiallarının məhsul kataloqundan istifadə imkanı yaradılacaq.  Eləcə də Technogym Interior Design səhifəsində qeydiyyatdan keçməklə tələbələr fitnes avadanlıqlarının 2D/3D/BIM modellərini, DWG və 3DS modellərini isə https://bit.ly/4262Ab7 linki vasitəsilə əldə edə biləcəklər.